YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müasir milli çağırışlar, Prezident İlham Əliyevin nitqi və radikal müxalifətin antimilli fəaliyyəti

Hikmət BABAOĞLU

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı

2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş video-konfrans müşavirədə Azərbaycan Prezidenti bir sıra mühüm məsələlərə toxundu. Əlbəttə ki, ilk növbədə birinci rübdə görülən işlərin hesabatı, sosial-iqtisadi sferada əldə edilmiş nailiyyətlər, həyata keçirilmiş siyasət və bunun nəticələri müzakirə edildi və eyni zamanda, bu gün bütün dünyada aktual olan koronavirus təhlükəsinə və təhdidlərinə qarşı ölkəmizdə həyata keçirilən tədbirlər haqqında geniş, ətraflı fikirlər səsləndirildi.

Azərbaycan koronavirus təhlükəsinə qarşı effektiv tədbirlər görən ölkələr sırasındadır

Hazırkı mərhələdə koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycan önləyici tədbirlər almaqla çox nümunəvi bir təcrübə əldə etməyi bacarıb, dünyanın bir sıra inkişaf etmiş ölkələri ilə müqayisədə Azərbaycanda daha ciddi uğurlar əldə olunub və bu günə qədər Azərbaycan bu virusun təhlükəli həddə yayılmasının və total xarakter almasının qarşısını ala bilib. Nəzərə alsaq ki, koronavirus təkcə pandemiya hadisəsi deyil, eyni zamanda, hər bir ölkənin sosial-iqtisadi, mənəvi, humanitar sferalarına dərindən təsir edən bir faktora çevrilib, o zaman, əlbəttə ki, bir sıra ölkələr ən müxtəlif çağırışlarla üz-üzə qalmalı olurlar. Çünki uzun müddət sosial fərdlərin aktiv fəaliyyətinin qarşısının alınması, eyni zamanda, iqtisadi münasibətlərə, milli iqtisadiyyata da təsir göstərir və bu məhdudiyyətlər iqtisadi fəaliyyəti də məhdudlaşdırır. Azərbaycan Prezidenti qeyd etdi ki, biz əvvəlcədən bilirdik ki, sosial təcrid və sosial məhdudlaşdırmalar iqtisadi fəaliyyəti də məhdudlaşdıracaqdır, ancaq bizim seçimimiz Azərbaycan vətəndaşlarının sağlamlığından yana oldu və biz ilk növbədə vətəndaşların təhlükəsizliyini təmin etmək barədə düşündük, çünki iqtisadi tərəqqi və yaxud tənəzzül bir-birini əvəz edən hadisələrə çevrilə bilər, hər hansı bir iqtisadi uğura bir qədər daha sonra çatmaq olar, amma ilk növbədə, vətəndaşların sağlamlığının, onların təhlükəsizliyinin təmin olunması Azərbaycan dövlətinin ümdə vəzifələrindən biridir. Mən düşünürəm ki, elə Azərbaycanda həyata keçirilən sosial siyasətin əsasında da duran mənəvi-siyasi paradiqmalar buradan qaynaqlanır və bu, bir daha Azərbaycan Prezidentinin Öz vətəndaşlarına xidmət etməsi, Azərbaycan dövlətinin öz vətəndaşlarını himayə etməsinin çox bariz göstəricisidir.

Bu gün alınan qərarlar postkorona mərhələsində sosial-iqtisadi inkişafı təmin etməyə hesablanıb

