YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Romada Xəzəryanı bölgədə cərəyan edən proseslər müzakirə olunub

Roma Tre Universitetində Azərbaycanın İtaliyadakı səfirliyinin təşkilatçılığı ilə “Xəzər dənizi, Avro-Atlantika “şahmat” oyunu” mövzusunda konfrans keçirilib.
Universitetin professoru Marko Valicinin moderatorluğu ilə keçirilmiş tədbirdə İtaliyanın akademik, dövlət və işgüzar dairələrinin nümayəndələri, müvafiq sahədə təcrübəli mütəxəssislər, bu təhsil ocağının müəllim və tələbələri bir araya gəliblər.
Tədbirdə çıxış edən Roma Tre Universitetin rektoru, professor Mario Panizza rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb. Bildirib ki, universitet beynəlxalq əlaqələrini genişləndirməyə xüsusi önəm verir. Bu istiqamətdə Azərbaycanın təhsil qurumları ilə əməkdaşlıq böyük əhəmiyyət kəsb edir.
Universitetin prorektoru, professor xanım Françeska Kantu çıxış edərək qısa zaman kəsiyində Azərbaycanın əldə etdiyi nailiyyətləri təhlil edib. Vurğulayıb ki, Azərbaycanda gənclər və təhsil sahələrinə xüsusi diqqət göstərilir. Bu baxımdan ölkələrimizin təhsil qurumları arasında müxtəlif səviyyələrdə əməkdaşlığın, əsasən də tələbə mübadiləsinin gələcəkdə daha da artırılması böyük əhəmiyyətə malikdir.
Azərbaycan-İtaliya münasibətlərinə toxunan Roma Tre Universitetinin siyasi elmlər departamentinin rəhbəri Françesko Quido Xəzər bölgəsində yerləşən ölkələrin xarici siyasəti haqqında danışıb. Qeyd edib ki, bu cür konfranslar Xəzər regionunda cərəyan edən siyasi proseslərlə daha yaxşı tanış olmaq üçün geniş imkanlar yaradır.
Xəzəryanı ölkələrin coğrafi mövqeyi və strateji əhəmiyyəti barədə danışan Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov bildirib ki, hələ qədim zamanlardan bu bölgə enerji ilə zəngin olub. Məhz bu amil Xəzər bölgəsinin daim diqqət mərkəzində olmasına yol açıb.
Azərbaycanda neft sənayesinin tarixindən söz açan səfir diqqətə çatdırıb ki, 1847-ci ildə ilk dəfə Bakıda sənaye əhəmiyyətli neft əldə olunub və bununla da ölkəmizdə neft sənayesinin inkişafı dövrü başlanıb. XX əsrin əvvəllərində dünyada istehsal olunan neftin 51 faizi Bakının payına düşürdü. İtaliyalılar Xəzər nefti ilə bağlı ilk məlumatları tanınmış italyan səyyahı Marko Polonun qeydlərindən əldə ediblər.
Xəzərin statusuna dair məqamları təhlil edən V.Sadıqov bu məsələnin Xəzəryanı ölkələr arasında əsas müzakirə mövzularından biri olduğunu söyləyib və bununla bağlı Azərbaycanın mövqeyini diqqətə çatdırıb. O deyib: “Azərbaycan Xəzərin statusu ilə bağlı mövqeyini müstəqilliyini bərpa etdikdən sonra qəti şəkildə bəyan edib və bu məsələ Konstitusiyada da öz əksini tapıb. Bu mövqeyə əsasən hər bir Xəzəryanı ölkə orta xətt üzrə bölünmüş və ona məxsus sektor üzərində suverenlik hüququna malikdir. Hər bir dövlətin öz sektoruna olan hüquqları beynəlxalq hüquq normaları ilə qorunmalıdır. Ümid edirik ki, bu məsələ ədalətli şəkildə həllini tapacaq”.
Səfir bildirib ki, Xəzərin enerji resursları ilə zəngin olması və bu bölgədə irimiqyaslı neft-qaz boru kəmərləri layihələrinin həyata keçirilməsi sahilyanı ölkələrin dünya enerji bazarında rolunu möhkəmləndirir. Bu baxımdan Azərbaycanın təşəbbüsü ilə reallaşan və iştirakçısı olduğu layihələr xüsusi əhəmiyyət kəsb edir. Hazırda Avropa üçün mühüm layihə hesab olunan “Cənub” qaz dəhlizinin həyata keçirilməsi istiqamətində real işlər görülür. Bu layihənin vacib hissəsi olan TAP-ın reallaşması ilə 10 milyard kubmetr Azərbaycan qazı İtaliya vasitəsilə Avropa bazarına çıxarılacaq. Bununla da Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında əsas ölkəyə çevriləcək.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir diqqətə çatdırıb ki, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələr, eləcə də digər beynəlxalq təşkilatlar münaqişənin həlli ilə bağlı sənədlər qəbul edib. Lakin bu sənədlərə hələ də əməl olunmur. Hazırda münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqlar prosesi davam etdirilir.
Tədbirdə çıxış edən İtaliyanın sabiq xarici işlər nazirinin müavini xanım Marta Dassu konfransın böyük maraq kəsb etdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, müzakirə edilən mövzunun strateji baxımdan önəmli bir bölgə ilə bağlı olması tədbirə daha da maraq qatır.
Ölkələrimiz arasındakı əlaqələrin hazırkı müsbət gedişatından məmnunluğunu bildirən M.Dassu Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlərin təqdirəlayiq olduğunu söyləyib. O, İtaliyanın müvafiq istiqamətdə Azərbaycana dəstəyini göstərəcəyinə əminliyini bildirib.
İtaliyanın Bolonya Universitetinin professoru xanım Sonia Luçarelli və ABŞ-ın Con Hopkins Universitetinin professoru Paolo Kalzini çıxış edərək enerji məsələləri və terrorizmlə mübarizə baxımından Xəzər bölgəsinin strateji önəmini vurğulayıblar. Onlar Avropa İttifaqının və Rusiyanın Qafqaz və Xəzər bölgəsinə həssaslıqla yanaşdıqlarını diqqətə çatdırıblar.
Tədbirdə, həmçinin Marko Valicinin müəllifi olduğu “Xəzər. Təhlükəsizlik, münaqişələr və enerji resursları” adlı kitabın təqdimatı olub. Nəşrlə bağlı fikirlərini bölüşən çıxışçılar bildiriblər ki, kitab Xəzər bölgəsində cərəyan edən proseslərin siyasi, iqtisadi və hüquqi nöqteyi-nəzərdən təhlil olunduğu, regionla bağlı araşdırmaların toplandığı önəmli məlumat mənbəyidir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və müvafiq mövzu ilə bağlı müzakirələr aparılıb.