YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müstəqillik tarixinin mühüm səhifəsidir

«Bu gün 27 illiyini  qeyd etdiyimiz  Yeni Azərbaycan Partiyasının yaranma zərurəti  illər keçdikcə daha aydın görünür. Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı xalqın böyük əksəriyyətinin istəyini  ifadə edən  91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə ünvanladığı «Azərbaycan Sizin sözünüzü gözləyir» müraciətində partiyanın yaranma zərurəti, xalqın istəyi geniş şəkildə  öz əksini tapıb. «91-lər»dən biri kimi həmin dövrün hadisələrinin bələdçisiyəm. Həmin müraciətdə də qeyd olunduğu kimi, o çətin  günlərdə məsuliyyətli işi  öz üzərinə götürməyə qadir yeganə şəxs ulu öndər Heydər Əliyev idi. Dahi şəxsiyyət Heydər Əliyevin müraciətə «Yeni, müstəqil Azərbaycan uğrunda» cavabından Onun Azərbaycanın müstəqilliyi üçün yaranan təhlükələrdən  narahatlığı daha aydın görünürdü. Ümummilli Lider bildirmişdir ki, Azərbaycanın dövlət müstəqilliyi bütün Azərbaycan  xalqının milli sərvətidir və heç cür yol vermək olmaz ki, bu, ayrı-ayrı siyasi partiyaların, qurumların, şəxslərin müstəsna səlahiyyətinə, monopoliyasına çevrilsin.»

Bu fikirləri YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə  Yeni Azərbaycan Partiyasının yaradılmasının 27 illiyi ilə bağlı KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, 1992-ci il 21 noyabrda təsis konfransını   respublikanın bütün bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirən  Yeni Azərbaycan Partiyası çox qısa zamanda  ümumxalq partiyasına çevrildi, ulu öndər  Heydər Əliyevin rəhbərliyi ilə biri-birindən mühüm uğurlara imza atdı. Ən önəmlisi, bu günümüz üçün zəruri olan uğuru yaranmasından 7 ay sonra iqtidar partiyasına çevrilməsi oldu.  1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı müstəqil Azərbaycanın, Yeni Azərbaycan Partiyasının tarixində önəmli mərhələnin təməlini qoydu. 1991-1993-cü ilin iyununa qədər olan dövr Azərbaycanın tarixində  uğursuz bir  səhifə  kimi öz əksini tapıb. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyətləri dövrü yaddaşlardadır. Ölkəni xaosa, anarxiyaya, özbaşınalığa sürükləyən bu ünsürlər dövlət müstəqilliyimizi itirmək, Azərbaycanın bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdular. Belə çətin məqamda  xalq üzünü öz xilaskarına-ulu öndər Heydər Əliyevə tutdu.

“Yeni Azərbaycan Partiyasının yaradılması dövrün, zamanın tələbi idi” fikrini qeyd edən  V.Rəhimzadə vurğulayıb ki, o vaxt hakimiyyəti dövlət çevrilişi nəticəsində zəbt etmiş AXC-Müsavat cütlüyü ən antidemokratik addımlar atmağa hazır idi ki, bu partiyaya əngəllər törətsin. Yeni Azərbaycan Partiyası o vaxt ölkədə siyasi sistemin yaradılmasına  çox böyük töhfə vermişdir. Bu gün Azərbaycan demokratiya yolunda inamla irəliləyir. Demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqləyən ölkəmizdə  demokratik cəmiyyətin atributları olan insan hüquq və azadlıqlarının qorunması, azad mətbuatın inkişafı, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi kimi biri-birindən vacib məsələlər ölkəmizdə öz həllini tapdı. Məhz ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin və hazırda bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurlu davam etdirilməsinin nəticəsində Azərbaycanın demokratiya təcrübəsi dünyaya nümunə göstərilir.

