YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Dövlətimiz erməni vandalizminə, barbarlığına şahid olmuş Qarabağı cənnətə çevirəcək

“Dövlətimiz erməni vandalizminə, barbarlığına şahid olmuş Qarabağı cənnətə çevirəcək və Prezident İlham Əliyevin iradəsi və qətiyyəti sayəsində işğaldan azad olunmuş ərazilərdə quruculuq, bərpa işləri aparılacaq. Bu il artıq tikintisinə başlanılan Füzuli Beynəlxalq Hava Limanının, Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı olan yeni avtomobil yolunun istifadəyə verilməsi planlaşdırılır. Eyni zamanda, azad edilmiş torpaqlarda ikinci beynəlxalq hava limanı da Kəlbəcər və ya Laçında inşa ediləcək. Bir sözlə, sözügedən hava limanı və yol bölgənin inkişafında, turizm infrastrukturunun yaradılmasında, həyata keçiriləcək tədbirlərin, o cümlədən bərpa və yenidənqurma işlərinin reallaşdırılmasında rolu böyük olacaq”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Ermənistan 28 ildir Qarabağda mədəni, ekoloji terror həyata keçirib, abidələrimizi, məscidlərimizi, qəbiristanlıqlarımızı təhqir edib: “Təkcə Şuşada 67 məscid dağıdılıb və yararsız hala salınıb. Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşada güllələnmiş büstləri erməni vandalizminin şahidləridir. Birinci Qarabağ müharibəsi dövründə ermənilər dahi şəxsiyyətlərimizin büstlərini təhqir edəndən sonra onları əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparmışdılar. Lakin ulu öndər Heydər Əliyevin tədbirləri nəticəsində bu büstlər ermənilərdən pulla alındı. Eyni zamanda, məşhur Azərbaycan yazıçıları Əbdürrəhim bəy Haqverdiyevin və Yusif Vəzir Çəmənzəminlinin məzunu olduğu Şuşa Realnı Məktəbini 1992-ci ilin may ayında şəhəri işğal etdikdən sonra erməni vandalları yandıraraq xarabazara çeviriblər”.

“Yanvar ayının 14-15 tarixlərində ailəsi ilə birlikdə Şuşada olan Prezident İlham Əliyev 30 ilə yaxın Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan dahi şəxsiyyətlər – Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini yenidən Şuşaya qaytardı” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Şuşada artıq bütün tarixi binaların bərpa edilməsi prosesinə start verilib.