Əlbəttə ki, bu məsələ Azərbaycan Prezidentinin çıxışının yalnız bir hissəsini təşkil edirdi. Prezident İlham Əliyevin çıxışında toxunulan digər kompleks məsələlər də var idi ki, bunların hər biri bir-birindən daha əhəmiyyətli idi. Çünki hazırkı mürəkkəb tarixi mərhələdə bu gün alınan düzgün qərarlar bundan sonrakı dövrdə də milli maraqları təmin edəcək xüsusi vasitə qismində çıxış edir. Ona görə də Prezident Öz nitqində postkorona erasına hazırlıqla bağlı çox mühüm tədbirlərdən, xüsusi sosial-iqtisadi paketlərdən, onların icra olunmasından danışdı və eyni zamanda, postkorona iqtisadiyyatı ilə bağlı da Azərbaycan hökumətinin, dövlətimizin qəbul etdiyi qərarlar barədə geniş məlumat verdi. Bəlli oldu ki, məhz bundan sonrakı mərhələdə iqtisadiyyatımızın yenidən canlanması, iqtisadi münasibətlərin öz axarına düşməsi üçün artıq Azərbaycan yenə də önləyici tədbirlər almaqdadır ki, biz bunun nəticəsini də postkorona mərhələsində görəcəyik

Avropa Şurası, qondarma rejimin "seçki" oyunu, insan hüquqları və azadlıqlarının istismar edilməsi

Azərbaycan Prezidentinin çıxışında bir sıra məsələlərə kompleks yanaşıldı və bunların bir qismi də həm ölkəmizin xarici siyasəti, həm də daxili siyasəti ilə bağlı idi. Bu mənada, Prezident İlham Əliyev mart ayının 31-də Dağlıq Qarabağda qondarma rejimin keçirməyə cəhd etdiyi saxta seçkilərdən və işğalçı Ermənistanın bunu himayə etməsindən danışaraq bir sıra mühüm məsələlərə toxundu və Münhen Təhlükəsizlik Konfransının panel iclasında təşkil olunan debatda bir daha Azərbaycanın necə ciddi bir diplomatik uğura imza atmasını, tarixi faktları bütün dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların diqqətinə çatdırmaqla bu davada Ermənistanın nə qədər haqsız olmasını göstərmiş oldu. Şübhəsiz ki, 31 mart qondarma seçkilərindən sonra dünyanın ən aparıcı beynəlxalq təşkilatları, hərbi-siyasi bloklar, Avropa İttifaqı, Qoşulmama Hərəkatına üzv ölkələr, İslam Əməkdaşlıq Təşkilatı, Türk Şurası və bu kimi digər çoxlu beynəlxalq təşkilatlar və ayrı-ayrı dövlətlər "seçki"nin nəticələrini tanımadıqlarını bəyan etdilər. Bu, əlbəttə, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri, rolu, nüfuzu və onun həyata keçirdiyi siyasi diplomatiya strategiyası ilə bağlı olan məsələlərdir ki, Azərbaycan bu dəstəyi əldə edə bilib. Və şübhəsiz ki, bu dəstək sonrakı mərhələdə Azərbaycanın atacağı qətiyyətli addımlar zamanı hadisələr hərbi-siyasi müstəviyə transfer olunanda Azərbaycana ciddi beynəlxalq dəstək kimi özünü büruzə verəcək. Ancaq bu kontekstdə hazırkı mərhələdə milli həmrəyliyimizin təmin olunması, milli enerji və gücün milli maraqlar ətrafında səfərbər olunması olduqca vacib bir məsələdir. Ona görə də ölkəmizdə iqtisadi islahatlarla bərabər siyasi islahatların həyata keçirilməsi Azərbaycanda çox mühüm siyasi dialoq mərhələsini yaradıb. Yeni siyasi dialoq mərhələsi, şübhəsiz ki, siyasi mövqeyindən, siyasi dünyagörüşündən asılı olmayaraq ölkəmizin bütün daxili siyasi aktorlarının enerjisinin məhz milli maraqlar ətrafında səfərbər edilməsinə hesablanıb ki, bu da sonrakı mərhələdə Azərbaycanın milli gücünün məhz ərazi bütövlüyümüzün həlli məsələlərinə yönəldilməsi baxımından olduqca əhəmiyyətlidir. Bu mənada, Azərbaycan Prezidenti iki mühüm məsələyə toxundu. Onlardan biri ölkəmizdə həyata keçirilən islahatların bütün sferaları əhatə etməsi, ikincisi isə bəzi beynəlxalq təşkilatların digərlərindən fərqli olaraq Dağlıq Qarabağda həyata keçirilən qondarma seçki oyununa loyal münasibəti idi. Bu kontekstdə Prezident tamamilə haqlı olaraq Avropa Şurası və Avropa Şurası Parlament Assableyasının adını çəkdi və insan hüquqlarının qorunması üzrə ixtisaslaşmış bu beynəlxalq təşkilatın, çox təəssüf ki, insan hüquqlarının müxtəlif şəkildə pozulmasına göz yummasını tənqid etdi. Doğrudan da, Avropa Şurası əgər insan hüquq və azadlıqlarına, beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsinə diqqət yetirən bir təşkilatdırsa və bunu öz fəaliyyət prinsipinin əsaslarından biri kimi müəyyən edibsə, o zaman ilk növbədə Ermənistanın işğalı nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və ətrafındakı 7 rayondan məcburi köçkün düşmüş vətəndaşların hüquqlarını yada salmalı və bu kontenkstdə qondarma "Dağlıq Qarabağ" rejiminin işğalçı ölkəylə birlikdə Azərbaycanın ərazilərində həyata keçirdiyi seçki şousunun qəbuledilməz olduğunu bildirməli idi. Çox təəssüf ki, biz Avropa Şurasından belə addım görmədik. Bu, əslində, eyni zamanda, Avropa Şurası və onun Parlament Assambleyasının qlobal imperializmin struktur vahidi kimi ona xidmət edən bir təşkilat olduğunu göstərdi və bu təşkilat üçün, əslində, insan hüquqlarının, qlobal və universal dəyərlərin sonuncu planda olduğunu bir daha ortaya qoymuş oldu. Bu mənada, Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Şurası haqqında söylədiyi fikirlər, əslində, həm də Azərbaycan vətəndaşlarının bu beynəlxalq təşkilata olan münasibətinin də göstərici oldu. Çünki hər bir Azərbaycan vətəndaşı hesab edir ki, Avropa Şurası Azərbaycanın haqlı və ədalətli mövqeyini dilə gətirməkdən daha çox bu və ya digər formada manipulyasiya edərək ölkəmizi siyasi şantaj etməklə məşğuldur ki, bu da işğalçı Ermənistanın və qondarma rejimin maraqlarına xidmət etmək deməkdir .

