YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Ombudsmanların XVI Beynəlxalq Konfransı keçirilir

İyunun 18-də paytaxtımızda Ombudsmanların XVI Bakı Beynəlxalq Konfrans işə başlayıb.

"Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Ombudsmanların rolu” mövzusunda keçirilən konfrans Ombudsman Aparatının təşkilatçılığı keçirilir.

Tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.

Konfransı açan Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçki hüququnun verildiyini deyib. Bildirib ki, bu gün müasir müstəqil Azərbaycan dövləti vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması üçün bütün imkanlarını səfərbər edib. Bu səylər, görülən işlər nəticəsində Azərbaycan artıq dünyada öz sözü, yeri olan dövlət kimi tanınır.

“Ölkəmizdə təkcə iqtisadi, sosial sahədə deyil, eləcə də vətəndaşlarının hüquqlarının qorunması istiqamətində də uğurlu addımlar atılır. Bu sahə Azərbaycan Prezidentinin ən çox diqqət ayırdığı istiqamətlərdəndir. Azərbaycanda dövlət və vətəndaş həmrəyliyi var. Ombudsman təsisatının yaradılması da Azərbaycan dövlətinin öz vətəndaşlarının hüquqlarının qorunması məsələsinə olan diqqətinin bariz nümunəsidir”,- deyə Elmira Süleymanova vurğulayıb.

Baş nazirin müavini Əli Əhmədov insan hüquqlarının müasir cəmiyyətin ən ali dəyərlərindən olduğunu bildirərək deyib: “Azərbaycan vətəndaşlarının hüquqlarının qorunmasında ən vacib təsisatlardan biri də ombudsmandır. Sülh və dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında ombudsmanların böyük rolu var”.

Dayanıqlı İnkişaf Məqsədləri barədə danışan Əli Əhmədov Azərbaycan Hökumətinin bu proqramı uğurla icra etdiyini söyləyib. Qeyd edib ki, bu proqramın ən əsas qayələrindən biri sülhün təmin edilməsidir. Etibarlı sülh olmadan dayanıqlı inkişaf, dayanıqlı inkişaf olmadan sülh olmur. Azərbaycan xalqı sülhsevər cəmiyyət olmasına baxmayaraq, 30 ilə yaxındır ki, işğala məruz qalıb. Torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal olunub, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Milli Məclisin sədr müavini Bahar Muradova Azərbaycanın insan hüquqları məsələlərinin müzakirə olunduğu və uğurlu nəticələrin əldə edildiyi məkan olduğunu deyib. Bildirib ki, Azərbaycan dövləti multikulturalizmi, həmrəyliyi vətəndaşlarımızın həyat tərzi kimi görür. Azərbaycan bu istiqamətdə daim dünya ölkələrini bir araya gətirir. Azərbaycan dünyaya sülh mesajı verən ölkə kimi də tanınır.

Ermənistan Azərbaycan Dağlıq Qarabağ məsələsinə toxunan B.Muradova deyib ki, Ermənistan dövlətinin qeyri-konstruktiv mövqeyi münaqişənin həllində əsas problemlərdən biridir. Ermənistan dövləti Metsamor AES-ın fəaliyyətini davam etdirməklə dayanıqlı inkişaf məqsədlərinə zərbə vurur.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Dayanıqlı İnkişaf Məqsədləri barədə danışıb. Bildirib ki, insan hüquqları məsələsi bu proqramın əsas qayələrindən birini təşkil edir. Ombudsmanlar insan hüquqlarının qorunmasında əhəmiyyətli rol oynayır. İnklüziv cəmiyyətin yaradılmasında ombudsmanların rolu böyükdür. Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə sadiq dövlətdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, qadın və uşaq hüquqları məsələsi insan hüquqlarının əhəmiyyətli hissəsini təşkil edir. Hələ 1918-ci ildə Azərbaycanda qadınlara seçib-seçilmək hüququ verilmişdi.

Digər sahələr kimi, qadın və uşaq hüquqlarının təmin olunması da Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Azərbaycanda gender bərabərliyi ilə bağlı qanunların qəbul edilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın böyük rolu olub.

Bu gün qadınlar Azərbaycanın iqtisadiyyatında, elmində və digər sahələrində əhəmiyyətli rol oynayırlar. Qadınlar sahibkarlıqla məşğul olur, ölkəmizin inkişafına töhfələrini verirlər.

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov çıxış edərək 1993-cü ildə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda insan hüquqları sahəsində böyük addımlar atıldığını deyib. Bildirib ki, bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Azərbaycan bir çox beynəlxalq təşkilatlarla, o cümlədən UNESCO ilə yaxında əməkdaşlıq edir. 2008-ci ildən Azərbaycan Prezidentinin təşəbbüsü ilə başlanan "Bakı Prosesi" bu əməkdaşlığın bariz nümunəsidir. Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə sadiqdir və bu proqramın həyata keçirilməsində əhəmiyyətli rol oynayır.

Tədbir plenar iclaslarla davam etdiriləcək.