YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Hazırda ölkədə karantin rejiminin qüvvədə olması mövcud vəziyyətə uyğundur

“Hazırda dünya çox həssas bir dövr yaşayır. Koronavirus pandemiyası (COVID-19) dövlətlərin iqtisadiyyatına, həyatın bütün sferalarına, o cümlədən insanların psixoloji vəziyyətinə təsir etməkdədir. Bu bir reallıqdır ki, pandemiyanın yayılması və insanların kütləvi surətdə COVID-19 virusuna yoluxmasının qarşısının alınmasında məhdudlaşdırıcı tədbirlər əsas rol oynayır və müsbət nəticələnir. Bu baxımdan Prezident İlham Əliyevin həyata keçirdiyi çevik tədbirlər və zamanında qəbul edilən qərarlar mühüm yer tutur. Məhz bunun nəticəsidir ki, hazırda ölkədə vəziyyət nəzarətdə saxlanıla bilir”. Bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, bu il iyulun 6-da Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan 800 çarpayılıq modul tipli hospitalın açılışında iştirak ediblər. Tibb ocağında yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibə verib. Ölkə başçısının müsahibə zamanı qeyd etdiyi məqamlara xüsusi diqqət yetirməliyik. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, COVID-19 xəstələrinin sayı artır və bu da əlavə çarpayıların artırılmasını və müvafiq istiqamətdə işlərin gücləndirilməsini tələb edir. Buna görə dövlət tərəfindən vaxtında lazımi işlər görülür. Eyni zamanda, növbəti aylarda 1300 çarpayılıq yeni xəstəxananın istifadəyə veriləcəyi diqqətə çatdırılıb. Yəni, təqribən iki ay ərzində 2 mindən çox xəstə üçün nəzərdə tutulan xəstəxanaların istifadəyə verilməsi koronavirus infeksiyası ilə mübarizədə bizə əlavə imkanlar yaradacaq.

Prezident İlham Əliyev, həmçinin modul tipli xəstəxanaların inşasının davam etdirilməsini diqqətə çatdıraraq xatırladıb ki, dünyada heç bir ölkə bu pandemiyaya hazır deyildi. Biz ən kritik vəziyyətə hazır olmalıyıq.

“Hazırda ölkədə karantin rejiminin qüvvədə olması mövcud vəziyyətə uyğundur. Hamımız başa düşürük ki, evdə qalmaq indiki vaxtda o qədər də asan deyil və bu, insanlara psixoloji təsir edir. Ancaq Prezidentin də qeyd etdiyi kimi, məhdudlaşdırıcı tədbirlər vəziyyətə uyğun həyata keçirilir və bu gün karantin rejiminin qüvvədə qalması düzgün addımdır. Biz əgər dünyada bəzi ölkələrə diqqət yetirsək görərik ki, onlar karantin rejiminin yumşaldılmasından sonra yenidən sərt formaya qayıtmaq məcburiyyətində qaldılar. Məsələn, bu yaxınlarda Britaniya hökuməti ölkədə karantin rejimini yumşaltdı, kafe, restoranlar müştərilərə açıq elan edildi. Ancaq bir neçə gün sonra bəzi kafeləri bağlamağa məcbur oldu, çünki orada koronavirus aşkarlanan müştəri olub. Avstraliyada da bu vəziyyəti müşahidə edə bilərik. Ölkənin ikinci ən böyük Melburn şəhəri növbəti dəfə sərt karantin rejiminə qayıtmaq məcburiyyətində qaldı. Bunlar bir daha göstərir ki, mövcud vəziyyətin idarə edilməsi heç də bütün ölkələrdə uğurla nəticələnməyib. Hazırda ölkəmizdə vəziyyətin nəzarətdə saxlanılması, insanların sağlamlığının qorunması istiqamətində atılan addımlar, mövcud nəzarət təbirləri ən doğru addım hesab edilir və təbii ki, bu işdə ölkə rəhbərinin uğurlu liderliyi açıq-aydın görünür”, -deyə komitə sədri vurğulayıb.