Radikal müxalifət xarici antiazərbaycançı mərkəzlərin təzyiq rıçağı rolunda...

Əslində, ölkədaxili siyasi proseslərin qiymətləndirilməsində də Avropa Şurası eyni qərəzli mövqeyi nümayiş etdirir və bu ənənə halını alıb. Avropa Şurasındakı bəzi ermənipərəst dairələr ölkəmizdəki radikal marginalları milli müstəqil iradəmizə qarşı təzyiq mexanizmi kimi istifadə etməyə çalışırlar. Bəzən radikal marginallarla Ermənistanın bir çox məsələlərə sinxron münasibəti də elə buradan qaynaqlanır. Hazırda karantin rejimi şəraitində yaşayırıq və bunun özünəməxsus zəruri tələbləri, qaydaları var ki, onlara əməl etmək hər birimizin vətəndaşlıq borcudur. Çünki məqsəd milli təhlükəsizliyimizi təmin etmək, vətəndaşlarımızın koronovirusa yoluxmasının qarşısını almaqdır. İndiki vəziyyətə bu cür tədbirlərə qarşı çıxmaq və onu siyasiləşdirmək sadəcə milli maraqlarımıza qarşı düşmənçilikdir. Çox təəssüf ki, radikal müxalifət bunu da edir.

