YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın təşkilatçılığı ilə Ağcabədidə Prezident İlham Əliyevin məcburi köçkün və şəhid ailələrinin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə həyata keçirdiyi islahatlara həsr olunmuş müşavirə keçirilib

YAP-ın təşkilatçılığı ilə Ağcabədidə “Məcburi köçkün və şəhid ailələrinin sosial müdafiəsi Prezident İlham Əliyevin siyasətində mühüm yer tutur” mövzusunda müşavirə keçirilib.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası  Sədrinin müavini-İcra katibi Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Ağcabədi şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib önünə gül dəstəsi qoyublar.

Baş nazirin müavini Əli Əhmədovun iştirak etdiyi müşavirədə YAP-ın Qarabağ bölgəsi üzrə rayon təşkilatlarının fəalları, Ağcabədi rayon ictimaiyyətinin nümayəndələri, Milli Məclisin deputatlarındanTahir Rzayev, Bəxtiyar Əliyev, Bəxtiyar Sadıqov, İlham Məmmədov, Elman Məmmədov  iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Siyasi Şurasının üzvü, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov bildirib ki, rayon ərazisində ümumilikdə 5999 məcburi köçkün ailəsi məskunlaşıb. Onun sözlərinə görə, rayon ərazisində köçkünlər üçün iki şəhərcik salınıb.

Müşavirədə çıxış edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov deyib ki, 1 il bundan öncə Azərbaycan vətəndaşları öz seçimini edərək Prezident İlham Əliyevi yeni müddətə, yəni 2025-ci ilədək dövlət başçısı vəzifəsinə seçiblər. Əli Əhmədov qeyd edib ki,  Azərbaycan xalqı tərəfindən növbəti dəfə belə bir seçimin edilməsi, bir yandan vətəndaşların Ulu Öndər Heydər Əliyevin siyasətinə hörmətin, inamın ifadəsi, ikinci tərəfdən isə Prezident İlham Əliyevə bundan əvvəlki fəaliyyəti dövründə Azərbaycanın inkişafı yolunda əldə etdiyi nailiyyətlərinə, uğurlarına verilən qiymətdir: "Sözün həqiqi mənasında Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan böyük inkişaf mərhələsi keçib, ölkəmizin iqtisadiyyatından tutmuş həyatımızın bütün sferalarında ciddi, əhəmiyyətli dəyişikliklər baş verib. Ölkəmizin siması dəyişib, insanların rifahı yaxşılaşıb. Azərbaycan xeyli dərəcədə müasirləşərək, dünyanın uğurlu dövləti kimi qiymətləndirilir".

Baş nazirin müavini bildirib ki, əldə olunan nailiyyətlər, uğurlar Azərbaycan vətəndaşlarına Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti qəti şəkildə dəstəkləməsinə imkan verir: "Məhz bunun nəticəsidir ki, 1 il bundan öncə Azərbaycan vətəndaşları növbəti dəfə seçimlərini İlham Əliyevdə görərək, Ona səs veriblər. Bu doğru seçimdir. Bundan əvvəlki illərin təcrübəsi bu fikri səsləndirməyə ciddi əsaslar yaradır ki, növbəti illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da inkişaf edəcək, ölkənin iqtisadiyyatı daha da artacaq, möhkəmlənəcək, dövlətçiliyimiz daha da güclənəcək və bunun əsasında vətəndaşlarımızın rifah halında daha ciddi dəyişikliklər əldə ediləcək".

Əli Əhmədov vurğulayıb ki, bundan əvvəlki illər ərzində, xüsusilə də Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 2003-cü ildən ötən müddət ərzində ölkəmizdə baş verən dəyişikliklər elə möhkəm, etibarlı bünövrə yaradıb ki, bu bünövrənin əsasında bütün sferalarda böyük islahatlar aparmaq mümkün olacaq: "İnsanlarımız Prezident İlham Əliyevin görə biləcəyi işlərə inanaraq növbəti dəfə Onu Azərbaycana prezident seçiblər. Mən güman edirəm ki, necə ki 2018-ci ildə əvvəlki illərə qiymət verərək xalqımız Prezident İlham Əliyevi növbəti 7 il müddətinə prezident seçilməsinə səs veriblər, 2025-ci ildə keçiriləcək seçkilərdə biz qəti əminik ki, Azərbaycanın 2018-2025-ci illər ərzində ölkəmizin nə qədər inkişaf mərhələsinin keçdiyinin şahidi olacağıq. Bir neçə ildən sonra biz bu hesabatı Azərbaycan xalqı qarşısında verərək, insanlarımızın göstərdiyi etimadın doğrulduğunu onlara bəyan etmiş olacağıq".

