YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elçin Mirzəbəyli: Avropa Parlamentinin qəbul etdiyi qətnamə Avropa İttifaqının strategiyasına tamamilə ziddir

“Avropa Parlamentinin qəbul etdiyi qətnamə Avropa İttifaqının strategiyasına tamamilə ziddir və bundan öncə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı ilə bağlı qəbul etdiyi qətnamələrin prinsiplərinə uyğun gəlmir”.

Bu fikirləri “Yeni TV”-nin canlı yayımında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, bununla Avropa Parlamenti özünün Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünə dair qəbul etdiyi qətnamələrinin əleyhinə səs vermiş olur və özü-özünü təkzib etmiş olur: “Bu prosesdə fransalı deputatların əhəmiyyətli dərəcədə xüsusi rol oynaması, sənədə imza atanlar arasında üstünlük təşkil etdiyini nəzərə alsaq, əslində bu layihənin sifarişçisinin Fransa olduğunu açıq şəkildə deyə bilərik. Həmin qətnamədə də qeyd olunduğu kimi onları narahat edən faktor bölgəyə xarici müdaxilələrin qarşısının alınmasıdır. Nə qədər ki, münaqişə mövcud idi, Azərbaycan öz ərazi bütövlüyünü təmin etməmişdi, həm ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa, eyni zamanda Avropa İttifaqının bir sıra dövlətləri regiona bu və ya digər formada təsir imkanlarını qoruyub saxlayırdı. İndiki halda region kənar təsirlərə qapalı bir vəziyyətə gətirilib. Söhbət təkcə Azərbaycandan və regiondakı digər dövlətlərdən getmir. Belə olduğu təqdirdə, onlar özlərinin geosiyasi, geoiqtisadi maraqlarının təmin olunması üçün münaqişədən istifadə edərək Azərbaycana hər hansı təsir göstərə bilmirlər. Bu da onları narahat edən faktorlardır. Bu baxımdan qəbul etdikləri qətnamədə dərdlərinin nədən ibarət olduğunu açıq şəkildə vurğulayırlar. Əgər bu prosesdə iştirak etmək istəyirlərsə, bunun yolu regionda xalqlararası etimadın formalaşması üçün töhfə verməkdir. Azərbaycanın işğaldan azad olunan ərazilərinə investisiya yatıra bilərlər. Eyni zamanda, regionda həyata keçirilən infrastruktur layihələrinə dəstək verməklə, Ermənistanı böhrandan çıxara bilərlər. Bu yanaşma tərzi göstərir ki, Fransanı Ermənistanın taleyi də narahat etmir. Fransanı şəxsi maraqları narahat edir. Çünki Ermənistan tarixən olduğu kimi regionda münaqişə mənbəyi yaradan vasitə kimi lazımdır”.