YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Təlimlərə ehtiyatdan çağırılan hərbi vəzifəlilərlə görüş olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən keçirilən təlimlərin növbəti mərhələsində müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərə ehtiyatdan çağırılan hərbi vəzifəlilərlə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir ehtiyatdan çağırılan şəxsi heyətə Vətən və xalq qarşısında məsuliyyətlərinə diqqət çəkərək təlim toplanışında mütəşəkkil qaydada iştirak etdiklərinə, Vətənin müdafiəsi üçün şərəf və vicdanla yenidən xidmətə cəlb olunmağa hazır olduqlarına görə təşəkkür edib.
Nazir bildirib ki, onlar bu təlimlərdə iştirak etməklə döyüş qabiliyyətlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirmək, silahlanmada olan yeni, müasir və modernləşdirilmiş silah və hərbi texnikanın nümunələri ilə yaxından tanış olmaq, ondan düzgün istifadə və istismar qaydalarını bilmək imkanı əldə ediblər.
Müdafiə naziri deyib: “Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti bu gün də davam edir. Silahlı Qüvvələrimiz bütün imkanlardan istifadə etməklə düşməni işğal olunmuş torpaqlarımızdan çıxarmağa qadirdir. Son zamanlar düşmən daha da azğınlaşıb. Amma Ermənistandakı hərbi xuntanın rəhbərləri bilməlidirlər ki, Azərbaycan Ordusu və əsgəri onların layiqli cavabını verir və bundan sonra da verəcəkdir. Qısa müddət ərzində 20-dən çox işğalçı məhv edilib. Düşmənin onlarla yaralısı var. Silahlı Qüvvələrimiz də vətən uğrunda şəhid verib. Biz onların yaxınlarına və əzizlərinə baş sağlığı veririk. Xalqımız bilməlidir ki, şəhidlərin qisası birə on qat alınıb və bundan sonra da belə olacaqdır”.
Nazir təlimlərin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tələb və tapşırıqlarına əsasən yüksək səviyyədə təşkil edilərək keçirildiyini bir daha diqqətə çatdırıb.
Qeyd edək ki, Ali Baş Komandanın göstərişinə əsasən hərbi birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə fevralın 2-də başlayan təlimlərə 15 min nəfərədək şəxsi heyət, 300-dək zirehli texnika, raket və artilleriya qoşunlarının 200-dən artıq qurğusu, Hərbi Hava Qüvvələrinin 20-dək aviasiya vasitəsi, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri, o cümlədən ehtiyatda olan 5 min nəfərədək hərbi vəzifəli cəlb edilib.
Döyüş hazırlığı çərçivəsində ehtiyatdan çağırılmış hərbi vəzifəlilər üçün silah və hərbi texnikadan istifadə qaydaları üzrə praktiki məşğələlər, döyüş atışları, mənəvi-psixoloji hazırlıq və döyüş uzlaşması üzrə tədbirlər keçirilir.

 

DİGƏR Xəbərlər Arxiv