YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ARDNŞ-in vitse-prezidenti: Azərbaycan Avropanı qazla təchiz etməyə hazırdır

Azərbaycan Avropa İttifaqının qaz tədarükündə öhdəlik götürməyə razıdır.

Bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Elşad Nəsirov CNN telekanalına müsahibəsində demişdir.
“Cənub” Qaz Dəhlizi layihəsinə toxunan vitse-prezident bildirmişdir ki, Azərbaycan tərəfi son investisiya qərarlarını 2013-cü ildə yekunlaşdırmışdır. Boru kəməri tikintisinin və Xəzər dənizindən təbii qaz hasilatının ümumi xərci 45 milyard ABŞ dolları təşkil edəcəkdir.

Tikintisi beş ilə başa çatacaq kəmərin uzunluğu 3500 kilometr olacaqdır.

Diqqətə çatdırılmışdır ki, layihəyə bir sıra ölkələrdən 12 şirkət daxil olacaqdır. 2019-cu ilə qədər 6 milyard kubmetr əlavə qaz Türkiyəyə, 10 milyard kubmetr qaz Yunanıstan, Albaniya, Bolqarıstan, və İtaliyaya çatdırılacaqdır.

Avropaya qaz ixracında Rusiya ilə rəqabət məsələləri ilə bağlı sualı cavablandıran Elşad Nəsirov demişdir: “Hazırda biz özümüzü Rusiya qazına güclü rəqib hesab etmirik. Çünki indi istehsal etdiyimiz qazın həcmi Rusiya ilə eyni səviyyədə deyildir. Eyni zamanda, hesab edirik ki, bizim Avropaya əlavə və ya alternativ qaz tədarükümüz Avropa İttifaqının qaz təchizatının şaxələndirilməsi istiqamətində bir addımdır. Azərbaycanın qaz istehsalı heç kimə qarşı yönəlməmişdir”.

E.Nəsirov demişdir: “Cənub” Qaz Dəhlizinin reallaşdırılması üçün 10 ildən çoxdur danışıqlar aparırıq. Biz Avropa İttifaqı ilə yanaşı, Gürcüstan, Rusiya, Türkiyə kimi qonşu ölkələri də qazla təchiz etməyə hazırıq”.

Layihənin gəlirliliyi barədə danışan ARDNŞ-in vitse-prezidenti Azərbaycanda qaz istehsal edən, xüsusilə də “Şahdəniz-2” layihəsində iştirak edən şirkətlərin kifayət qədər ciddi və önəmli qurumlar olduğunu, investisiyalarını, gəlirlərini, nəqliyyat tariflərini dəqiqliklə hesabladıqlarını diqqətə çatdırmışdır. Vitse-prezident bildirmişdir ki, əlbəttə, bu, çox ciddi layihədir və istənilən halda uzun müddətdə Azərbaycanda fəaliyyət göstərən qaz istehsalçılarına əlavə və əhəmiyyətli gəlir gətirəcəkdir.

Sonda E.Nəsirov bildirmişdir ki, ixrac olunan qazın qiyməti danışıqlarla deyil, dünya bazarındakı tariflərə uyğun müəyyən ediləcəkdir.