YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Türkiyə əlaqələri daha da möhkəmlənir

Fevralın 25-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.
Nazirlər əvvəlcə təkbətək, sonra geniş tərkibli görüşlər keçiriblər. Daha sonra birgə mətbuat konfransında görüşlərdə müzakirə olunan məsələlər barədə məlumat verilib.
Elmar Məmmədyarov deyib ki, görüşlərdə türkiyəli həmkarını Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların hazırkı durumu, həmsədrlərin regiona səfəri barədə məlumatlandırıb. O xatırladıb ki, Türkiyə ATƏT-in Minsk qrupunun üzvüdür və Cənubi Qafqazda tezliklə sülhün bərqərar olmasını və Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsini dəstəkləyir.
E. Məmmədyarov keçən ay Azərbaycan, Türkiyə, Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün keçirildiyini xatırladıb və bu istiqamətdə işlərin davam etdiriləcəyini deyib. Bildirib ki, keçən həftə İranın xarici işlər naziri Bakıda olarkən yaxın zamanda İranda Azərbaycan, Türkiyə, İran xarici işlər nazirləri səviyyəsində növbəti üçtərəfli görüşün keçiriləcəyi razılaşdırılıb. Bundan başqa, yaxın bir–iki ay ərzində Gürcüstanda da xarici işlər nazirləri səviyyəsində görüş keçiriləcək.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Azərbaycana hər səfərində ölkənin daha da inkişaf etdiyini görməsi onu çox sevindirir. Nazir Türkiyə-Azərbaycan əlaqələrinin getdikcə daha da möhkəmləndiyini, xüsusilə də iqtisadi sahədə əməkdaşlığın genişləndiyini diqqətə çatdırıb. M. Çavuşoğlu ölkələrimizin bir çox müştərək layihələr həyata keçirdiyini bildirib, TANAP, Bakı-Tbilisi-Qars layihələrini misal çəkib. O deyib ki, bu layihələr bizim üçün strateji əhəmiyyət kəsb edir.
M.Çavuşoğlu nazirlər səviyyəsində keçirilən üçtərəfli görüşlərin əhəmiyyətini də qeyd edib. Nazir Azərbaycanın və Türkiyənin hər zaman bir-birinin yanında olduğunu, əlaqələrimizin daha da inkişaf edəcəyini vurğulayıb.
M.Çavuşoğlu Antalyada keçiriləcək “G-20” sammitinə rəhbərliyin Türkiyə üçün böyük şərəf olduğunu deyib. Bildirib ki, Türkiyə Prezidenti bununla bağlı artıq “G-20” ölkələrinə səfərlər etməyə başlayıb. Bildiyiniz kimi, biz bu sammitə Azərbaycanı da dəvət etmişik. Azərbaycanın bu sammitə qatılması Türkiyəyə də güc verəcək.
Türkiyəli nazir Ermənistanın yürütdüyü təcavüzkar siyasətlə özünü təcrid vəziyyətinə saldığını bildirib. Qeyd edib ki, əgər Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilərsə, Azərbaycanın ərazi bütövlüyünə hörmət edərsə, birgə işlərimizə bu ölkə də qoşula bilər.
Xocalı soyqırımından bəhs edən M.Çavuşoğlu deyib: “Biz bu faciəni törədənləri lənətləyirik”.