YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycanın müstəqilliyinin bərpası və xarici siyasət strategiyası”

Oktyabrın 8-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının və YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycanın müstəqilliyinin bərpası və xarici siyasət strategiyası” mövzusunda tədbir keçirilib.

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, bu gün Azərbaycan yerləşdiyi bölgədə baş verən siyasi, iqtisadi və geostrateji proseslərə təsir göstərmə gücünə malik bir ölkəyə çevrilib. Azərbaycan xarici siyasət sahəsində əlaqələrini əhəmiyyətli dərəcədə genişləndirib və beynəlxalq arenada daha güclü bir mövqe tutmağı bacarıb.

B.Nəbiyev söyləyib ki, Azərbaycan beynəlxalq kontekstdə xarici siyasət uğurları, xüsusilə Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən sonra yeni bir geosiyasi mövqe formalaşdırıb.

YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının milli maraqlarına əsaslanan xarici siyasət kursundan ətraflı bəhs edib. O qeyd edib ki, müasir Azərbaycan dövlətçiliyinin təməlinin qoyulması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

A.Rəhimzadənin sözlərinə görə, Ümummilli Lider xalqın dəvəti ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin dinamik inkişafının əsas istiqamətlərini müəyyənləşdirdi: “O, ölkəni parçalanmaq və dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Ölkənin iqtisadi qüdrəti artdı, siyasi mövqeyi möhkəmləndi. Azərbaycan beynəlxalq aləmdə müstəqil dövlət kimi varlığını təsdiqlədi, müstəqil siyasəti ilə yerini və rolunu möhkəmləndirdi. Beynəlxalq təşkilatlar səviyyəsində əlaqələr yüksələn xətt üzrə inkişaf etdi.  1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu.  1995-ci ildə ümumxalq səsverməsi ilə yeni Konstitusiyanın qəbul edilməsi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində dönüş mərhələsi oldu. Bu gün Azərbaycan Konstitusiyanın tələblərinə və suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.

YAP Veteranlar Şurasının üzvü Arif Qaraşov Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətlərindən, məqsədyönlü siyasətinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, Azərbaycanın müstəqillik illərində həyata keçirdiyi xarici siyasət ölkəmizin dayanıqlı inkişafının və regional sabitliyin təminatçısıdır. Bu siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur: “Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövr həm də milli oyanışın, tərəqqinin və müstəqil dövlət quruculuğunun əsas mərhələsi kimi yadda qalıb. Məhz Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, həm regional, həm də qlobal səviyyədə etibarlı tərəfdaş kimi tanınır”.

YAP Təftiş Komissiyasının üzvü, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qeyd edib ki, 1991-ci il oktyabrın 18-də “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul olunması ilə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.

Səməd Seyidov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə müstəqilliyimizin təhlükə altına düşməsinin qarşısı alındı. Heydər Əliyevin xarici siyasətinin müdrik əsasları ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsinə və gələcək nəsillər üçün sülh, təhlükəsizlik və tərəqqi mühitinin yaradılmasına zəmin yaratdı: “Prezident İlham Əliyevin rəhbərliyi ilə uzun illər həm iqtisadi, siyasi, hərbi, həm də diplomatik sahədə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, Azərbaycan Vətən müharibəsində inamlı Qələbə qazandı, lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa olundu”.

Tədbir interaktiv formada davam edib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv