YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi zərurətdir

İlqar İlyasov,

YAP Laçın rayon təşkilatının sədri

Ermənistan cəmiyyəti gec də olsa anlamağa başlayır ki, post-müharibə dövründə onun yeganə çıxış yolu inkişafını tormozlayan əsassız, qeyri-hüquqi iddialardan əl çəkmək, konstruktiv mövqe sərgiləyərək Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaqdır. Ağır məğlubiyyət fonunda regionun yeni reallıqlarını qəbul etmək istəməyən revanşist qüvvənin Ermənistanda hakimiyyət gəlməsi mümkün deyildi. Ermənistanda olan revanşistlərin 10 noyabr üçtərəfli sazişinin müddəalarını dəyişmək istəyi, yeni reallıqlar yaratmaq imkanları sıfra bərabərdir. Hətta Rusiya Prezidenti Vladimir Putin bunu siyasi intihara bərabər addım kimi dəyərləndirib. Məhz bu səbəbdən də N.Paşinyana seçkilərdə dəstək verən erməni xalqı sülh və sabitlikdə maraqlı olduğunu nümayiş etdirib. Bunu Prezident İlham Əliyev də açıq bildirib: “Vladimir Vladimiroviç kütləvi informasiya vasitələrinə müsahibəsində növbəti dəfə göstərdi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, ilk belə bəyanat deyil. Düşünürəm ki, bu, çox mühüm bəyanatdır. Özü də o, Ermənistanda 10 noyabr tarixli bəyanatın şərtlərinə yenidən baxmağa çalışan revanşçı qüvvələr üçün vacibdir”.

Ermənistandakı son seçkilərin nəticələri Avropada və Qərbdə müəyyən dövlətlərin, beynəlxalq təşkilatların reallığı daha düzgün şəkildə dərk edəcəklərini, Azərbaycana qarşı əsassız ittihamlara və mənasız təzyiq cəhdlərinə soy qoyacaqlarını, daha konstruktiv mövqe nümyiş etdirəcəklərini deməyə əsas verir. Çünki kənardan qızışdırılan qarşıdurma ritorikası indi heç Ermənistan cəmiyyəti tərəfindən də normal qəbul olunmur.

Prezident Rəcəb Tayyib Ərdoğan, eləcə də, Prezident İlham Əliyev əvvəllərdə, “Şuşa Bəyannaməsi” imzalandıqdan sonra jurnalistlər üçün keçirdikləri birgə brifinqdə də müharibədən sonra regionda Türkiyə, Gürcüstan, İran, Azərbaycan və Rusiyanın iştirakı ilə reallaşa biləcək yeni əməkdaşlıq formatında Ermənistanın da iştirakının mümkünlüyünü dəfələrlə qeyd ediblər. Azərbaycanın zəfər salnaməsinin müəllifi, Ali Baş Komandan İlham Əliyev də qətiyyətlə bildirir ki, əgər Ermənistan ağır məğlubiyyətindən nəticə çıxarmasa və onlarda yenidən revanşist meyillər baş qaldırsa, bu, işğalçı dövlət üçün çox ağır nəticələrə səbəb olacaq.

Cənubi Qafqazda kommunikasiya, eləcə də, iqtisadi əlaqələrin bərpası ötən il baş verən 44 günlük Vətən müharibəsindən sonra prioritet məsələlər sırasında yer alır. Bu, 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların da əsas müddəalarındandır. Azərbaycan həmin bəyanatlara uyğun olaraq kommunikasiya əlaqələrinin bərpasına xidmət edən mühüm addımlar atır. Horadiz-Ağbənd dəmir yolu, Əhmədbəyli- Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun çəkilməsinə start verməklə regionda kommunikasiya əlaqələrinin yaradılmasında əməli fəaliyyətə keçdiyini göstərir. Seçkilər ərəfəsində Ermənistan siyasiləri kommunikasiyanın açılması üzərindən manipulyasiya etməyə cəhdlər göstərdi, bu məsələdə Azərbaycan iqtidarı təmkin nümayiş etdirərək hər hansı reaksiya bildirmədi. Ermənistanda yeni hakimiyyətin formalaşması bu istiqamətdə işlərin fəallaşması ilə nəticələnməlidir. Təbii ki, Paşinyanın bu gün Moskvaya planlaşdırılan səfərində Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının həyata keçirilməsinin gedişinə nəzər salması ehtimal olunur. Xüsusi diqqət isə regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsinə ayrılacaq. Paşinyan hökuməti dərk edir ki, yalnız Azərbaycanla normal münasibətlər quracağı, ölkəmizin ərazi bütövlüyünü tanıyacağı, Türkiyəyə qarşı əsassız iddialara son qoyacağı təqdirdə regional layihələrə qoşula bilər. Belə olmasa, Ermənistanın bir dövlət kimi hansısa iqtisadi perspektivindən danışması mümkün deyil.