YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Çin üçün Azərbaycanla əməkdaşlıq çox böyük əhəmiyyətə malikdir

“Çin Xalq Respublikasının Sədri Si Cinpinin Prezident İlham Əliyevə zəng etməsi və ikitərəfli münasibətlərin geniş spektrinə dair məsələləri müzakirə etməsi bir daha onu göstərir ki, müasir dünyamızda dövlətin dünyadakı yeri və rolunu müəyyən edən xarakteristika artıq dəyişib. Yəni dünya miqyasında əhalinin və ərazinin böyüklüyü məsələsi həlledici amillərdən biri olsa da, dəyişən dünyada digər faktorlar daha çox ön plana çıxmağa başlayıb”.

Bu fikirləri “Yeni TV”nin canlı yayımında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü Elman Nəsirov deyib.

Onun sözlərinə görə, Çin Xalq Respublikasının rəhbərliyi Azərbaycanın strateji əhəmiyyətini, siyasi və iqtisadi çəkisini çox gözəl dərk edir: “Bu baxımdan Çin üçün Azərbaycanla əməkdaşlıq çox böyük əhəmiyyətə malikdir. 2013-cü ildə Çin Xalq Respublikası “Bir kəmər bir yol” layihəsini təqdim etdi. Bu çox unikal bir təşəbbüsdür. Layihə 60-dan artıq dövləti əhatə edir. Çin üçün Azərbaycanın əhəmiyyəti ölkəmizin Şimalla Cənubu, Şərqlə Qərbi birləşdirən qovşaq rolunu oynamasıdır”.

E.Nəsirov vurğulayıb ki, həm Çin Xalq Respublikası, həm də Avropa İttifaqı dünyanın güc mərkəzidir: “Avropa İttifaqı çox gözəl başa düşür ki, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın müstəsna rolu var. Avropa üçün enerji təhlükəsizliyi enerji mənbələrinin şaxələndirilməsidir. Azərbaycan üçün isə enerji təhlükəsizliyi enerji marşrutlarının şaxələndirilməsidir. Bu baxımdan Avropa Azərbaycan üçün nəhəng bazardır. Bu baxımdan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Prezident İlham Əliyevə zəngi olduqca əhəmiyyətlidir. Telefon zəngi zamanı regiondakı vəziyyətin müzakirəsi də kifayət qədər önəmli idi. Çünki regionda yaranan yeni reallıqlar fonunda Azərbaycan bölgədə sülh və təhlükəsizliyin olmasında maraqlıdır. Bu kontekstdə Avropa İttifaqı Şurasının prezidentinin diqqətinə Azərbaycanın Ermənistanla sülhə hazır olması, Ermənistanın isə bundan yayınması çatdırılıb. Bir sözlə Azərbaycan qalib dövlətdir və ərazi bütövlüyünü təmin edib. Dünya, Avropa İttifaqı bunu qəbul edir və artıq müharibədən sonrakı reallıqlar müzakirə olunur. Hesab edirəm ki, hər iki telefon zəngində müzakirə olunan məsələlər bu baxımdan çox əhəmiyyətlidir”.