YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaşlı seçicilərin bir seçimi var: Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov

9 fevral 2020-ci il tarixdə Milli Məclisə keçiriləcək seçkilərin təbliğat-təşviqat kampaniyası Ağdaş rayonunda uğurla davam edir. Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov və təbliğat qrupunun üzvləri rayonun Xınaxlı kəndində yerləşən və xalq arasında “Veyis baba” kimi tanınan “Veysəl Qarani” ziyarətgahında oldular, ziyarətgahda qurban kəsildi, dualar oxundu, kəndin ağsaqqal və dindarlarının nümayəndələri ilə görüş keçirildi. Sonra görüşlər rayonun Kürqırağı kəndlərindən olan Kotavan, Ağzıbir və Pirəzə seçiciləri ilə davam etdi.

Hər üç görüşdə çıxış edən Cavid Osmanov seçicilərin yüksək əhval-ruhiyyə ilə görüşə gəldiklərinə görə hər bir seçiciyə dərin minnətdarlığını bildirdi. Cavid Osmanov kənd sakinlərinin ona verdikləri bu dəstəyin əslində onlar tərəfindən Yeni Azərbaycan Partiyasına verdikləri dəstək kimi qəbul etdiyini vurğuladı. Son 27 ildə Yeni Azərbaycan Partiyasının ölkəmizdə şərəfli bir tarix yazdığını və əldə edilmiş uğurların məhz Yeni Azərbaycan Partiyasının uğurları olduğunu qeyd etdi. Ölkəmizdə gedən uğurlu inkişafdan, rayonumuzda da bu inkişafın göz önündə olmasından bəhs edən Cavid Osmanov ölkə başçısı, partiyamızın sədri cənab İlham Əliyevin Ağdaş rayonuna xüsusi diqqət və qayğı göstərdiyini xüsusilə vurğuladı. Ötən dövr ərzində Milli Məclisdəki fəaliyyəti haqqında məlumat verən Cavid Osmanov seçicilərini əmin etdi ki, onu yenidən dəstəkləsələr növbəti dəfə də onların etimadını doğruldacaq, hər zaman olduğu kimi yenə də seçicilərinin səsinə səs verəcək, onların yanında olacaqdır.

Görüşlərdə təbliğat qrupunun üzvləri Sevgili İbrahimova və İsmayıl Xuduyev çıxış edərək qeyd etdilər ki, Kürqırağı  kəndlərdə yaşayan seçicilər 2016-cı ildə keçirilən təkrar seçkilərdə Cavid Osmanova dəstək olmaqla çox düzgün seçim etmişdilər. 9 fevralda da nəinki Kotavan, Xınaxlı, Ağzıbir, Pirəzə və Qaraoğlan kəndlərinin seçicilərinin, eləcə də bütün ağdaşlıların birlik nümayiş etdirəcəyinə əmin olduqlarını bildirən təbliğat qrupunun üzvləri bir daha bütün seçiciləri səsvermə günü seçki məntəqələrinə gəlməyə və partiyamızın irəli sürdüyü layiqli namizədə - Cavid Osmanova səs verməyə çağırdılar.

Görüşlərdə çıxış edən seçicilər ilk əvvəl ölkə başçısı cənab İlham Əliyevə Ağdaş rayonuna göstərdiyi xüsusi diqqət və qayğıya görə minnətdar olduqlarını bildirdilər. Cavid Osmanovun indiyə kimi çalışdığı vəzifələrdə rayonumuzun inkişafı üşün gördüyü işlərdən danışan çıxışçılar qeyd etdilər ki, o, yüksək dünya görüşünə, peşəkar idarəetmə qabiliyyətinə malik bir ağdaşlıdır və onlar artıq öz seçimlərini ediblər. Bu seçim məhz Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanovdur! Cənab Prezidenti, onun sədri olduğu Yeni Azərbaycan Partiyasını hər zaman dəstəklədiklərini bildirən seçicilər 9 fevralda keçiriləcək Milli Məclisə seçkilərdə də yekdilliklə ona səs verəcəklərini bəyan etdilər.