YAP-ın Sədr müavini qeyd edib ki, Azərbaycan sözün əsl mənasında böyük inkişaf mərhələsi yaşayır: "Bu bir çox səbəb və amillərlə bağlıdır. Birincisi, birmənalı şəkildə hər birimizin etiraf etdiyi kimi, Heydər Əliyev siyasəti ilə əlaqədardır. Heydər Əliyev siyasəti Azərbaycana uzun illərdir uğur gətirir. Yeri gəlmişkən onu da bildirim ki, 2019-cu ildə Azərbaycanda Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlməsinin 50 ili tamam olacaq. Bu müddət ərzində Azərbaycan böyük inkişaf mərhələsi keçib. Yaşlı nəsil çox yaxşı xatırlayır ki, 1969-cu ilə qədər Azərbaycan sözün əsl mənasında bütün parametrlərə görə ən geridə qalan respublikalardan biri idi. Lakin Ümummilli Lider hakimiyyətə gəldikdən sonra bir neçə ildən sonra Azərbaycan iqtisadiyyatında, sosial həyatında, sənayedə, kənd təsərrüfatında, o cümlədən mədəniyyətdə böyük dəyişikliklər baş verdi. Azərbaycan Ulu Öndərin rəhbərliyi ilə sovetlər birliyində ən geridə qalmış respublikadan ən inkişaf edən respublikaya çevrildi. Azərbaycanın Heydər Əliyevin gəlişi ilə böyük intibah mərhələsi başlayıb. Bu mərhələ müxtəlif dövrlərə keçərək bu günə qədər davam edir. Ən başlıcası ondan ibarətdir ki, bu illər Azərbaycan üçün həmişə uğurlu, faydalı olub. Azərbaycan respublikasının, ölkəmizin həyatında bütün dəyişikliklər bu illərdən sonra baş verib. İnsanlarımızın həyatında baş verən dəyişikliklər də bu illərlə əlaqədardır. Ayrı-ayrı dövrlərdə insanlarımızın rifahlı yaxşılaşıb, bu gün sözün əsil mənasında Azərbaycan yüksək rifaha, təhlükəsizliyə, sabitliyə nail olan respublikalardan birinə çevrilib".

Azərbaycan hökuməti qarşısında duran vəzifələrdən söz açan Əli Əhmədov bildirib ki, bu vəzifələrdən ən vacibi sosial siyasətin uğurla həyata keçirilməsidir: "Ümumiyyətlə, dövlətin həyata keçirdiyi ən başlıca iki siyasət var ki, birincisi dövlətin, insanların təhlükəsizliyi, ikincisi isə insanların rifah halının, həyat səviyyəsinin yaxşılaşdırılmasından ibarətdir. Məmnunluqla deyə bilərəm ki, Azərbaycan dövləti qarşısında duran hər iki vəzifənin öhdəsindən layiqincə gəlir. Bu gün Azərbaycan ən sabit, insanlarımızın yaşaması üçün ən təhlükəsiz ölkələrdən biridir. Ölkəmizdə sabitlik, əmin-amanlıq, dinclik, rahatlıq bugünkü Azərbaycanın mövcudluğunu xarakterizə edən ən mühüm xüsusiyyətlərdən, vacib cəhətlərdən biridir. Belə hesab edirəm ki, Azərbaycanın bu sabitliyinin, əmin-amanlığının nə qədər böyük dəyər kəsb etdiyini insanlarımız kütləvi informasiya vasitələri, dünyada baş verən hadisələri müşahidə etdikdə daha da dəqiqliklə qiymətləndirə bilirlər. Əgər sülh, əmin-amanlıq, təhlükəsizlik olmasaydı, əldə etdiyimiz sosial, iqtisadi nailiyyətlər heç bir dəyər, məna kəsb etməzdi. İnsanın həyatından, yaşaması üçün təhlükəsizlikdən böyük dəyər təsəvvür etmək mümkün deyil. Digər dəyərlər, sərvətlər yalnız insanın, ailəsinin təhlükəsizliyinin olduğu şəraitdə məna kəsb edir. Hesab edirəm ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə təhlükəsizliyin təmin edilməsi, sabitliyin, əmin-amanlığın qorunması məhz bu mənada daha mühüm əhəmiyyət kəsb edir və dövlət siyasətində ən vacib yerlərdən birini tutur. Çünki, bu, insanların yaşaması üçün ən vacib şərtlərindən biridir. Yaxşı yaşamaq üçün təhlükəsizlik təmin edilməlidir. Azərbaycan hökuməti qürur hissi ilə qeyd edir ki, bu vəzifənin öhdəsindən layiqincə gələ bilib".