"Milli şura" vətəndaşlarımızı karantin rejiminin əleyhinə hüquqpozmalara təşviq etməklə ictimai maraqlarımıza zərbə vurur

"Milli şura" adlandırılan qurum Azərbaycanda konkret cinayət əməlləri törədən şəxslərin, yaxud karantin rejiminin tələblərini pozanların müvafiq qaydada cəzalandırılmasını siyasiləşdirməyə çalışır. Bununla bağlı qondarma hüquq müdafiəçisi təşkilatlara əsassız məlumatlar veriri və ayrı-ayrı beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının Azərbaycan üzrə məruzəçisinin hesabatına qeyri-obyektiv informasiyalar təqdim edir. Bu, antimilli dairələrin maraqlarına xidmət etməkdir. Ona görə də radikal müxalifətin fəaliyyəti heç bir halda xalqımızın milli maraqları və ictimai maraqlarımızla izah edilən bir hadisə deyil. Azərbaycan Prezidentinin nitqində də diqqətin həm də bu məqama çəkilməsi radikal müxalifətin dağıdıcı fəaliyyətinin cəmiyyətimiz və onun demokratik institutları tərəfindən nəzərə alınması və belə dağıdıcı fəaliyyətin kütləvi qınanılmasına hesablanmışdı. Çünki Azərbaycanda formalaşan konstruktiv müxalifət, parlament müxalifəti kimi klassik müxalifətdən kənarda fəaliyyət göstərən bir qrup marginal siyasiləşmiş təşkilatlanmalar hər fürsətdə dövlətimizin maraqlarına zərbə vurmağa çalışırlar. Onların daim ifşa olunması, şübhəsiz ki, siyasi sistemimizin daxili aktorlarının ən mühüm vəzifələrindən biridir. Bu hadisənin özü də iki kontekstdə qiymətləndirilməli və düzgün izah edilməlidir. Bunlardan biri radikal qruplaşmaların daim xaricdən direktivlər almaqla siyasi sistemimizə dağıdıcı mesajlar ötürməsi və onu zəiflətməsidir ki, bu, nəticə etibarilə, Azərbaycanı sevməyən mərkəzlərlə radikal qruplaşmaların birgə fəaliyyəti kimi özünü büruzə verir. İkincisi isə, hakimiyyətə qarşı qeyri-obyektiv tənqidi mövqe tutmaqla ölkə daxilində siyasi təzuiq rıçaqları formalaşdıraraq xarici antiazərbaycançı mərkəzlərin maraqlarını təmin etmək və yaxud hakimiyyəti milli maraqlarımız əleyhinə güzəştə məcburetmə məntiqidir. Amma əlbəttə ki, Azərbaycan güclü ölkədir, heç vaxt milli maraqlardan kənarda addımlar atmayıb və atmayacaqdır. Çox təəssüf, ki hazırda marginal qruplar müasir texnologiyaların, internet resurslarının verdiyi innovativ vasitələrdən də istifadə etməklə Azərbaycanda öz tərəfdarlarının sayını artırmağa çalışırlar ki, bu da mümkün olmur.

Rəngli inqilablara, "ərəb baharı"na həvəslənənlərin uğursuzluğu xalqımızın böyük uğuru oldu

Azərbaycanda radikal müxalifət daim milli maraqlarımıza zərbə vurub. Ona görə də Azərbaycan xalqı tərəfindən onlar siyasi sistemin autsayderləri kimi müəyyənləşdiriliblər. Azərbaycan Prezidenti Öz nitqində qeyd etdi ki, 2005-ci ildə postsovet məkanında inqilablar baş verən zaman narıncı inqilablar dalğasına qoşularaq Azərbaycanda qeyri-qanuni yollarla, Azərbaycan xalqının iradəsinin əleyhinə olaraq hakimiyyətə gəlməyə cəhd göstərdilər. Qızılgül, qərənfil, narıncı jiletlilər inqilablarına qoşulmağa çalışdılar, amma bunların hər biri uğursuz oldu. Çünki bəlkə, hansısa ölkədə hakimiyyət dəyişikliyini zəruri edən səbəblər var idi, ancaq Azərbaycanda xalq-iqtidar birliyi olduğu üçün bu, aktual deyildi. İkincisi, 2011-ci ildə "ərəb baharı" adlandırılan və sonradan, əslində, mahiyyətinin nə olduğu üzə çıxan bu proseslərdə Azərbaycandakı müxalifət yenə xalqımızın maraqlarının əleyhinə təşkilatlanmağa başladı və Azərbaycanı ərəb ölkələrindəki xaosa sürükləməyə cəhd göstərdilər. Ancaq bu da alınmadı. Və bunun alınmamasının əsl səbəbi yenə Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət və bu siyasətin xalq tərəfindən dəstəklənməsi idi.

