YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elçin Şıxlı: Türkiyə-Azərbaycan media platforması ümumi bir məqsəd ortaya qoymalıdır

“Türkiyə-Azərbaycan media platforması ümumi bir məqsəd ortaya qoymalıdır və bu istiqamətdə böyük addımlar atılmalıdır”.

Bu fikirləri “Yeni Tv”-nin canlı yayımında Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deyib. 

O vurğulayıb ki, bu platforma vasitəsilə ölkələrimizin mövqeyini və istəklərini dünyaya daha rahat çatdıra bilərik: “Biz bu platforma vasitəsilə beynəlxalq aləmə çıxış imkanlarımızı artırırıq. Düşünürəm ki, bu platforma çoxdan olmalı idi. İndiyə qədər müxtəlif səviyyəli niyyət protokolları imzalanıb. Amma bunlar indiki səviyyədə olmayıb. Yəni qəzetlər səviyyəsində olub. Belə başa düşürəm ki, yeni platformanın yaradılması dövlətlərarası istəkdən irəli gəlib. Dünya Türkiyəni və mediasını bizdən daha yaxşı tanıyır. Bundan istifadə etməliyik. İindiyə kimi niyə istifadə etməmişik? Bu da ayrıca bir sualdır. Amma gec də olsa, proses başlayıb”. 

E.Şıxlı qeyd edib ki, hər bir dövlətin informasiya strategiyası fərqlidir: “Biz bir çox hallarda xəbər vermək əvəzinə təbliğat və təşviqatla məşğul oluruq. Bu isə sadəcə reklamdır. Yaxşı jurnalist üçün vacib məsələlərdən biri də yüksək səviyyədə dil və paralel olaraq jurnalistikanı dərindən öyrənməkdir”.
Azərbaycan Jurnalistlər Birliyinin sədri bildirib ki, Türkiyə mediası çox rəngarəngdir: “Məsələn, hansısa bir fransız xanım gəzinti zamanı telefonunu 1500 kilometr hündürlükdən düşürür. Bu məlumatın 5 dəfə anons edilməsi mənim üçün xəbər deyil. Bəzən bizim televiziyalarda da belə hallar olur. Auditoriyanı o qədər mənasız və yüngül şeylərə öyrətmişik ki, artıq tamaşaçı ciddi hadisələrə fikir vermir. Bəzən elə olur ki, deyirlər bəs bu məsələ ilə bağlı niyə xəbər verməmişdiniz? Bizsə cavabında bildirmişik ki, məlumatı vermişik sadəcə sizin başınız şouya qarışdığından oxuya bilməmisiniz. Biz hansısa müğənini və aktyoru gündəmə gətirməməliyik. Onlar qədərində mediada yer almalıdırlar”.