YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Hazırda Paşinyanı Qarabağdakı hərbçilərin taleyi deyil, öz hakimiyyətini necə qoruyacağı düşündürür

“Azərbaycanın siyasi-hərbi və diplomatik sahədə Ermənistanı məğlub etməsi, Ordumuzun əks-hücumla Ermənistanın silahlı birləşmələrini darmadağın etməsi, texnikasını məhv etməsi, ələ keçirməsi, eləcə də düşmən ölkənin informasiya cəbhəsində də iflic vəziyyətə düşməsi təcavüzkar ölkənin siyasi-hərbi elitasını çıxılmaz vəziyyətə salıb. Hazırda Paşinyanı Qarabağdakı hərbçilərin taleyi deyil, öz hakimiyyətini necə qoruyacağı düşündürür”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Ermənistan işğal etdiyi torpaqlardan hissə-hissə çıxarılmaqdadır: “İlk növbədə, hərbi əməliyyatların davam etməsi Ermənistanın psixoloji baxımdan daha çox sarsıdır. Bu psixoloji sarsıntı nəinki hərbçiləri ruhdan salır, döyüşmək imkanlarını iflic edir, hətta erməni cəmiyyətində ordusuna və hakimiyyətinə qarşı böyük inamsızlıq formalaşdırır. Bir halda ki, son 5 gün ərzində Ermənistanın 200-dək tankı və digər zirehli texnikası, 228 ədəd artilleriyası, yaylım atəşli raket sistemləri, minaatanları, 30 ədəd hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan artıq avtomobil texnikası, 1 ədəd “S-300” zenit-raket kompleksi məhv edilibsə, eyni zamanda, 2300 nəfərədək canlı qüvvəsi məhv olubsa, yaralanıbsa, demək ki, bu ölkə artıq məğlub edilib. Əgər bir ordunun əsgər və zabitləri silah-sursatlarını, hərbi texnikalarını atıb qaçırsa, demək ki, bu ordu artıq rəzil gününə salınıb.  Ermənistanın ordusu haqqında yaratdığı mifi 2016-cı, 2018-ci, 2020-ci ilin iyul ayında dağıdan Azərbaycan Ordusu sentyabrın 27-dən başlanan əks-hücumla bir daha darmadağın edib”.

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, Azərbaycan Ordusu Ermənistan hərbi birləşmələrinə vurduğu zərərin maddi tərəfi də çox yüksəkdir: “Kobud bir hesablama aparsaq, görərik ki, tankın birinin qiymətinin təxminən 2-3 milyon dollardırsa, demək ki, hazırda 200-dək tank və texnikası məhv edilən Ermənistana 400-600 milyon dollar zərər vurulub. Təkcə, Ordumuzun məhv etdiyi “S-300” zenit-raket kompleksinin qiyməti 115 milyon dollardır. Eyni zamada, buraya artilleriyanı və digər texnikaları, silah-sursatları da əlavə etsək, demək ki, son 5 gün ərzində Ermənistana 1-1.5 milyard dollar zərər vurulub. Əgər Ermənistan zərərləri nəzərə almasa, işğalçı qoşunlarını tez bir zamanda çıxarmasa, zərər 4-5 milyard dollara qədər arta bilər. Bu isə Ermənistanın defoltu, çöküşü demək olacaq. Üstəgəl 2300-dən artıq ölən və yaralananların xərcləri, ailələrinin çətinliklərinin qarşılanması, xəstəxana xərcləri və başqa problemlər Ermənistanı çox çətin vəziyyətə salacaq. Diqqət edin, Ermənistanın hazırda dövlət büdcəsi təxminən 4 milyard dollardır. Beləliklə də, aydın olur ki, son 5 gün ərzində Ermənistana dövlət büdcəsinin 25-30 faizi miqdarında zərər vurulub. Əgər belə davam etsə, bütövlükdə Ermənistanın dövlət büdcəsinin 100 faizi miqdarında zərər dəyəcək. Bunun da nə demək olduğunu geniş şərh etməyə ehtiyac yoxdur”.

“Azərbaycan Ordusunun Ermənistan üzərində ardıcıl qələbəsi işğalçı ölkədə ictimai-siyasi vəziyyəti də gərginləşdirib” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Paşinyanı hakimiyyətdən salmaq üçün keçmiş kriminal rejimin nümayəndələri, eləcə də müxalifət hərəkətə keçib: “Hazırda elə bir gün yoxdur ki, Yerevanda və Ermənistanın müxtəlif yerlərində mitinqlər, etiraz aksiyaları keçirilməsin. Qarabağdakı vəziyyət Ermənistanda hakimiyyətə gəlmək istəyənlər üçün bir fürsətə çevrilib. Ona görə də, bu gün Paşinyan çaşqın bir durumdadır. O, həm cəbhədə vəziyyəti düzəldə, həm də yalanları ilə beynəlxalq aləmi inandıra bilmir. Bu isə onun hakimiyyətinin bacarıqsızlığını, özünün isə səriştəsizliyini sübut edir. Bir sözlə, bugünkü vəziyyət onu göstərir ki, Qarabağ müharibəsi Paşinyan totalitarizminin də sonunu gətirmiş ola bilər”.