«1992-ci il 21 noyabr tarixindən bizləri ayıran  27 illik zaman  Yeni Azərbaycanı Partiyasının  imza atdığı uğurların bələdçisidir» söyləyən V.Rəhimzadə qeyd edib ki, hazırda partiyanın sıralarında 750 minə yaxın  üzvün birləşməsi yalnız statistika deyil, Heydər Əliyev ideyalarına sədaqətin, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətə inamın göstəricisidir. 750 minə yaxın üzv, eyni zamanda, həqiqətlərimizin, Azərbaycana uğur qazandıran Heydər Əliyev ideyalarının təbliğatçısıdır. Bir məqamı da qeyd edək ki, partiyanın sıralarında  birləşən üzvlərin 40 faizini gənclərin təşkil etməsi də  bir çox məqamların təqdimatıdır. Dövlətimizin başçısı İlham Əliyev  partiyanın yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində bu məqamı belə əsaslandırmışdır: «Yəni, bu gün partiyamızın fəaliyyəti, ideyaları, apardığı siyasət gənc nəsil üçün də cəlbedicidir və bu, çox müsbət haldır. Bu, onu göstərir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq və partiyanın təbliğ etdiyi, bəyan etdiyi prinsiplər bu gün xalq tərəfindən tam dəstəklənir. İndi Azərbaycanda görülmüş işlər, ölkəmizin uğurlu inkişafı, əlbəttə, hər bir vətənpərvər insana əyani şəkildə göstərir ki, bugünkü iqtidarın apardığı siyasət yeganə düzgün siyasətdir.»

«1993-cü ildən sonra görülən işlər  bugünkü reallıqlarımızdır» söyləyən V.Rəhimzadə onu da əlavə edib  ki, bu baxımdan  həmin dövrdə yaradılan  möhkəm təməl  Azərbaycanın uğur yolunda inamla addımlamasına stimul verir. Zəngin təbii resurslara malik olan ölkəmiz bu ehtiyatlardan  səmərəli  istifadə etməklə  iqtisadi inkişafını təmin etdi. Ulu öndər Heydər Əliyevin  rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də imzalanan «Əsrin müqaviləsi» Azərbaycanın iqtisadi inkişafına  stimul oldu. BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi,   «Əsrin müqaviləsi»nin imzalanmasından  23 il sonra «Yeni əsrin müqaviləsi»nin imzalanması,  ötən il Cənub Qaz Dəhlizinin, həmçinin onun əsas seqmentlərindən olan TANAP-ın istifadəyə verilməsi  Azərbaycanın etibarlı tərəfdaş mövqeyinin təsdiqidir.      

V.Rəhimzadə qeyd edib ki, ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətinin qorunması  Azərbaycanın bugünkü uğurlarında əsas rol oynayır. Son 16 ildə  təkmil islahatlar, qəbul olunan qanunların, Milli Konstitusiyamızın zamanın tələbinə uyğun təkmilləşdirilməsi, azad mətbuatın inkişafına xidmət edən  biri-birindən mühüm addımlar- KİV-lərin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının qəbulu, bu sənədə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında  KİV-lərə  Dəstək Fondunun yaradılması, həmçinin  jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə dünyada analoqu olmayan addımın atılması, «Siyasi partiyalar haqqında» yeni qanunun qəbulu, 2003-cü ildə  Azərbaycan hökuməti ilə  Avropa Şurası Venesiya Komissiyası, həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun birgə əməkdaşlığı nəticəsində qəbul olunan Seçki Məcəlləsinin   zamanın tələbi əsasında  yeniləşməsi və təkmilləşməsi və sair kimi  mühüm addımlar Azərbaycanın demokratik inkişafı strateji kursunun əsası kimi qəbul etdiyini bir daha ortaya qoyur.

