YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocalı soyqırımı ilə bağlı sənədli filmin və kitabın təqdimatı Dublində də keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində İrlandiyanın paytaxtı Dublin şəhərində “Sonsuz dəhliz” sənədli filminin nümayişi və “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” adlı kitabın təqdimatı olub.
Tədbirdə İrlandiyanın 80-ə yaxın tanınmış ictimai-siyasi və mədəniyyət xadimi, diplomatlar, jurnalistlər, Dublin Şəhər Universitetinin professoru və İrlandiya Dövlət Yayım Şirkəti “RTÉ”nin keçmiş sədri Farrel Korkoran, “Mediascope” şirkətinin diktoru Ellen Qanninq iştirak ediblər.
Avropa Azərbaycan Cəmiyyətinin kommunikasiya və marketinq üzrə meneceri Leon Kuk tədbirdə çıxış edərək bildirib ki, “Xocalıya ədalət!” kampaniyası 2008-ci il mayın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılıb. Beynəlxalq aləmdə uğurla həyata keçirilən bu təbliğat-təşviqat kampaniyasının missiyası dünya ictimaiyyətini Xocalı dəhşətləri haqqında müfəssəl məlumatlarla təmin etməkdir. Kampaniyanın dünya birliyinin diqqət mərkəzində olması faktını bölgədə ədalətin bərpasına beynəlxalq dəstəyin təzahürü kimi qiymətləndirmək lazımdır. Bu dəstək Avropa, Amerika, Asiya və Afrikanın 100 ölkəsində keçirilən tədbirlər vasitəsilə nümayiş etdirilib. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində silsilə tədbirlər London, Paris, Strasburq, Brüssel, Berlin, Bern, Lüksemburq, İstanbul, Ankara, Roma və Vilnüsdə təşkil ediləcək.
Kampaniya çərçivəsində nümayiş olunan “Sonsuz dəhliz” filmi haqqında məlumat verən Leon Kuk bildirib ki, bu filmin layihəsi litvalı jurnalist, 1992-ci ilin fevralında Xocalıda baş vermiş qətliamın ertəsi gün hadisə yerində olan Riçard Lapaitisin xatirələri əsasında ərsəyə gəlib. Filmdə Riçard Lapaitis o vaxtdan bəri unuda bilmədiyi Xocalı faciəsini və Dağlıq Qarabağ münaqişəsini iyirmi ildən sonra hərbi müxbir kimi ictimaiyyətə çatdırır. O, Xocalı faciəsindən sağ çıxanlarla yenidən görüşür və ermənilərin atəşi altında “sonsuz dəhliz”də özünə nicat yolu axtararkən yaxınlarını itirənlərin ürək dağlayan hekayələrini dinləyir. Filmdə Qafqaz dağları əhatəsində yerləşən Xocalı şəhərində Ermənistan və keçmiş sovet ordusunun Xankəndidə dislokasiya olunmuş 366-cı alayının əsgərləri tərəfindən müdafiəsiz azərbaycanlılara qarşı törədilən kütləvi qırğın barədə həqiqətlər əksini tapır. Əlli qonşusunun həyatını xilas etmiş, lakin həyat yoldaşını itirmiş və aylarla işgəncələrə dözməli olduğu əsirlikdə qalmış bir musiqiçinin təsirli hekayəsi tamaşaçıların diqqətinə çatdırılır.
Xatırladaq ki, müstəqil prodüserlər – litvalı Aleksandr Brokas və amerikalı Cerald Rafşunun birgə ərsəyə gətirdikləri “Sonsuz dəhliz” erməni təcavüzünün qorxunc nöqtəsini üzə çıxaran Xocalı qırğınının ağlagəlməz dəhşətlərini əks etdirən sənədli filmdir. Premyerası ötən il iyulun 1-də Londonda keçirilən film Azərbaycan, türk, fransız, italyan, ispan və alman dillərinə subtitrlərlə tərcümə edilib, rus dilində isə dublyaj olunub.
İrlandiya parlamentinin senatoru Terri Leyden “Sonsuz dəhliz” filmini ekranlara gətirən litvalı prodüser və rejissor A.Brokasa, onun amerikalı həmkarı C.Rafşuna təşəkkürünü bildirib. Filmin istehsalı üçün beş il sərf olunduğunu deyən senator qeyd edib ki, regionda yaranmış vəziyyətə dair müstəqil rəy vermək məqsədi ilə layihəyə 15 ölkədən mütəxəssislər cəlb edilib. O deyib ki, bu gecə nümayiş olunan sənədli filmdə real münaqişə, real insan həyatı, real faciə barədə məlumat verilir. “Uzun illər beynəlxalq səviyyədə - istər Brüsseldə, Strasburqda, istərsə də Avropanın digər şəhərlərində müxtəlif səviyyəli dialoqlarda fəal iştirak edən bir siyasətçi kimi mən Azərbaycan, onun xalqı, bu ölkəni narahat edən məsələlər barədə çox şey öyrənə bilmişəm. Bunların arasında ən vacibi isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir”, deyə Terri Leyden vurğulayıb.
“Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” kitabı isə Londonun “ITHACA PRESS” nəşriyyatında ingilis dilində çap edilib. Rus və türk dillərinə də tərcümə olunan kitab Xocalı soyqırımını ilkin mənbələrə əsasən sənədləşdirilən və Qərbdə ingilis dilində işıq üzü görən ilk nəşrdir. Bu nəşr həm də Xocalı qətliamından sağ çıxan insanlardan Qərb müəllifləri tərəfindən müsahibə yolu ilə alınmış şahid ifadələrinin ilk toplusudur.