Xəbərlər
Brüsseldə Avropa İttifaqı-Azərbaycan əlaqələri müzakirə edilib
Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyətinin Avropa İttifaqı - Azərbaycan əlaqələrinin müzakirəsinə həsr olunan iclası keçirilib.
Azərbaycanın Avropa İttifaqı yanındakı nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov və Milli Məclisin deputatı Asim Mollazadə iclasda iştirak ediblər.
İclasa sədrlik edən britaniyalı deputat Səccad Kərim 20 Yanvar faciəsi ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.
Səfir Fuad İsgəndərov faciədən ötən 25 il ərzində Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinin ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri olduğunu söyləyib. O, son illərdə Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı, əldə olunmuş nailiyyətlər, rəsmi Bakının bu əlaqələrdən gözləntilərinə dair məruzə ilə çıxış edib.
Asim Mollazadə isə Azərbaycanda və bütünlükdə Şərq Tərəfdaşlığı ölkələrində mövcud olan münaqişələr, region dövlətlərinin üzləşdiyi qaçqın problemi barədə söhbət açıb, Avropa İttifaqını münaqişələrin həllində daha fəal olmağa çağırıb. O, Azərbaycanın həm nəqliyyat qovşağı, həm də enerji sahəsində mühüm tərəfdaş kimi Avropa İttifaqı üçün əhəmiyyətinin gündən-günə artdığını diqqətə çatdırıb.
İclasda Avropa İttifaqı – Azərbaycan əlaqələrinə dair rəsmi Bakının mövqeyini dəstəkləyən çıxışlar edilib və Azərbaycanın Avropa İttifaqının strateji tərəfdaşı olduğu vurğulanıb.