YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İşğaldan azad edilmiş torpaqlarda aparılan bərpa yenidənqurma işləri daha da sürətlənəcək

Milli Məclisin deputatı

Ağalar Vəliyev

Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri  tarixi hadisəyə çevrildi və bir sıra mühüm açıqlamalarla yadda qaldı. İşğaldan azad edilmiş digər rayonlara baş tutan səfərlər kimi Kəlbəcər-Laçın səfəri də onu göstərdi ki, dövlətimiz qısa zaman kəsiyində Qarabağda və Şərqi Zəngəzurda iri infrastruktur layihələrinin işə düşməsində, şəhər və kəndlərin bərpasında, kommunikasiya sistemlərinin yenidən qurulmasında və nəticədə Böyük Qayıdışın sürətlənməsində ciddi iradə nümayiş etdirir.

Bu fikirləri Milli Məclisin deputatı Ağalar Vəliyev KİV-ə açıqlamasında söyləyib.

Millət vəkili qeyd edib ki, işğaldan azad olunmuş digər rayonlar kimi Kəlbəcər və Laçın rayonları da dövlətimizin başçısının göstərişi ilə sürətlə bərpa olunur və yeni bölgəsəl layihələr, eləcə də Böyük Qayıdışı şərtləndirən infrastruktur zəmin hazırlanır. Prezident  İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın səfər çərçivəsində Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunelin təməlini qoyması, tamamilə yenidən qurulan Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası ilə tanış olması, 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının açılışında iştirak etməsi, uzunluğu 72,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunun üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin, Laçın Beynəlxalq Hava Limanının təməlini qoyması bir daha Qarabağ və Şərqi Zəngəzurun cənnət guşəyə çevriləcəyindən soraq verir və regional layihələrin həyata keçirilməsində dövlətimizin iradəsini nümayiş etdirir. Bu zonaların bərpası insanların buraya qayıdışı, sahibkarlıq fəaliyyəti üçün yeni imkanlar açacaq.

Ağalar Vəliyevin sözlərinə görə, verdiyi açıqlamalarda istənilən məsələyə mükəmməl yanaşma nümayiş etdirən Prezident İlham Əliyev Kəlbəcər və Laçın səfəri zamanı da ermənilərə və onların havadarlarına tarix dərsi keçdi. Basarkeçər-Kəlbəcər yolundan söz açan dövlətimizin başçısı bildirib ki,  Basarkeçər rayonuna Ermənistanda "Vardenis" rayonu deyilir. Ancaq bu rayonun, bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır. 1930-cu ildə Basarkeçər rayonu Ermənistan ərazisində yaradılıb. Orada yaşayanların da mütləq əksəriyyəti azərbaycanlılar olmuşdur. O cümlədən Zod kəndinin sakinləri də azərbaycanlılar idi, deportasiyaya məruz qalmışlar. Yalnız 1969-cu ilin iyun ayında Ermənistan Basarkeçər rayonunu, onun adını dəyişdirərək ona “Vardenis” adı qoymuşdur. Xahiş edirəm ki, Azərbaycanda bu bölgə ilə bağlı hazırlanan reportajlarda və ümumiyyətlə, bizim ümumi leksikonumuzda “Vardenis” yox, Basarkeçər adı bərpa edilsin. 

Deputat  söyləyib ki, cənab Prezidentin Kəlbəcər və Laçın rayonlarına səfəri bu rayonlar ərazisində son günlər atəşkəsin ermənilər tərəfindən davamlı olaraq pozulduğu bir şəraitdə xüsusilə ciddi əhəmiyyət kəsb edir. Son zamanlar Prezidentin Ermənistanın hamilərinə və dünya birliyinə kifayət qədər ciddi və açıq mesajlar ünvanlaması beynəlxalq və yerli mətbuatda, sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Təsadüfi deyil ki, Ermənistanın atəşkəsi mütəmadi şəkildə pozması, onların hamilərindən gələn ziddiyətli bəyanatlar cəmiyətimizdə haqlı etiraz doğurur, yeni müharibə cəhdlərinə çağırış kimi qiymətləndirilir. Lakin Prezidentimizin verdiyi açıqlamalardan belə bir əminlik hasil oldu ki, Azərbaycanın Ermənistanla sərhədlərində baş verə biləcək ən kiçik insident belə dövlətimizin nəzarətindədir.

Milli Məclisin üzvü onu da vurğulayıb ki, Kəlbəcər və Laçın boyu sərhədlərimiz möhkəmləndirildikdən sonra işğaldan azad edilmiş torpaqlarda  əbədi olaraq Azərbaycan bayrağı dalğalanacaq, mövqelərimiz gücləndiriləcək, bərpa-yenidənqurma işləri daha sürətlə aparılacaq və keçmiş məcburi köçkünlər tədricən öz yurdlarına qaytarılacaq.