YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərvin Kərimzadə: Şuşa Bəyannaməsi tarixə mühüm hadisə kimi həkk olundu

“Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir.  Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, Ümummilli Liderimiz Heydər Əliyevin əbədiyyətə qədər yaşayacaq “Biz bir millət, iki dövlətik” kəlamı qardaşlıq şüarı kimi daim iftixarla səslənir. Eyni zamanda, böyük öndər Mustafa Kamal Atatürkün dediyi kimi, sevincimiz də, kədərimiz də bir olub.”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki,  Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək   səviyyədə inkişafı təkcə bu iki dövlətin deyil, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana qətiyyətli siyasi və mənəvi dəstəyi və qazanılan zəfər regionda yeni reallıqlar yaratdı. Bütün dünya bir daha Azərbaycan-Türkiyə qardaşlığının təntənəsinin şahidi oldu.

Millət vəkili söyləyib ki, iyunun 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri, səfər çərçivəsində onun başçılıq etdiyi nümayəndə heyətinin qədim şəhərimiz olan Şuşanı ziyarət etməsi qürurvericidir. Bu səfərin 15 İyun Milli Qurtuluş Günündə gerçəkləşməsi dərin rəmzi məna daşıyır. Eyni zamanda,  işğaldan sonra azad edilmiş Şuşa şəhərinə ilk xarici ölkə başçısı kimi səfər edən Rəcəb Tayyib Ərdoğan bununla Vətən müharibəsindən sonra da bizim birliyimizi və həmrəyliyimizi nümayiş etdirdi. Bu səfər dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatının reallıqda bir daha təsdiqidir. Şuşa səfəri zamanı tarixi anlar yaşandı. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Müttəfiqlik Bəyannaməsi  iki ölkə arasında münasibətlərin ən yüksək zirvəyə çatmasının göstəricisidir. Şuşa Bəyannaməsi türk dövlətləri arasında əhatəli əməkdaşlığın ən üst səviyyələrə çatdırılması üçün nümunəvi sənəd olaraq tarixə keçəcək. 

Pərvin Kərimzadə diqqətə çatdırıb ki, Şuşa Bəyannaməsi Ermənistana və onun havadarlarına da mesajdır. Eyni zamanda, Türk dünyasının iqtisadi, siyasi və mədəni birliyi bu bəyannamə ilə daha da sarsılmaz olacaq. Bundan başqa, işğaldan azad olunan ərazilərin sürətli şəkildə yenidənqurulmasını və keçmiş məcburi köçkünlərin oraya qayıdışını daha da sürətləndirəcək. Türkiyə və Azərbaycan arasındakı imzalanmış Şuşa Bəyannaməsi ilə təkcə  iki qardaş ölkəni deyil, bütün türk dünyasını, eləcə də Şərqlə Qərbi birləşdirəcək Zəngəzur dəhlizinin açılması qətiləşdi və bu proses sürətləndiriləcək. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır. Beləliklə, daha bir kommunikasiya xətti türk dünyası coğrafiyasında, eləcə də Asiya və Avropa arasında əlaqələrin daha sürətli və asan olmasına şərait yaradacaq. Regionumuz bu iki türk dövlətinin təşəbbüsləri ilə inkişaf edəcək. Bu isə o deməkdir ki, gələcəkdə bölgədə süni münaqişələrin yaradılması və ya alovlandırılması da daha mümkün olmayacaq. Şuşa Bəyannaməsi bölgədə sülh, sabitlik və firavanlıq üçün güclü bir çağırışdır. Bölgə ölkələrini bütün tərəflərin xeyrinə konkret layihələrlə cənubi Qafqazda yeni bir sülh və sabitlik bölgəsi yaratmağa dəvət edir.

Şuşa Bəyannaməsi hər şeydən öncə iki qardaş ölkə arasında münasibətlərin gələcəyini müəyyən edən yol xəritəsi kimi də tarixə düşəcək. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqlarımızıın milli maraqlarını müdafiə edərək, onun mənafelərinin təmin olunması istiqamətində müstəqil xarici siyasət yürüdən iki böyük liderdir. Azərbaycanla Türkiyənin dünyada gedən proseslər haqqında mövqeləri üst-üstə düşür, bundan sonra da bu iki liderin rəhbərliyi altında iki dövlət BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birilərinə qarşılıqlı dəstək verəcəklər. Bu Bəyannamə Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələrdə inteqrasiyanın nümunəsidir. Ən əsası, Bu Bəyannamə region üçün yeni tarixi gerçəklik deməkdir.