YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti qətiyyətli siyasi iradə nümayiş etdirir

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

44 günlük müharibədə möhtəşəm qələbə qazanaraq öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edən qüdrətli Azərbaycan yeni mərhələdə də strateji hədəflərini ardıcıl olaraq gerçəkləşdirir. Postmüharibə dövrünün reallıqları ölkəmizin qətiyyətli mövqeyini, siyasi-diplomatik nailiyyətlərini əks etdirir. Məhz Prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı səsləndirdiyi fikirlər də bu gerçəkliyin üzərinə işıq salır.

Böyük  Qayıdış ən yüksək  səviyyədə təmin ediləcək

Azərbaycan Prezidentinin həmin səfər zamanı ifadə etdiyi fikirlər ölkəmizin işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq və zəruri infrastrukturun yaradılması, o cümlədən Böyük Qayıdışla bağlı işləri ən yüksək  səviyyədə təmin etmək iqtidarında olduğunu göstərdi. Dövlət başçısı görülən işlərdən və bu istiqamətdə qarşıda duran vəzifələrdən, gələcək  hədəflərdən bəhs etdi. Bu, qalib Azərbaycanın qətiyyətli liderinin siyasi iradəsinin və ölkəmizin iqtisadi gücünün ifadəsi idi.

Ermənistana növbəti ciddi xəbərdarlıq

Bunlarla yanaşı, Müzəffər Ali Baş Komandanımız üçtərəfli Bəyanatın bir sıra tələblərini yerinə yetirməyən, təxribatlar törətməklə beynəlxalq hüquq normalarını pozan işğalçı Ermənistana, onun hamilərinə növbəti dəfə ciddi xəbərdarlıq etdi. Dövlət başçısı, həmçinin sərhədlə bağlı yaranmış vəziyyətə dair Azərbaycanın mövqeyini bir daha prinsipial şəkildə diqqətə çatdırdı. Məlumdur ki, Azərbaycan sərhədlərini möhkəmləndirmək üçün ciddi addımlar atıb və bu məsələdə qətiyyətli mövqe sərgiləyir. İndi sərhədçilərimizin yerləşdiyi ərazilər məhz Azərbaycan torpaqlarıdır və yeni sərhədlər də oradan keçəcək. Prezident İlham Əliyevin “Biz düz yerdə durmuşuq, harada lazımdır, orada durmuşuq və əgər istəsək, harada lazım bilsək, orada da duracağıq”,-deyə bildirməsi isə konkret və birmənalı mövqeyin nümayişi, siyasi iradənin ifadəsidir.

Tarixi irsimizə sahib çıxmaq ən mühüm vəzifələrdəndir

Azərbaycan Prezidentinin bəhs olunan səfər zamanı səsləndirdiyi fikirlər, eyni zamanda, tarixi yaddaşımızı möhkəmləndirmək üçün qarşımıza yeni vəzifələr qoyur. Dövlət başçısı qeyd etdi ki, “indiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır. Bütün qədim yəni, tarixi adlar bərpa edilməlidir”. Əlbəttə, belə olan halda, elm xadimləri, ictimai fəallar, media nümayəndələri həmin yaşayış məntəqələrinin adlarını əks etdirən toponimlərin daha geniş miqyasda istifadə olunması, populyarlaşdırılması istiqamətində öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər. Bu, tarixi irsimizə sahib çıxmaq baxımından önəmli olmaqla yanaşı, xalqımızın qədim, doğma torpaqlarımıza qayıtmaq haqqını, əzmini ifadə edən mühüm amildir.

 Tarixi qələbəmizin diplomatik müstəvidə möhkəmləndirilməsi böyük əhəmiyyət daşıyır

Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə postmüharibə mərhələsində görülən işlər Azərbaycan dövlətinin tarixi qələbəsinin siyasi və diplomatik müstəvidə möhkəmləndirilməsi üçün müstəsna əhəmiyyət daşıyır. Bu istiqamətdə əldə edilən nailiyyətlər isə bütün milli məqsədlərin reallaşdırılmasına geniş imkanlar yaradır.