YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizədə KİV-lərin rolu mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun iştirakı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizədə kütləvi informasiya vasitələrinin rolu” mövzusunda Azərbaycan Respublikası Nazirlər Kabinetində görüş keçirilib.

Dövlət Komissiyasının İşçi qrupundan bildiriblər ki, tədbirdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə ilə bağlı KİV tərəfindən həyata keçirilməsi nəzərdə tutulan işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Görüşdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov çıxış edərək bildirib ki, narkomanlığın və narkotik vasitələrin qanunsuz dövriyyəsinin müasir cəmiyyətin üzləşdiyi ən ciddi və təhlükəli qlobal problemlərdən biridir. Bütövlükdə bəşəriyyətin müasir gündəliyində duran ən vacib məsələ narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı səmərəli mübarizənin təşkil edilməsidir. Ölkəmizdə də narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin dövlət səviyyəsinə qaldırılması, ölkə ərazisində hüquq-mühafizə orqanlarının fəaliyyətinin səmərəsi artırılaraq narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı müsbət nəticələrin əldə olunması və bu istiqamətdə aparılan təbliğat-təşviqat, maarifləndirmə işlərinin KİV-in imkanlarından istifadə edilərək səmərəliliyinin daha da artırılmasının zəruriliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Digər çıxış edənlər narkomanlığa qarşı müasir informasiya vasitələrinin imkanlarından istifadə etməklə keçirilməsi nəzərdə tutulan maarifləndirmə tədbirlərinə dair təşəbbüsləri dəstəkləyərək, narkomanlığın ailədə və cəmiyyətdə doğurduğu arzuolunmaz nəticələr barədə KİV tərəfindən geniş maarifləndirmə işinin aparılmasının əhəmiyyətini vurğulayıblar.

Görüşün yekununda antinarkotik təbliğatın təşkili istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi, narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və bununla bağlı problemlər haqqında vətəndaşlar arasında maarifləndirmə işinin aparılması məqsədilə aidiyyəti dövlət qurumları tərəfindən sosial çarxların hazırlanması və KİV tərəfindən geniş işıqlandırılması, narkomanlığın zərəri ilə bağlı sənədli filmlərin və süjetlərin çəkilməsi, problemin mahiyyətini ifadə edən müəllif yazılarının və araşdırmalarının hazırlanması, aidiyyəti dövlət orqanlarının mütəxəssislərini cəlb etməklə xüsusi verilişlərin təşkilinə dair müvafiq tövsiyələr verilib və qərarlar qəbul olunub.