Xəbərlər
Azərbaycan qadınları milli-mənəvi dəyərlərin qorunmasına mühüm töhfə verirlər
Məşhur Məmmədov
Milli Məclisin deputatı
8 Mart – Beynəlxalq Qadınlar Günü dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da xüsusi qeyd olunur. Bu bayram yalnız qadınlara olan sevgi və diqqətin ifadəsi deyil, həm də onların cəmiyyətin inkişafındakı misilsiz rolunun qiymətləndirilməsi, hüquqlarının qorunması və sosial-siyasi həyatda iştirakının təşviqi baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycan qadını tarix boyu milli-mənəvi dəyərlərimizin qorunmasında, dövlətçiliyimizin möhkəmlənməsində, elm və mədəniyyətimizin inkişafında mühüm rol oynamışdır.
Azərbaycan tarixinin müxtəlif dövrlərinə nəzər saldıqda qadınların yalnız ailə institutunun dayağı deyil, həm də dövlətçilik ənənələrinin qoruyucusu və ictimai həyatın fəal iştirakçısı olduğunu görürük. Qədim xalq dastanlarımızdan başlayaraq bu reallıq aydın şəkildə öz əksini tapır. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidələrindən biri olan “Kitabi-Dədə Qorqud” dastanında qadınlar yalnız ailə həyatının deyil, həm də qəhrəmanlıq və mübarizə ruhunun simvolu kimi təqdim olunur.
Tarixin müxtəlif mərhələlərində Möminə Xatun, Sara Xatun, Nüşabə, Tomris, Nigar, Həcər, Tutu Bikə kimi görkəmli qadın şəxsiyyətlər öz müdrikliyi, siyasi uzaqgörənliyi və qəhrəmanlığı ilə seçilmişlər. Bu qadınlar Azərbaycanın dövlətçilik tarixində mühüm rol oynamış, xalqın azadlığı və rifahı uğrunda mübarizədə fəal iştirak etmişlər. Onların həyat yolu Azərbaycan qadınının gücünü, iradəsini və vətənpərvərliyini nümayiş etdirən parlaq nümunələrdir.
Azərbaycan qadınlarının hüquqları sahəsində əldə edilən ən mühüm tarixi nailiyyətlərdən biri də qadınlara seçib-seçilmək hüququnun verilməsidir. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik respublikası olmaqla yanaşı, qadın hüquqları sahəsində də mühüm addımlar atmışdır. Həmin dövrdə qadınlara seçmək və seçilmək hüququnun verilməsi təkcə region üçün deyil, bir çox Avropa ölkələrindən də əvvəl həyata keçirilmiş mütərəqqi qərar idi.
Bu hüquq qadınların ictimai-siyasi proseslərdə fəal iştirakına geniş imkan yaratmış, onların dövlət idarəçiliyində və ictimai həyatın müxtəlif sahələrində öz potensiallarını reallaşdırmalarına şərait yaratmışdır.
Azərbaycan qadınları tarix boyu milli-mənəvi dəyərlərin qorunmasında mühüm rol oynagıb. Onlar ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuş, ailə institutunun möhkəmlənməsində, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük xidmətlər göstərmişlər.
Bu gün də müasir Azərbaycan qadını öz yüksək intellektual səviyyəsi, geniş dünyagörüşü və vətənə bağlılığı ilə cəmiyyətin inkişafına töhfə verməkdədir. Elm, təhsil, mədəniyyət, səhiyyə, iqtisadiyyat və digər sahələrdə qazandıqları uğurlar onların cəmiyyətimizdəki nüfuzunu daha da artırmışdır.
Azərbaycanda qadın siyasətinin sistemli şəkildə formalaşdırılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər qadınların cəmiyyət həyatında rolunun artırılmasına xüsusi diqqət yetirmiş, onların dövlət idarəçiliyində və ictimai-siyasi həyatda fəal iştirak etməsi üçün geniş imkanlar yaratmışdır. Onun rəhbərliyi dövründə qadınların hüquqlarının qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi və lider qadınların yetişdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Qadınlara göstərilən bu yüksək diqqət dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir.
Azərbaycan Respublikasının Konstitusiyası hər bir vətəndaşın hüquq və azadlıqlarının bərabərliyini təmin edir. Konstitusiyaya əsasən, irqindən, dinindən, dilindən, cinsindən və digər xüsusiyyətlərindən asılı olmayaraq hər kəs bərabər hüquqlara malikdir. Kişi və qadınların hüquq və azadlıqları bərabər şəkildə qorunur.
