YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan əsgərinin fədakarlığı sadəcə söz deyil, gerçəklikdir

Elmar MƏMMƏDOV

YAP Gənclər Birliyi Ofisinin rəhbəri   

Müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçmişdir. Bu gün artıq müstəqil Azərbaycanın peşəkar hərbçi kadrlardan ibarət, güclü maddi-texniki bazaya, müasir texnika və silahlara malik olan nizami ordusu vardır.

Azərbaycanın güclü, modern ordusu yaranıb və bir neçə il bundan öncə aprel döyüşlərində ordumuz bunu sübut etdi. Təbii ki, ordunun gücü ilk növbədə onun Ali Baş Komandanı, zabiti və əsgərindədir, ancaq biz ordumuzun müasir silahlarla təchiz olunmasını da diqqətdən kənarda qoya bilmərik. Azərbaycan bu istiqamətdə bir sıra dövlətlərlə əməkdaşlıq edir və ən müasir texnologiyaya əsaslanan silahlar alır və yenə də alacaq. Cənab Prezidentin bunu bəyan etməsi və hər il yeni silahların alınmasına kifayət qədər vəsaitin ayrılması çox yaxşıdır.

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutdu. Əfsuslar olsun ki, bütün dünyada koronavirus pandemiyası tüğyan etdiyi bir zamanda mənfur düşmən yenə də öz çirkin xislətinə sadiq qalaraq, kobud şəkildə işğalçılıq siyasətini davam etdirməyə çalışdı. Nəticədə isə düşmənin cavab atəşi ilə susdurulması bir daha bu ölkəyə, onun havadarlarına bir mesaj oldu ki, Azərbaycan ordusu güclüdür, güclənməkdə davam edəcək və əgər dünənki kimi aprel hadisələri təkrarlanarsa, bu, düşmən üçün ciddi uğursuzluqla nəticələnəcək, Azərbaycan heç vaxt öz torpaqlarının işğalı ilə barışmayacaq.

Qürurverici haldır ki, Ali Baş Komandan sistemli şəkildə təmas xəttində, səngərlərdə olur, əsgərlərlə görüşür, onları təltif edir, durumları ilə maraqlanır, onlarla birgə əsgər yeməyi yeyir. Bunlar həm orduda böyük ruh yüksəkliyi doğurur, həm də onun daxilində olan məsələləri öyrənib problemlərin dərhal həll olunmasına şərait yaradır. Bütövlükdə ordu-rəhbər birliyi, ordu-xalq vəhdəti özünün yüksək səviyyədə həllini tapmışdır! Bu vəhdətin sübutunu biz dörd  il əvvəl aprel döyüşlərində, daha sonra Günnüt zəfərində, eyni zamanda sonuncu dəfə dünən Tovuz istiqamətində gedən döyüşlərdə gördük. Bu vaxt həyata keçirilən hərbi əməliyyatlar Azərbaycan Ordusunun nəyə qadir olduğunu göstərdi. Gördük ki, bu ordu çox qısa müddətdə qarşısına qoyulan vəzifələri yüksək səviyyədə həyata keçirmək iqtidarındadır. Aprel döyüşləri başlayanda yüzlərlə Azərbaycan gənci hərbi xidmətə çağırış vərəqəsini gözləmədən döyüşmək istəyi ilə səfərbərlik orqanlarına müraciət etdi. Əməliyyat gedən əraziyə bu gəncləri buraxmamaq üçün bir sədd yaratmışdılar. Ermənistan tərəfdə isə Azərbaycan əsgərindən, Azərbaycan silahından qorxub qaçan erməni əsgərlərini saxlamaq üçün sədd çəkmişdilər, hətta onları geriyə qaytarmaq üçün güllə ilə vururdular da! Bərkə düşən kimi erməni hərbçiləri qaçmağa başladılar. Çünki bilirdilər ki, Qarabağ onların deyil və bu ərazidə müvəqqətidirlər! Azərbaycanın Ermənistana tərs silləsi olan aprel müharibəsi həm Dağlıq Qarabağ münaqişəsində indiyədək yaranmış vəziyyəti ərazi baxımından qismən dəyişdi, həm qüvvələr nisbətində baş vermiş ciddi dəyişiklikləri nümayiş etdirdi, həm də çox ciddi psixoloji dönüşə səbəb oldu! Cəmi dörd gün çəkən aprel müharibəsi göstərdi ki, Azərbaycan iqtisadi, siyasi, mənəvi-psixoloji və hərbi cəhətdən düşməndən qat-qat güclü və üstün mövqedədir!

Daha sonra Aprel qələbəsindən daha da ruhlanan Azərbaycan Ordusu iki il sonra daha bir böyük zəfər qazandı. Əlahiddə Ümumqoşun Ordu tərəfindən Günnüt kəndi və ətraf ərazilərin nəzarət altına alınması bir daha göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək əzmindədir. 

Dünən Tovuz istiqamətində gedən döyüşlərdə isə əldə etdiyimiz zəfərlər bütün dünya ölkələrinə bir daha göstərdi ki, Azərbaycan hər an öz torpaqlarını düşmən tapdağından azad etməyə qadir ölkədir. Çünki Azərbaycan əsgərinin qəhrəmanlığı, Azərbaycan xalqının Vətən və Torpaq kimi yüksək dəyərlər uğrunda birliyi və fədakarlığı sadəcə söz deyil, gerçəklikdir. Ali Baş Komandanın vurğuladığı kimi, müharibə hələ bitməyib. Xalqın yeganə ümidi şanlı Azərbaycan Əsgərinədir!