YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrini təkmilləşdirməklə, gücləndirməklə qalib Orduya çevirdi

“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şərəfli tarixi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə sıx bağlıdır. Bugünkü Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Ümummilli Liderin bu sahədə də siyasi kursunu uğurla davam etdirən müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrini təkmilləşdirməklə, gücləndirməklə qalib Orduya çevirdi”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü dövlət quruculuğu strategiyasının uğurla reallaşdırılması, güclü iqtisadi potensialın və böyük maliyyə imkanlarının yaradılması müasir ordu quruculuğu və hərbi məsələlərin yüksək səviyyədə həll edilməsinə də imkan yaratdı: “Bu məqsədlə hər il dövlət büdcəsində müdafiə xərclərinə böyük vəsait nəzərdə tutuldu, ölkənin müdafiə sənayesi yaradıldı, ordu ən müasir silahlarla təchiz edildi, ölkəmizin hərbi sahədə əməkdaşlıq əlaqələri genişləndirildi və nəticədə  Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasına daxil oldu. Bunun nəticəsi idi ki, 2016-cı il aprel döyüşləri və torpaqlarımızın bir qisminin işğaldan azad edilməsi, 2018-ci il Günnüt əməliyyatı Azərbaycan Ordusunun gücünü, qüdrətini, hərbçilərimizin vətənpərvərliyini, peşəkarlığını və qəhrəmanlığını nümayiş etdirən tarixi hadisə oldu”.

“İqtisadi güc, güclü ordu, milli həmrəylik və birlik, beynəlxalq səviyyədə uğurlar və bütün bunları təmin və təşkil edən, bütün resursları vahid amal uğrunda səfərbər etməyi bacaran müzəffər Ali Baş Komandan İlham Əliyev kimi liderin olması Vətən müharibəsində Qələbəni şərtləndirən amillər oldu” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, müharibə dövründə Prezident İlham Əliyev böyük sərkərdə, müzəffər Ali Baş Komandan kimi həm hərbi, həm də informasiya cəbhəsində mübarizə apardı, düşmən üzərində qələbəni təmin etdi: “Həmin dövrdə səfərbərlik orqanlarında ordu sıralarına yazılmaq üçün uzun növbələrin yaranması, hamının cəbhədən uğurlar haqqında məlumatı gözləməsi, azad edilmiş rayonların küçələrdə bayram edilməsi Vətən müharibəsinin tarixi əhəmiyyəti və xalqın öz ordusuna inamının, sevgisinin nümayişi idi. Azərbaycan Ordusu da öz tarixi missiyasını uğurla reallaşdırdı və ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Məhz, Vətən müharibəsi dövründə Azərbaycan hərbiçisinin nümayiş etdirdiyi cəsarət, rəşadət, qarşısına qoyulan bütün döyüş tapşırıqlarını şərəflə, dəqiqliklə yerinə yetirməsi nəticəsində bu gün Qalib Ordu obrazından, yeni əsrin müharibəsini aparmış Azərbaycan Ordusunun qüdrətindən danışılmaqdadır”.

Sədaqət Vəliyeva Prezident İlham Əliyevin 26 iyun – Silahlı Qüvvələr Günü ərəfəsindən 76 mindən artıq hərbçini təltif etməsi qalib Orduya olan diqqət və qayğının nəticəsidir: “Müzəffər Ali Baş Komandan qalib Ordunun cəsur, mərd hərbçilərini təltif etməklə onların daim diqqət mərkəzində olacağını, şəhidlərimizin daim uca tutulacağını, qazilərimizin hər zaman nümunə olacağını göstərdi. 30 ildən sonra 26 iyun – Silahlı Qüvvələr Gününü fərqli əhval-ruhiyyə, Qələbə sevinci ilə qeyd edirik. Çünki Azərbaycan Ordusu artıq Qalib Ordudur, torpaqlarını işğaldan azad etmiş, düşmənə tarixi dərs vermiş Silahlı Qüvvələrdir”.