YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Mərkəzində "Sabahın alimləri" IV Respublika müsabiqəsinin açılış mərasimi keçirilib

Bu gün Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, "Mədəd" Təşkilatının təşkilatçılığı ilə "Sabahın alimləri" IV Respublika müsabiqəsinin açılış mərasimi keçirilib.

Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, "Sabahın alimləri" IV Respublika müsabiqəsinin Azərbaycan gəncliyinin və təhsilinin inkişafına hər zaman xüsusi diqqət göstərən Heydər Əliyevin adını daşıyan mərkəzdə keçirilməsi təsadüfi deyil: "Ölkədə təhsil islahatlarının həyata keçirilməsi, kadr və intellektual potensialın möhkəmləndirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Onun miras qoyduğu milli təhsil quruculuğu bu gün Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir".

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə isə bu müsabiqənin elmə getdikcə daha böyük töhfələr verəcəyinə inandığını deyib. Azərbaycan elminin inkişafında gənc alimlərin yerinin göründüyünü deyən AMEA prezidenti xatırladıb ki, bu ilin sonunda AMEA-nın 70 illiyi qeyd ediləcək: "Bu illər ərzində Azərbaycanda beynəlxalq səviyyədə tanınan alimlər yaşayıb və onların öz dəstxəti olub. Әfsuslar olsun ki, bu gün bəzi elmi məktəblərin sayı azalıb, bəzilərinin çərçivəsi darlaşıb. Ancaq bəzi elmi mərkəzlər bu gün də inkişaf etməkdədir. Hazırda elmin əsas problemlərindən biri kadr çatışmazlığı ilə bağlıdır".

Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, şagirdlərin beynəlxalq elm yarışlarında qazandıqları hər bir uğur bütövlükdə ölkə üçün əvəzsiz töhfədir.

Bu müsabiqənin açılış mərasiminin Heydər Əliyev Mərkəzində keçirilməsini təsadüfi saymayan Heydər Əliyev Mərkəzi direktorunun birinci müavini Adil Kərimli bildirib ki, Heydər Əliyev Mərkəzi çoxsaylı fəaliyyət istiqmətləri baxımından diqqət mərkəzindədir.

Bu gün Heydər Əliyev Mərkəzinin elmin, təhsilin inkişafı ilə bağlı çoxsaylı layihələr həyata keçirdiyini vurğulayan A.Kərimli qeyd edib ki, müasir dünyada hər bir ölkənin inkişafı elm və təhsillə ölçülür.

Mərkəz rəsmisinin sözlərinə görə, dövlətin uğurlu gələcəyi gənc nəslin intellektual potensialından asılıdır: "Bugünkü gənc nəslin gələcəkdə Azərbaycanı yüksəklərə qaldıracağına inanırıq. Bu gün Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, ana dilimizi qoruyub saxlamağa, xalqın ümumbəşəri ideyalarını mənimsəyərək, dünyanın qabaqcıl gəncliyinə inteqrasiya edərək töhfələr verməyə qadirdir. Bu gün yüksək səviyyədə təhsil alan gənc nəsil elmin sirlərinə daha dərindən yiyələnmək, hərtərəfli şəxsiyyət kimi yetişmək üçün öz yolunu sərbəst seçmək baxımından bütün imkanlara malikdir".

Prezident İlham Əliyevin də Azərbaycan gənclərini bilikli, savadlı görmək istədiyini xatırladan A.Kərimli Azərbaycan elminə gənc nəslin gəlməsini vacib hesab edib. Onun sözlərinə görə, "Sabahın alimləri" kimi müsabiqələrin keçirilməsi məktəblilərin elmə marağının artırılması, onların istedad, bacarıq və elmi potensialının üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. A.Kərimli "Sabahın alimləri" müsabiqəsinin qaliblərinin bu ilin mayında ABŞ-ın Pitsburq şəhərində keçiriləcək "Intel ISEF" sərgisində uğurla çıxış edəcəyinə inandığını deyib.