YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Ermənistan humanitar atəşkəs rejiminə əməl etmək niyyətində deyil və terrorçu fəaliyyətini davam etdirir

“Azərbaycan Silahlı Qüvvələrinin cəbhədəki zəfərləri əsgərlərimizin göstərdiyi döyüş şücaəti, qətiyyəti, məğrurluğu hər birimizə sevinc hissi yaşadır. Hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Bu gün güclü maddi-texniki baza və müasir silah-sursatla təmin olunan ordumuz məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin iradəsi və qayğısı sayəsində formalaşıb. İndi biz ordumuzda vətənpərvər, cəsur və mərd oğulların xidmət etdiyinin şahidi oluruq. Azərbaycan əsgərinin ən güclü silahı onun vətənpərvərliyidir. Əsgərlərimizin hərbi-vətənpərvərlik ruhu sarsılmazdır. Bu, hər kəsdə ruh yüksəkliyi, orduya inam yaradır. Cəbhədəki qələbələr Azərbaycan Ordusunun, Prezident, Ali Baş Komandan İlham Əliyevin və xalqımızın böyük nailiyyətidir”. Bu fikirləri YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, Rusiyanın vasitəçiliyi ilə humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlərin, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub. Beynəlxalq qaydalar əsasən hər müharibədə cəsəd və əsirlərin dəyişdirilməsi üçün humanitar atəşkəs qəbul edilir.

“Amma humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə işğalçı ölkənin ordusunun oktyabrın 11-də gecə saatlarında Gəncə şəhərini raket zərbələri ilə atəşə tutması nəticəsində mülki insanların həlak olması, çoxlu sayda qadınların, uşaqların yaralanması göstərdi ki, Ermənistanın azğınlığı artmaqdadır. Getdikcə azğınlaşan düşmən ölkəyə qarşı beynəlxalq təzyiqlərin, sanksiyaların tətbiqi zəruridir. Hərbi müstəvidə ciddi məğlubiyyətə uğrayan Ermənistan bunun əvəzini yaşayış məntəqələrimizi vurmaq, dinc insanları öldürməklə çıxmağa çalışır. Düşmənin son təxribatı da göstərdi ki, Ermənistan atəşkəs rejiminə əməl etmək niyyətində deyil və terrorçu fəaliyyətini atəşkəs dövründə də davam etdirir. Odur ki, mülki vətəndaşların qətlini törədən Ermənistana beynəlxalq səviyyədə təzyiqin göstərilməsi zəruridir. Həm beynəlxalq təşkilatlar, həm dünyanın aparıcı dövlətləri, həm də region ölkələri Ermənistanın vəhşiliyinə qarşı sərt mövqe nümayiş etdirməli, terrorçu dövlətə qarşı ciddi və irimiqyaslı sanksiyalar tətbiq olunmalıdır. Həmçinin Ermənistanın silahlandırılmasının qarşısı tamamilə alınmalıdır. Dinc vətəndaşlarımızın qanına susayan Ermənistan bilməlidir ki, törətdiyi hər hərbi cinayətə görə mütləq cavab verəcək, atdığı hər addımın hesabını ödəyəcək. Heç kim, heç bir qüvvə Azərbaycanın haqlı mübarizəsinə mane olmaq iqtidarında deyil və ola da bilməz. Azərbaycanın mövqeyi bəllidir. Xalqımızın dövlətimizə və Prezidentimizə güvəni tamdır. Möhtərəm Prezidentimizin biz əzəli torpaqlarımıza qayıdacaq və ərazi bütövlüyümüzü bərpa edəcəyik”-deyə, M.İbrahimqızı vurğulayıb.