YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar Quliyev: Hər bir Azərbaycan vətəndaşı səbirsizliklə torpaqlarımızın azad olunacağı günü gözləyir

“Hər bir Azərbaycan vətəndaşı 30 ildir ki, səbirsizliklə torpaqlarımızın azad olunacağı günü gözləyir. Cəbhədə erməni təxribatına layiqli cavab verən şanlı Azərbaycan Ordusu əminəm ki, bizi qələbə xəbərləri ilə sevindirəcək. Bu gün vətənpərvər ruhda böyüyən Azərbaycan gəncləri düşmənlə döyüşə hər an hazırdır. Prezident İlham Əliyevin ölkəmizdə qismən səfərbərlik elan etməsi gənclərimiz tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. Hər kəs ön cəbhəyə getməyə can atır”.

Bu sözləri Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev deyib.

Eldar Quliyev bildirib ki, Prezident İlham Əliyev bu illər ərzində dünyanın ən yüksək səviyyəli təşkilatlarında, həmçinin tədbirlərdə çıxış edərək, münaqişənin sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini bildirib, Ermənistanın hərbi təcavüzünün qarşısını almağın vacibliyini vurğulayıb. Lakin ötən illər ərzində bu istiqamətdə hər hansı addım atılmayıb. Dağlıq Qarabağ bütün dünya, o cümlədən beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın əzəli torpağı kimi tanınır. Amma heç kim düşmənə öz yerini göstərmir. Nəyə görə? Bu ikili standartlar nə vaxta qədər davam edəcək? Biz torpaqlarımızın işğaldan azad olunmasını, 1 milyona yaxın qaçqın və məcburi köçkünümüzün öz doğma yurdlarına qayıtmasını istəyirik. Bütün bunlara baxmayaraq, düşmən öz xislətindən əl çəkmir və daha da qabağa gedərək təxribatlara əl atır. Artıq səbrimiz tükənib.

Cəmiyyətimizdə vətənpərvərlik ruhunun yüksək olduğunu vurğulayan Azərbaycan Ağsaqqal Şurasının sədri qeyd edib ki, gənclərimiz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələri qarşısında növbəyə durublar. Onlar könüllü olaraq cəbhəyə getmək istəyirlər.

“Bu gün Azərbaycan Ağsaqqallar Şurası əsgərlərimizin yanındadır. Allahdan arzum odur ki, torpaqlarımızı tezliklə azad edək. İstəmirəm ki, bu problemi uşaqlarımızın, nəvələrimizin üzərinə qoyaq. Əminəm ki, qələbə bizimdir, Dağlıq Qarabağ Azərbaycandır! Allah hərbçilərimizi qorusun!” - deyə E.Quliyev vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv