YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Sumqayıt şəhərində “Alyans Tekstil” tikiş fabrikinin açılışında iştirak edib

Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərində “Alyans Tekstil” tikiş fabrikinin açılışında iştirak edib. 
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Prezident İlham Əliyevə məlumat verdi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq inşa edilmiş fabrikin sahəsi 2,4 hektardır. Ümumi dəyəri 6,1 milyon manat olan fabrikin tikintisinə Sahibkarlığa Kömək Milli Fondundan 1 milyon manat güzəştli kredit ayrılıb.
Prezident İlham Əliyevə indiyədək Sumqayıt şəhəri üzrə ayrılan güzəştli kreditlər barədə də məlumat verildi. Bildirildi ki, indiyədək Sumqayıt şəhərində 354 sahibkarlıq subyektinin ümumi dəyəri 320 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət tərəfindən 120,6 milyon manat, o cümlədən müasir texnologiyaların tətbiqinə əsaslanan, ümumi dəyəri 268,2 milyon manat olan 18 investisiya layihəsinin maliyyələşdirilməsinə 104,2 milyon manat güzəştli kreditlər verilib. Bu kreditlər hesabına 5900-dən çox yeni iş yeri yaradılıb. Kreditlərin 219-u kiçik həcmlidir və bu layihələrin maliyyələşdirilməsinə 1,6 milyon manat güzəştli kredit verilib. Həmin kreditlər hesabına isə 560-dan çox sakin işlə təmin olunub.
Prezident İlham Əliyev “Alyans Tekstil” tikiş fabrikini işə saldı. 
Məlumat verildi ki, tekstil fabriki 2 əsas istehsal və 4 köməkçi sahədən ibarətdir.
Dövlətimizin başçısı fabrikin dünyanın ən qabaqcıl şirkətlərinin müasir avadanlığı ilə təchiz edilmiş tikiş sahəsində istehsal prosesi ilə tanış oldu.
Bildirildi ki, fabrik ildə 100 min dəst müxtəlif işçi geyimləri -gödəkçələr, kombinezonlar, kostyum və dəstlər istehsal etmək gücünə malikdir. Dövlətin maliyyə dəstəyi ilə fabrikin yeni tikilmiş istehsal binasında tamamlama işləri aparılıb və avtomatik parça sərim xətti, alt və üst transportlu iplik kəsməli tikiş maşınları, qurutma konveyerləri, loqotip və yazı vurulması üçün boya avadanlığı, naxış və universal tikiş maşınları quraşdırılıb. Toxunan parça texnologiyaya əsasən sərmə, qatlama və kəsmə proseslərindən sonra tikiş sahəsinə verilir. İstehsal olunan məhsulun üzərinə hörmə və ya boya ilə sifarişçinin istəyinə uyğun olaraq onun loqosu və adı vurulur.
Dövlətimizin başçısı burada istehsal olunan məhsulların nümunələrinə baxdı. Fabrikin əsas xammalı olan parça Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyə dəstəyi göstərilən “Gilan” Tekstil Parkından alınır. Müəssisədə ən müasir texnologiyanın tətbiqi beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli tekstil məmulatları istehsalına və hazır məhsulun maya dəyərinin aşağı düşməsinə səbəb olur. Belə müasir kompleksin Sumqayıtda inşa olunması respublikamızda gedən uğurlu sənayeləşmə siyasətinin bir nümunəsidir. Layihələrin icrası nəticəsində fabrikdə 200 iş yeri yaradılıb. Müəssisədə işçilərin məhsuldar çalışmaları üçün hər cür  şərait var.
Prezident İlham Əliyev fabrikin kollektivi ilə görüşdü.