Azərbaycanda həyata keçirilən islahatlar, ümummilli siyasi dialoq və radikal müxalifətin imtina seçimi

İndi isə bu proseslər arxada qalıb və hazırda Azərbaycan Prezidenti tərəfindən siyasi, iqtisadi islahatlar prosesi başladılıb və artıq xeyli vaxtdır ki, davam edir, olduqca uğurlu nəticələr əldə etməyimizə gətirib çıxarır. Azərbaycan Prezidenti qeyd etdi ki, 2019-cu il dərin islahatlar ili idi, amma 2020-ci il də islahatlar ili kimi xarakterizə olunacaqdır. Bu dialoqun yaradılmasında ilk və qətiyyətli genişmiqyaslı addımlar Azərbaycan hakimiyyəti tərəfindən atıldı. Yeni parlamentin yeni əsaslarda demokratik şəkildə formalaşması və parlamentarizm tariximizdə ilk dəfə olaraq parlamentdə də müxalifət təmsilçilərinin həm parlamentin ali rəhbərliyində, həm komitə sədri və komitə sədri müavinləri səviyyəsində təmsilçiliyinin olması, əslində, dialoqun real siyasi müstəvidə baş tutmasının nəticəsi kimi qiymətləndirilə bilər. Ancaq bu, məsələnin bir tərəfidir və genişmiqyaslı ümummilli maraqların tələb etdiyi siyasi formatı əldə etməyə mane olan müəyyən qüvvələr var ki, bunlar bütövlükdə dialoqdan imtina edən radikallar kimi tanınırlar. Ölkəmizdə həyata keçirilən islahatların nəticəsidir ki, Prezident Administrasiyasında siyasi partiyalarla iş aparmaq üçün xüsusi şöbə yaradılıb və bu şöbə Azərbaycan Prezidentinin siyasi iradəsi olan dialoq çağırışlarını bütün siyasi partiya və təşkilatlanmaların diqqətinə çatdırmağı bacarıb. Bu günə qədər ölkəmizdə tanınan və tanınmayan, rəsmi-hüquqi qeydiyyatdan keçən və keçməyən, siyasi partiya olmağa iddia edən bütün qruplaşmaların rəhbərləri ilə əlaqə yaradılıb. İndiki tarixi mərhələdə milli və qlobal çağrışlar kontekstində ümummilli dialoqun vacib şərt olduğu onların diqqətinə çatdırılıb. Böyük ölçüdə siyasi sistemimizin daxili aktorları arasında dialoq əhval-ruhiyyəsi bərpa olunsa da, dialoqa uzanan əli tutumaqdan imtina edən qruplaşmalara rast gəlmək mümkündür. Bu, əslində, bir daha milli maraqlara xidmət etməkdən imtina deməkdir. Siyasət, hər şeydən əvvəl, uzlaşma sənətidir. Maraqları ümummilli kontekstdə koordinasiya etməyi bacarmaq sənətidir. Ölkədəki problemləri hakimiyyətin diqqətinə təqdim etməklə onun həllinə nail olmaq sənətidir. Və nəhayət, şübhəsiz ki, müxalifətçiliyin məqsədlərindən biri də hakimiyyətə gəlmək və hakimiyyətdə təmsil olunmaqdır. Biz bunun hakimiyyətin müxtəlif qollarında təmsilçiliyinin şahidiyik. Qeyd etdiyimiz kimi, demokratik şəraitdə xalqımız tərəfindən lazımi qədər dəstək ala bilən siyasi partiyalar artıq hakimiyyətin ali qanunverici qolunda təmsil olunmaq imkanları əldə ediblər. Çox təəssüf ki, "Milli şura" adlandırılan radikal qruplaşma, onunla koordinasiyalı şəkildə fəaliyyət göstərən və sosial şəbəkələrdən Azərbaycan xalqının maraqlarına zərbə vurmağa çalışan ayrı-ayrı sosial şəbəkə iştirakçılarının fəaliyyəti heç bir halda Azərbaycanın maraqlarına uyğun deyil və bu, siyasi mədəniyyətimizə və siyasi sistemimizə qeyri-əxlaqi və dağıdıcı tendensiyalar gətirir, Azərbaycan xalqının ümumi siyasi mədəniyyətinə zərbə vurur ki, bu da növbəti proseslərdə, şübhəsiz ki siyasi sistemimizin keyfiyyətinə mənfi təsir göstərir. Ona görə də indiki çətin dövrdə, milli həmrəyliyin zəruri şərt kimi çıxış etdiyi bir vaxtda radikalların bu cür fəaliyyətdən imtina etməməsi bir daha onların ifşası və onların Azərbaycan xalqı tərəfindən qəbul edilməməsi deməkdir. Ancaq hər halda nəzərə almaq lazımdır ki, bu gün bəşəriyyət ağır pandemiya mərhələsindən keçməklə postkorona erasına hazırlaşır .

