YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin iclasında Hesablama Palatasının illik hesabatı dinlənilib

2019-cu ildə 47 audit və 6 analitik fəaliyyət həyata keçirilib. Yeni Qanunun tələblərinə uyğun olaraq 28 uyğunluq, 7 maliyyə, 8 maliyyə və uyğunluq auditi və ilk dəfə olaraq 4 səmərəlilik auditi aparılıb.

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin plenar iclasında rəhbərlik etdiyi qurumun illik hesabatını təqdim edərkən deyib.

O qeyd edib ki, audit prosesi müxtəlif mərhələyə malik olan prosesdir və bu proses zamanı kənar dövlət maliyyə nəzarəti obyekti ilə müəyyən edilmiş hər pozuntunun müxtəlif səviyyələrdə müzakirəsi həyata keçirilib. Hesabatda 43 maliyyə və uyğunluq auditinin nəticələri icmallaşdırılıb, yol verilən pozuntular təsnifləşdirilərək ayrı-ayrı audit olunan qurumlar üzrə say və ümumi məbləğdə xüsusi çəkisi müəyyən edilib.

Onun sözlərinə görə, ötən il Hesablama Palatasının auditorları tərəfindən 561 sayda nöqsan müəyyən olunub. Palata sədri əlavə edib ki, aşkar edilən nöqsan bir auditə orta hesabla 13,1 nöqsan deməkdir. Əvvəlki illə müqayisə etsək 2019-cu ildə nəticələri üzrə müəyyən edilmiş nöqsanlar təsnifləşdirilmiş nəzarət tədbirlərinin sayı 18,9 faiz, nöqsan sayı isə 21,4 faiz azalıb, nəticədə 2018-ci ilə nisbətən 1 tədbirə düşən nöqsan sayında azalma təqribən 3 faiz təşkil edib.

V.Gülməmmədov, həmçinin bildirib ki, 2019-cu ildə 21,3 milyon manat vəsaitin bərpası təmin edilib ki, həmin vəsaitin 19,6 milyon manatı dövlət büdcəsinə, 1,3 milyon manatı büdcədənkənar dövlət fondunun büdcəsinə və 335,4 min manat vəsait qurumların hesabına daxil olub. 2019-cu ildə 3 milyon manat dəyərində mal-materialın natura formasında bərpası təmin edilib, 1,1 milyon manat görülməmiş işlər yerinə yetirilib, 2,8 milyon manat artıq ödənilmiş vəsait sonrakı ödənişlər hesabına əvəzləşdirilib, 5,4 milyon manat məbləğində debitor borcun bağlanılması və 376 min manat məbləğində əsassız kreditor borcun ləğv edilməsi təmin olunub.

Hesablama Palatasının sədri diqqətə çatdırıb ki, hesabat qanunun tələblərinə uyğun hazırlanıb. Mütərəqqi təcrübə öyrənilib, hesabatda 2018-2020-ci illər üzrə qəbul edilmiş Strateji İnkişaf Planı ilə nəzərdə tutulmuş məqsədlərə dair tədbirlər, Hesablama Palatasının ötən ildəki həm nəzarət, həm də inzibati fəaliyyəti üzrə əsas nəticələr əks etdirilib.

Vüqar Gülməmmədov deputatlara həyata keçirilmiş nəzarət tədbirləri, müxtəlif büdcə və hesablara bərpa edilmiş vəsaitlər, nöqsanlara yol vermiş vəzifəli şəxslərə tətbiq edilən inzibati tənbeh tədbirləri, səmərəlilik auditləri nəticəsində aşkar olunmuş səmərəsiz xərclər və s. barədə də məlumat verib.

Daha sonra məsələ ilə bağlı müzakirələr aparılıb.