V.Rəhimzədə uğurlarımız sırasında Azərbaycanın diplomatik mübarizədə qələbəsindən də geniş bəhs edib. Bildirib ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra diqqət göstərdiyi əsas məsələlərdən biri  Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması oldu və uğurlu siyasəti nəticəsində  bu məqsədə nail oldu. Ümummilli Liderin elə bir səfəri yox idi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə mövzusu olmasın, ən əsası erməni yalanları faktlar əsasında ifşa edilməsin. Son  16 ildə bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi  Azərbaycanın diplomatiya sahəsində uğurlarına yeni əlavələr etdi. Təkcə cari ilin ötən dövründə əldə olunan uğurlara diqqət yetirmək kifayətdir. Bu günlərdə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük   siyasi təsisat olan, 120 üzvü sıralarında birləşdirən  Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə ev sahibliyi etməsi, həmçinin dövlətimizin başçısı İlham Əliyevin   Rusiyanın Soçi şəhərində dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun «Şərq şəfəqləri və dünya siyasi quruluşu» mövzusunda  XVI illik iclasında,  MDB Dövlət Başçıları Şurasının Aşqabad sammitində çıxışı Ermənistana və onun havadarlarına ciddi mesaj olmaqla yanaşı, Azərbaycanın böyük diplomatik uğuru kimi dəyərləndirildi.

V.Rəhimzadə 27 ilin uğurları sırasında ölkəmizdə idarəçilik sistemində təkmilləşmənin yol açdığı  uğurlarımızdan da bəhs edib. Bildirib ki,  2016-cı ildə  keçirilən referendumda  səsverməyə çıxarılan  əlavə və dəyişikliklərin bir hissəsi məhz idarəçilik sistemində təkmilləşməyə xidmət edirdi.  Vitse-prezidentlik institutunun  yaradılması, yaş məhdudiyyətinin aradan götürülməsi və sair kimi məsələlər  bunun bariz nümunəsidr.    Bu gün Azərbaycanın Birinci  vitse-prezidenti  Mehriban xanım Əliyevanın xidmətləri göz önündədir.   Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri kimi  fəaliyyəti hər zaman ölkə ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir. Görülən bütün  işlərin təməlində   Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmət dayanır. Dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi gəncləşmə siyasəti ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır. Yeni Azərbaycan Partiyasında gənclərin çoxluq təşkil etməsində də bu çağırışın rolu böyükdür.

V.Rəhimzadə Azərbaycanın uğurlarına davamlı töhfələr verən, yeni-yeni hədəflərə doğru inamla irəliləyən Yeni Azərbaycan Partiyasının 27 illik yolu bir  yazıda əhatə etməyin mümkünsüzlüyünü bildirərək,  bu mühüm məqamı da xüsusi qeyd edib ki,  dövlətimizin başçısı İlham Əliyev uğurlarda Yeni Azərbaycan Partiyasının hər bir üzvünün payı olduğunu hər zaman önə çəkir: «Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır. Bizim beynəlxalq əlaqələrimiz də genişlənir. Beləliklə, məndə partiyamızın gələcək inkişafı ilə bağlı çox nikbin fikirlər var.»

«Tarixə uğurlar, qələbələr partiyası kimi  daxil olan Yeni Azərbaycan Partiyasına milyonların sevgisi şəksizdir» söyləyən  V.Rəhimzadə  qeyd edib ki,  partiya hər bir seçkidən uğurla çıxmaqla  xalqın dəstəyinin nə qədər böyük olduğunu, partiyanın gələcəyinə inamın şübhəsizliyini təsdiqləyir.  2018-ci ildə keçirilən  prezident seçkiləri bunun bir daha təsdiqi oldu.  Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri qələbəsi ilə növbəti 7 il üçün Azərbaycanın davamlı inkişafına, yeni hədəflərin gerçəkləşməsinə təminat verdi. Ölkəmiz növbəti bələdiyyə seçkiləri ərəfəsindədir. YAP-ın bu seçkilərdə də qələbəsi şəksizdir.  Populizmdən uzaq, sözlə əməl birliyi olan partiyaya xalqın sevgisi, dəstəyi qaçılmazdır. Xalq-iqtidar birliyi əbədidir, sarsılmazdır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin yaratdığı və son 16 ildə dövlətimizin başçısı İlham Əliyevin uğurla inkişaf etdirdiyi Yeni Azərbaycan Partiyası 27 illik yolun işığına söykənərək irəliyə doğru inamla addımlayır, qarşıdakı illərdə üzvü olmaqdan qürur duyduğumuz, ölkənin aparıcı siyasi təşkilatını daha möhtəşəm uğurlar gözləyir.