YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Çex Respublikası arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığa dair nümunəvi saziş layihəsi hazırlanıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ilə Çex Respublikasının Azərbaycandakı səfiri Vitezslav Pivonka arasında görüş olub.
Nazirlikdən bildiriblər ki, görüşdə S.Müslümov Azərbaycan ilə Avropa İttifaqının üzvü olan Çex Respublikası arasında münasibətlərin inkişafından bəhs edib. Nazir iki ölkənin prezidentlərinin, eləcə də ayrı-ayrı sahələr üzrə rəsmi nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin siyasi və iqtisadi, habelə humanitar əlaqələrin güclənməsinə səbəb olduğunu, qarşıdakı dövrdə daha geniş əməkdaşlıq sahələrini əhatə etməsinə imkan yaratdığını vurğulayıb.
Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində ölkəmizin əldə etdiyi mühüm tarixi nailiyyətlər barədə səfirə məlumat verən nazir Azərbaycanda əmək siyasətinin, habelə respublika əhalisinin 23 faizdən çoxunu əhatə edən sosial təminat sisteminin təkmilləşdirilməsi sahəsində aparılan islahatlardan da söz açıb. Bildirib ki, bu gün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) üçün prioritet fəaliyyət sahələrindən biri də beynəlxalq əməkdaşlığın gücləndirilməsidir. Bu, bizə aparılan islahatlarda dünyanın mütərəqqi təcrübələrini öyrənməyə və tətbiq etməyə, habelə ayrı-ayrı ölkələrlə müvafiq iş sahələrində fəal təcrübə mübadilələri aparmağa imkan verir.
Hazırda ƏƏSMN-in Avropa İttifaqının üzvü olan bir sıra ölkələrin aidiyyəti qurumları ilə əməkdaşlıq təcrübəsinə malik olduğunu qeyd edən S.Müslümov bildirib ki, Azərbaycan ilə Çex Respublikası arasında münasibətlərin getdikcə inkişaf etməsi əmək və sosial müdafiə sahəsində də əməkdaşlıq əlaqələrinin qurulmasına şərait yaradıb. Ötən dövrdə sosial müdafiənin bir sıra aspektləri ilə bağlı Azərbaycandan nümayəndə heyətləri Çexiyada olaraq, bu ölkənin təcrübəsini öyrəniblər.
Nazir deyib ki, Azərbaycan ilə Çex Respublikası arasında əmək, əməyin mühafizəsi və məşğulluq, peşə standartlarının hazırlanması və tətbiqi, əmək bazarı statistikasının təkmilləşdirilməsi, işçi resurslarının keyfiyyətcə yüksəldilməsi, işsiz və işaxtaran şəxslərin sosial müdafiəsi, onların əmək bazarına inteqrasiyası, həssas qruplar üçün sosial xidmətlərin təşkili və digər sahələr üzrə sistemli əməkdaşlıq əlaqələrinin qurulması məqsədyönlü addım olardı. Bu sahələrlə bağlı əməkdaşlığın həyata keçirilməsi üçün nümunəvi saziş layihəsi hazırlanıb və Çex Respublikasının aidiyyəti dövlət qurumuna göndərilməsi nəzərdə tutulub.
V.Pivonka Azərbaycan-Çexiya münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib, ölkəsinin respublikamızla əməkdaşlığı daim genişləndirmək əzmində olduğunu vurğulayıb. O, iki ölkə arasında əməkdaşlığın əmək və sosial müdafiə məsələlərini də əhatə etməsi, bu yöndə uğurlu addımların atılması üçün səfirlik tərəfindən müvafiq səylərin göstəriləcəyini diqqətə çatdırıb.