YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Türkiyə tarixinin ən böyük təbii qaz yatağının kəşf olunması münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğanı təbrik edib

Prezident İlham Əliyev Türkiyə tarixinin ən böyük təbii qaz yatağının kəşf olunması münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.

Dövlətimizin başçısı məktubda Türkiyənin enerji təhlükəsizliyi sahəsində növbəti önəmli addımını atdığını bildirib. Prezident qeyd edib ki, qaz yatağının işlənməsi qardaş Türkiyə xalqına faydalar gətirəcəkdir. Bu yatağın kəşfi həm də Türkiyənin sənaye potensialının və artan gücünün təzahürüdür.

Məktubda vurğulanıb ki, Azərbaycan və Türkiyə uzun illər ərzində nəhəng enerji və nəqliyyat layihələrini uğurla icra edirlər. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, Bakı-Tbilisi-Qars layihələri ölkələrimiz və xalqlarımız üçün yeni imkanlar açır və Azərbaycan-Türkiyə tərəfdaşlığını daha da möhkəmləndirir.

Dövlətimizin başçısı ümid etdiyini bildirib ki, Türkiyənin hazırda apardığı digər kəşfiyyat layihələri də müvəffəqiyyətlə nəticələnəcəkdir. “Qardaş Türkiyənin uğurlarına öz uğurlarımız qədər sevinirik. Əminəm ki, Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu bundan sonra da inkişaf edəcək və güclənəcəkdir”, – deyə məktubda vurğulanıb.

Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğana möhkəm cansağlığı, işlərində uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.