YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının yeni binasının açılışında iştirak etmişdir

Mayın 5-də Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının yeni binasının açılışı olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir.

Dövlətimizin başçısı kitabxananın rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevə kitabxananın ilk oxucu kartı təqdim edildi.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə dövlətimizin başçısına kitabxananın yeni binasında yaradılmış şərait barədə məlumat verdi.
Bildirildi ki, kitabxananın qapalı, açıq və xüsusi şəraitli fondlarında 5 milyona yaxın kitab saxlanılacaqdır. Buradakı 14 oxu zalında 1000-dən artıq oxucu eyni vaxtda elektron və çap məhsullarından istifadə edəcəkdir.

Diqqətə çatdırıldı ki, yeni binada Mərkəzi Kitabxana ilə yanaşı, İnformasiya Resursları Mərkəzi də fəaliyyət göstərəcəkdir. Hər iki qurumun başlıca məqsədi yüksək səviyyəli elmi araşdırmaların aparılması üçün müasir informasiya bazasını təmin etməkdən ibarətdir.
Qeyd edildi ki, AMEA-nın Mərkəzi Kitabxanası, həmçinin alimlərə dünya kitabxanalarının zəngin imkanlarından faydalanmaq imkanı yaradacaqdır.

Kitabxananın yeni binası ilə tanış olan Azərbaycan Prezidenti müvafiq tapşırıq və tövsiyələrini verdi.