Xəbərlər
“Bakutel-2014” sərgisində dünyanın 23 ölkəsindən 250 şirkət iştirak edəcək
Dekabrın 2-də Bakı Sərgi Mərkəzində Azərbaycan Beynəlxalq “Telekommunikasiya və İnformasiya texnologiyaları” (“Bakutel-2014”) sərgi və konfransı öz işinə başlayacaq. “Bakutel”in 20-ci yubiley sərgisində dünyanın 23 ölkəsindən 250 şirkət iştirak edəcək.
Bu barədə dekabrın 1-də keçirilmiş mətbuat konfransında məlumat verilib. Konfransda rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, “İTE Qrup” şirkətinin icraçı direktoru Edvard Stroon, “İntel” şirkətinin vitse-prezidenti Con Devıs çıxış ediblər.
Qeyd olunub ki, bu illər ərzində “Bakutel-2014” sərgisi dünya ictimaiyyətinin diqqətini özünə cəlb edərək Xəzər regionunun aparıcı informasiya-kommunikasiya texnologiyaları (İKT) forumuna çevrilib . Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sərginin təşəkkül tapmasında və inkişafında xüsusi rol oynayıb. 20 ildə sərgiyə dünyanın 50 ölkəsindən 2000-dən artıq şirkət qatılıb, onu yüz mindən çox ziyarətçi izləyib. Dünyanın 19 ölkəsi, o cümlədən Koreya, Fransa, Kanada, Litva və digər ölkələr bu sərgidə mütəmadi olaraq öz milli pavilyonları ilə çıxış ediblər. Hazırda bazarda uğurla fəaliyyət göstərən yerli iri şirkətlərin başlanğıc platforması məhz “Bakutel” sərgisi olub.
Onların arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və məşhur brendlərin distribyutorları var.
Builki sərgidə Azərbaycan milli pavilyonunda son illər həyata keçirilən işlər, İKT sənayesinin inkişafı üzrə gələcək planlar barədə məlumat veriləcək. Bundan əlavə, BMT-nin İKT sahəsi üzrə həyata keçirdiyi layihələrlə bağlı pavilyon nümayiş olunacaq. Beynəlxalq Telekommunikasiya İttifaqı (İTU) sərgiyə ilk dəfə öz stendi ilə qatılacaq. Böyük Britaniya, İran, İsrail, İtaliya, Kanada, Türkiyə, Estoniya və bir sıra digər ölkələr tərəfindən maraqlı innovativ layihələr, habelə İKT sahəsi üzrə məhsul və xidmətlər təqdim ediləcək.
Sərgi Mərkəzinin foyesində təşkil olunan stenddə “Bakı-2015” Avropa Oyunlarına hazırlıq prosesi, onun texniki və texnoloji aspektləri əksini tapacaq.
“Bakutel-2014” sərgisinin baş sponsoru “İntel” (ABŞ) korporasiyasıdır. Digər sponsorlar arasında “Eurodesign” (Azərbaycan) və “Tecnotree” (Finlandiya) şirkətləri yer alır.