Dialoqdan imtina milli maraqlardan imtina deməkdir

Bundan sonra yaranacaq yeni beynəlxalq nizam özünə güvənən güclü millətlərin və xalqların mühüm rol oynadığı nizam olacaq. Ona görə də indiki şəraitdə milli maraqları və həmrəyliyi gözardı edən radikal qruplaşmalar dialoqdan imtina etməklə, əslində, Azərbaycanın milli maraqlarına xidmət etməkdən imtina etmiş olurlar. Bu isə ictimai müşahidənin diqqətindən yayınmır və növbəti siyasi proseslərdə radikalların özlərinin əleyhinə çevrilir. Azərbaycan Prezidenti qeyd etdi ki, əlbəttə, hakimiyyətdə müxalifətdə olmaq olar, amma dövlətə və xalqa müxalifətdə olmaq olmaz. Təəssüfləndirici haldır ki, radikal müxalifət məhz Azərbaycan dövlətinə, Azərbaycan xalqının maraqlarına qarşı müxalifətçilik edir. Ancaq dialoq mühiti və əhval-ruhiyyəsi indiki tarixi mərhələdə milli maraqlarımızı vahid siyasi müstəvidə səmərəli müdafiə edə bilmək üçün bir fürsətdir və hər bir Azərbaycan vətəndaşı siyasi mövqeyindən, radikal və yaxud qeyri-radikal düşüncələrindən asılı olmayaraq bu fürsəti layiqincə dəyərləndirməyi bacarmalıdır. Şübhəsiz ki, indiki qlobal çağrışlar kontekstində növbəti tarixi mərləhədə Azərbaycan daha güclü, daha böyük beynəlxalq nüfuza malik bir ölkəyə çevriləcək və bunun üçün hər birimiz əlimizdən gələni etməliyik. Kim bu yolda milli maraqlarımıza xidmət edən hazırkı səmərəli siyasi kursu dəstəkləyəcəksə, onu Azərbaycan xalqı ilə bərabər daha böyük uğurlar, kim hələ də xaricdən ianələr, direktivlər almaqla dağıdıcı fəaliyyətlə məşğuldursa, onları da tarixin arxivi gözləyir.