1995-ci ildə Pekində keçirilmiş IV Ümumdünya Qadın Konfransında Azərbaycan Pekin Bəyannaməsini və Fəaliyyət Platformasını qəbul etmişdir. Bu sənədlər qadınların siyasi, iqtisadi və sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş beynəlxalq öhdəliklərin həyata keçirilməsini nəzərdə tutur. 1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı ölkədə qadın siyasətinin inkişafında mühüm mərhələ olmuşdur. Qurultayda qadınların dövlət quruculuğu prosesində rolu, sosial problemlərin həlli və gender bərabərliyi məsələləri geniş müzakirə edilmişdir. Həmin vaxtdan etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultaylarının keçirilməsi artıq ənənə halını almışdır və bu tədbirlər qadın siyasətinin inkişafına mühüm töhfə verir.
Bu gün Azərbaycanda qadın siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Dövlət başçısı qadın hüquqlarının müdafiəsi, onların sosial-iqtisadi imkanlarının genişləndirilməsi və ictimai-siyasi həyatda fəal iştirakının təmin olunmasına xüsusi diqqət yetirir. 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunların qəbul edilməsi qadın hüquqlarının müdafiəsi sahəsində mühüm addımlar olmuşdur. Bu qanunlar gender bərabərliyinin təmin olunmasına və cəmiyyətdə mövcud stereotiplərin aradan qaldırılmasına töhfə vermişdir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə ölkə daxilində və beynəlxalq səviyyədə Azərbaycan qadınının nüfuzunu daha da yüksəltmişdir. Heydər Əliyev Fondunun prezidenti kimi həyata keçirdiyi humanitar layihələr mədəniyyətimizin dünyada təbliğinə, sosial problemlərin həllinə və humanitar diplomatiyanın inkişafına böyük töhfə verir. Onun təşəbbüsü ilə həyata keçirilən layihələr ölkəmizin beynəlxalq imicinin möhkəmlənməsinə xidmət edir və Azərbaycan qadınının mərhəmət, humanizm və yüksək mənəvi dəyərlərini dünyaya nümayiş etdirir.
Müstəqillik əldə etdikdən sonra Azərbaycanda gender bərabərliyinin təmin olunması istiqamətində geniş tədbirlər həyata keçirilmişdir. Normativ hüquqi baza yaradılmış, dövlət proqramları qəbul edilmiş və institusional mexanizmlər formalaşdırılmışdır. Son illərdə həyata keçirilən sosial-iqtisadi islahatlar qadınların məşğulluq imkanlarının artmasına, sahibkarlıq fəaliyyətinə cəlb olunmasına və iqtisadi müstəqilliyinin güclənməsinə şərait yaratmışdır. Bu gün Azərbaycan qadınları parlamentdə, dövlət qurumlarında, bələdiyyələrdə, elm və təhsil müəssisələrində, eləcə də müxtəlif ictimai təşkilatlarda fəal şəkildə təmsil olunurlar. Milli Məclisdə qadın deputatların sayının ildən-ilə artması qadınların siyasi həyatda rolunun genişləndiyini göstərir.
Eyni zamanda qadınlar ordu quruculuğunda, səhiyyə sistemində, hüquq-mühafizə orqanlarında və digər sahələrdə də uğurla fəaliyyət göstərirlər. Azərbaycanda əhalinin 50 faizdən çoxunu qadınlar təşkil edir. İşçi qüvvəsində və məşğulluq sahəsində qadınların payı da yüksəkdir. Sahibkarlıq sahəsində qadınların aktivliyi artmaqda davam edir və onların iqtisadi fəaliyyətə cəlb olunması ölkənin ümumi inkişafına mühüm töhfə verir.
Azərbaycan qadını tarix boyu milli dövlətçiliyimizin, mənəvi dəyərlərimizin və sosial inkişafımızın əsas dayaqlarından biri olmuşdur. Bu gün də qadınlarımız elm, təhsil, iqtisadiyyat, siyasət və digər sahələrdə uğurları ilə ölkəmizin tərəqqisinə mühüm töhfələr verirlər. 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edir, onlara cansağlığı, ailə səadəti və fəaliyyətlərində yeni uğurlar arzulayırıq. Azərbaycan qadınının gücü, müdrikliyi və vətənpərvərliyi ölkəmizin gələcək inkişafında da mühüm rol oynamağa davam edəcəkdir.
