YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: 29 il öncə baş vermiş Xocalı soyqırımı ermənilərin müharibə cinayətləri sırasında xüsusi amansızlığı ilə fərqlənir

“30 il ərzində Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirmiş Ermənistan saysız-hesabsız müharibə cinayətləri törədib. Məkrli düşmən üç onillik ərzində öz nəzarətində saxladığı ərazilərimizdə bir vaxtlar çiçəklənən şəhər və kəndlərimizi, çoxsaylı mədəniyyət abidələrimizi dağıdaraq yerlə-yeksan edib. Artıq keçmişdə qalan Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər salsaq, görərik ki, Ermənistanın hərbi birləşmələri heç vaxt Silahlı Qüvvələrimizlə açıq döyüşlərdə hər hansı bir uğura imza atmayıblar. Mənfur düşmən öz niyyətinə çatmaq üçün daim təxribatlara əl atıb, şəhər və kəndləri atəşə tutub, dinc insanları qətlə yetirib”. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Sevinc Hüseynova bildirib ki, 29 il öncə baş vermiş Xocalı soyqırımı ermənilərin müharibə cinayətləri sırasında xüsusi amansızlığı ilə fərqlənir. Keçmiş sovet ordusunun 366-cı alayının dəstəyi ilə Xocalıya hücum çəkən ermənilər bir gecənin içində bütün şəhəri yerlə-yeksan etdilər. Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır. Xocalı soyqırımı zamanı 613 nəfər dinc sakin xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib.

Millət vəkilinin sözlərinə görə, Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində görülən işlər təqdirəlayiqdir. Xüsusilə Heydər Əliyev Fondu bu istiqamətdə fəal iş aparır. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası hazırda uğurla davam etdirilir. Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlərin öz müsbət nəticəsini verdiyini bildirən Prezident İlham Əliyev vurğulayıb ki, bu gün Azərbaycan dövləti və Azərbaycanda fəaliyyət göstərən ictimai qurumlar, ilk növbədə, Heydər Əliyev Fondu Xocalı soyqırımının dünyada soyqırımı kimi tanıdılmasında çox böyük işlər görür.
Deputat qeyd edib ki, Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işlərin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Hersoqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər.

“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində qələbə qazandıq, torpaqlarımız işğaldan azad olundu. Bununla da, bütün şəhidlərimizin, o cümlədən Xocalı soyqırımının qurbanlarının qisası alındı. Bununla yanaşı, biz cəmiyyət olaraq olaraq Xocalı soyqırımının dünyada tanınması üçün fəaliyyətimizi daha da gücləndirməliyik”,-deyə S.Hüseynova vurğulayıb.