YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Davosda “Bakı 2015” ilk Avropa Oyunlarının təqdimatında iştirak edib

Yanvarın 22-də Davosda “Bakı 2015” ilk Avropa Oyunlarının təqdimatı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Bu il Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə əlaqədar həm Sürix, həm də Davos şəhərlərinin müxtəlif yerlərində oyunlara həsr olunan reklam lövhələri vurulmuşdu. Bu da Davos İqtisadi Forumunda iştirak edən nümayəndələrdə ölkəmiz və onun zəngin mədəniyyəti, idman ənənələri  barədə təsəvvür yaratmağa imkan verirdi.
Heydər Əliyev Fondunun təşkilatçılığı və dəstəyi ilə keçirilən təqdimat mərasiminə İsveçrənin ictimai-siyasi dairələrinin, beynəlxalq idman ictimaiyyətinin nümayəndələri, Dünya İqtisadi Forumunda iştirak edən xarici ölkələrin təmsilçiləri qatılmışdılar.
Qonaqlar əvvəlcə Azərbaycan heykəltəraşlarının “Bakı 2015”ə həsr olunmuş bürünc heykəllərindən ibarət sərgiyə baxdılar. “Biz birlikdə” adlanan bu sərgidə 20-dən çox heykəltəraşımızın idmanın müxtəlif növlərini təsvir edən əsərləri sərgilənirdi. Onların hər biri müxtəlif cərəyanları nümayiş etdirməklə ilk Avropa Oyunlarının həyəcanını sənətin dili ilə dolğun əks etdirirdi.
Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif nəşrləri, o cümlədən birinci Avropa Oyunlarına həsr olunan bukletləri təqdim edildi.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış etdi.
Sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çıxış etdi.
Daha sonra mərasim iştirakçıları “Bakı 2015”ə həsr olunan filmə baxdılar. Filmdə ilk Avropa Oyunlarına hazırlıq işləri və digər tədbirlər barədə geniş məlumat verildi.
Qeyd edək ki, ilk Avropa Oyunları Bakıda 21 idman obyektində keçiriləcək. Bu məqsədlə yeni arenalar inşa edilir, mövcud qurğular yenilənərək hazır vəziyyətə gətirilir. Açılış mərasiminin baş tutacağı 68 min nəfərlik Bakı Olimpiya Stadionundan əlavə, Bakıda 7300 nəfərlik Olimpiya şəhərciyi də oyunlara hazırlanır. İlk Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycana beynəlxalq miqyasda göstərilən maraqdan irəli gəlir. Son dərəcə maraqlı, qədim tarixi və zəngin mədəni dəyərləri olan Azərbaycanın Avropanın həyatında baş verəcək ilk belə hadisəyə ev sahibliyi etməsi təbii ki, həm də ölkəmizin idman sahəsində son illərdə qazandığı uğurlardan qaynaqlanır. Təsadüfi deyil ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra atletlərimiz olimpiadalarda 26, Avropa və dünya çempionatlarında isə 2000-dək medal qazanıblar. 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək ilk Avropa Oyunlarında 49 ölkədən 6000-dən artıq idmançı 20 idman növündə mübarizə aparacaq.