YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tural Gəncəliyev: Ermənistanın siyasi rəhbərliyinin oyunları nəticəsiz qalacaq

Mayın 21-də Ermənistan sülh prosesinə ən yüksək səviyyədə zərbə vuran bir addım ataraq, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin erməni icmasına özünün təşkil etdiyi qanunsuz “seçki” şousu ilə təyin etdiyi qondarma “prezident” üçün qondarma “andiçmə mərasimi” təşkil etdi.

Bu fikirləri Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev səsləndirib. İcma rəhbəri qeyd edib ki, bu təxribat Ermənistanın siyasi rəhbərliyinin ən yüksək səviyyədə təmsilçiliyi ilə Azərbaycanın işğal olunmuş Şuşa şəhərində, Azərbaycan kinoteatrının binasında təşkil edilib.

Bütün addımlar – qondarma “seçki” şousu, qondarma “andiçmə” tədbiri və ən əsası bu tədbirin Azərbaycan üçün xüsusi mənəvi önəmi olan yerdə - Şuşada təşkili bir məqsədə - sülh danışıqlarının nəticəsiz qalmasını təmin etməyə xidmət edirdi.

Onun sözlərinə görə, mayın 21-də təşkil edilən “tədbir” o qədər mənasız və əsassız idi ki, qondarma rejimin yeni oyuncaq “rəhbəri” öz çıxışında Ermənistan baş nazirinin 2019-cu ilin avqustunda Xankəndidə səsləndirdiyi “Qarabağ Ermənistandır, nöqtə” ifadəsini eynilə təkrar edib.

“Belə olan halda sual olunur ki, əgər Qarabağ Ermənistandırsa, sən kimsən? Cavab isə, əslində, çox aydındır - Ermənistan tərəfindən münaqişənin mahiyyətini təhrif etmək məqsədilə işğal edilmiş Azərbaycan ərazilərinə təyin olunmuş qondarma nümayəndə” , - deyə T. Gəncəliyev əlavə edib.

O bildirib ki, Ermənistanın siyasi rəhbərliyinin bu oyunları nəticəsiz qalacaq. Münaqişənin mahiyyəti ən yüksək səviyyədə hüquqi təsdiqini BMT və digər beynəlxalq təşkilatların qətnamə və bəyanatlarında tapıb. ATƏM-in (indiki ATƏT) 1992-ci ilin mart ayında Helsinkidə keçirilən sammitinin yekun sənədində aydın göstərildiyi kimi, Ermənistan və Azərbaycan respublikaları münaqişə tərəfləri, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları isə münaqişənin maraqlı tərəfləridir.

T.Gəncəliyev vurğulayıb ki, Ermənistan tərəfindən işğal olunmuş Qarabağ bölgəsi Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir və bu, dəyişdirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsində də göstərildiyi kimi, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.

“Bir daha bəyan edirik ki, münaqişə yalnız ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində, işğalçı Ermənistan ordusunun Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılması və öz torpaqlarından didərgin düşmüş azərbaycanlı məcburi köçkünlərin bütün işğal olunmuş ərazilərə geri qayıtmasından sonra həll edilə bilər. Bölgədə davamlı və ədalətli sülhün təmini isə yalnız Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində erməni və azərbaycanlı icmalarının ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində, sülh şəraitində birgə yaşayışı ilə mümkündür. Bu, bizim üçün “qırmızı xətt”dir və regionda sülhün təmin olunması üçün başlıca şərtdir”, - deyə T.Gəncəliyev bildirib.