YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

“Bakutel-2014” sərgisində 23 ölkədən 250 şirkət iştirak edir

Dekabrın 2-də Bakı Exspo Mərkəzində informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə ən böyük ixtisaslaşmış tədbir - Azərbaycan Beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları” (“Bakutel-2014”) sərgisi işə başlayıb.
Ötən 20 ildə sərgi dünya ictimaiyyətinin diqqətini özünə cəlb edərək Xəzər regionunun aparıcı İKT forumuna çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin “Bakutel” sərgisini ziyarət etməsi bu tədbirin yüksək statusunu bir daha təsdiqləyir.
“Bakutel-2014” sərgisində dünyanın 23 ölkəsindən 250 şirkət iştirak edir. Onların arasında aparıcı İKT şirkətləri, habelə Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və məşhur brendlərin distribüterləri var.
Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin son illərdə həyata keçirdiyi işlər, habelə İKT sənayesinin inkişafı üzrə gələcək planlar barədə dolğun məlumatları əks etdirən Azərbaycan milli pavilyonu foyedə yerləşir. Uzun illər Azərbaycan hökumətinin etibarlı tərəfdaşı olan Birləşmiş Millətlər Təşkilatının (BMT) İKT sahəsi üzrə həyata keçirdiyi layihələrinin nümayiş etdirildiyi pavilyon da burada təşkil olunub.
Beynəlxalq Telekommunikasiya İttifaqı (İTU) ilk dəfə olaraq sərgidə öz stendi ilə iştirak edir. Bu il Cənubi Koreyanın Pusan şəhərində keçirilmiş konfransda son illər İKT sahəsində dinamik inkişafa nail olmuş Azərbaycan Respublikası Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilib. İTU-nun stendində təşkilatın gələn il qeyd ediləcək 150 illiyi ilə əlaqədar ötən müddət ərzində baş vermiş texnoloji inkişafı əks etdirən ekspozisiya təqdim olunur.
Azərbaycan “Bakı-2015” Birinci Avropa Oyunlarına hazırlaşır və “Bakutel” sərgisi bu əlamətdar hadisəni əhatə etməyə bilməzdi. “Bakı-2015” adlı stenddə Avropa Oyunlara hazırlıq prosesi, onun texniki və texnoloji məsələləri barədə məlumat və eksponatlar yer alıb.
“Bakutel” sərgisində Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə milli pavilyonların fəal iştirakı artıq xoş ənənəyə çevrilib. Bu il Böyük Britaniya, İran, İsrail, İtaliya, Kanada, Türkiyə, Estoniya və bir sıra digər ölkələr sərgidə maraqlı və innovativ layihələri, habelə İKT sahəsi üzrə məhsul və xidmətləri təqdim edirlər.
Builki sərgidə yeni iştirakçılar böyük fəallıq göstərirlər. Sərginin debütantları əsas etibarilə Azərbaycanın iqtisadi göstəricilərindəki yüksəlişlə əlaqədar olaraq yerli bazara marağı xeyli artan xarici iştirakçılardır. Finlandiyanın “Tecnotree” İB, İsveçrənin “Smartlink”, Amerikanın “Corning Optical Communications GmbH & Co.”, və “Procera Networks”, Türkiyənin “Erat Telecom” və “Erstream”, Hindistanın “Sei Trading India”, Latviyanın “BalticServers”, Çinin “GW Delight Technology” və “Hytera Communications Corporation Limited”, eləcə də Yaponiyanın “Sumitomo Electric”, Argentinanın “NVAP” və “ARSAT” şirkətləri sərgidə ilk dəfədir ayrıca stendlə təmsil olunurlar. Argentina ümumiyyətlə, bu sərgidə ilk dəfə iştirak edir.
Debütantların arasında bu il rekord sayda təmsil olunan “startap”lar da var. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “startaplar”a fəal dəstək göstərilir və bu dəstək “Bakutel” sərgisinin də ənənələrindən biridir. Onlara regionun İKT sektoru üzrə ən böyük tədbirində sənaye liderləri və dövlət strukturları ilə yanaşı dayanmaq, eləcə də dövlət və özəl investisiyaları cəlb etmək məqsədilə fərdi layihələrlə çıxış imkanı yaradılır. Bu il ölkənin 30-dan artıq gənc layihəçisi bu imkandan yararlanır.
Son 10 ildə Azərbaycanda telekommunikasiya və İKT bazarı köklü surətdə dəyişib və sürətlə inkişaf etməkdədir. Bu, inkişaf yeni məhsulların və onların inteqrasiya imkanlarının nümayiş olunduğu “Bakutel” sərgisində dolğun əksini tapıb. Sərginin ekspozisiyasında telekommunikasiya və şəbəkələr, genişzolaqlı rabitə və yayım texnologiyaları, proqram təminatı və sistemin avtomatlaşdırılması, İT və ofis texnologiyaları, yüksək texnologiyalar təqdim edilir. Sərgi çərçivəsində bir neçə dəqiqə ərzində şəxsi sayt yaratmaq, istənilən növ avadanlıq üçün yeni onlayn-televiziya və mobil telefonlar üçün proqram işləmək, habelə aşağı sürətli internet vasitəsilə televerilişlərə baxmaq imkanı verən Azərbaycan dilində ilk platformanın, art-instalyasiyaları nümayiş etdirən “LED” video-divarların, avtomobillərin izlənməsi və avtoparkların idarə edilməsi üçün “GPS” sistemləri üzrə ən yeni texnologiyaların, habelə “Mobil pul kisəsi” üzrə həll variantlarının təqdimatı keçiriləcək.
“Iteca Caspian”, “ITE Group Plc” və “Caspian Event Organisers” (СЕО) şirkətlərinin təşkilatçılığı ilə keçirilən sərgiyə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən rəsmi dəstək göstərilir. Sərgini dəstəkləyənlər arasında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), eləcə də Birləşmiş Millətlər Təşkilatı (BMT) və Beynəlxalq Telekommunikasiya İttifaqı (İTU) kimi nüfuzlu təşkilatlar var.
Sərgi dekabrın 5-dək davam edəcək.
 

DİGƏR Xəbərlər Arxiv