Baş nazirin müavini deyib ki, qarşıya qoyulan ikinci vəzifə olan vətəndaşlarımızın sosial problemlərinin həll olunması, onların rahat yaşamaları üçün şəraitin təmin edilməsi istiqamətində də böyük işlər, uzun müddət ərzində həyata keçirilib: "Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ayrı-ayrı dövrlərdə bu vəzifəyə xidmət edən müxtəlif hədəflər həyata keçirilib. 1993-cü ildə Azərbaycanda sabitlik pozulmuşdu, əmin-amanlıq yox idi, insanlar çörək növbələrində dayanırdılar. O zaman dövlətin qarşısında duran əsas vəzifə ilk növbədə əmin-amanlığın təmin edilməsi, dinclik, rahatlığın yaradılması, ikincisi isə insanların hiss etdiyi, ağırlığının altında əzildiyi sıxıntılardan, çörəklə imtahana çəkilməkdən azad olmaq idi. Heydər Əliyev bu vəzifəni 1990-cı illərin əvvəllərində hakimiyyətə gəldikdən sonra yerinə yetirdi və daha sonra digər vacib vəzifələrin həyata keçirilməsi zəruri şərt kimi qarşıda dayandı ki, bu da iqtisadi, siyasi islahatlarla bağlı idi. Bütün bunların nəticəsində insanların rifah halının daha da yaxşılaşdırılması üçün zəmin hazırlanmalı idi. İqtisadiyyatda yüksəlişi təmin etmədən hökumətin həyata keçirməli olduğu sosial siyasətin reallaşması üçün resurslar yaradılmadan, niyyətin nə qədər çox, arzun nə qədər böyük olsa da sosial siyasətin həyata keçirilməsi sadəcə olaraq mümkün ola bilməzdi. Buna görə də Azərbaycan hökumətinin seçdiyi yolun mahiyyəti insanların rifah halının yaxşılaşdırılması üçün daha layiqli sosial siyasət həyata keçirməyə xidmət edən iqtisadi, maliyyə zəmini yaratmaqdan ibarətdir. Bu baxımdan Heydər Əliyev tərəfindən həyata keçirilən islahatlar, daha sonra Prezident İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra həyata keçirilən iqtisadi islahatlar məhz bu məqsədlərə xidmət edir. İqtisadiyyatı gücləndirmək, güclənən iqtisadiyyatın yaratdığı imkanlardan istifadə edərək insanlarımızın rifah halının yaxşılaşdırılmasına nail olmaqdır. Hesab edirəm ki, bu vəzifəni iqtisadi islahatlar həyata keçirməklə sosial siyasətdə uğurlara imza atılıb".

"Eyni zamanda minimum pensiyanın 116 manatdan 160 manata çatdırılması da məhz əldə olunan maddi bazanın sayəsində atılan addım, həyata keçirilən aksiyalardır. Bu eyni zamanda insanların rifah halının yaxşılaşdırılması üçün ölkə başçısı tərəfindən atılan cəsarətli bir addımdır. Müavinətlərin, minimum əmək haqlarının, pensiyaların bir dəfəyə 40 faizədək artırılması böyük maliyyə vəsaiti tələb edən cəsarətli addımdır. Azərbaycan hökuməti birincisi, insanların rifahının yaxşılaşdırılması ilə bağlı çox ciddi addımlar atmağa hazırdır, bu hökumətin həyata keçirdiyi siyasətin əsas vəzifələrindən biridir. İkincisi isə bu cəsarətli addımı atmaq üçün etibarlı baza yaradılıb. Sərəncamların sayı həddindən artıq çoxdur. Çox müxtəlif təbəqələrin həyatının yaxşılaşdırılmasına əsas yaradan sərəncamlar imzalandı, addımlar atıldı. 600 minə yaxın insan təkcə minimum əmək haqlarının artırılması istiqamətində atılan addımdan bəhrələnmiş oldu. Bu rəqəmi eynilə minimum əmək pensiyası alanlara da şamil etmək olar. Minimum əmək haqlarının 180 manata qaldırılması o deməkdir ki, ölkəmizdə bundan az əmək haqqı alan olmayacaq, bunun nəticəsində həyatı yaxşılaşan insanlar daha da çoxalacaq. Bu avtomatik olaraq digər səviyyələrdə əmək haqqı alanların maaşlarının artırılmasına səbəb olacaq. Əlillərin, müxtəlif səbəblərlə əlaqədar əlillik pensiyası alanların, Qarabağ müharibəsi əlillərin həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı çox ciddi güzəştlər tətbiq edilib, aldıqları müavinətlərin səviyyəsi artıb. Elə bir təbəqə qalmayıb ki, onların həyat səviyyəsinin yaxşılaşdırılması üçün bu və ya digər formada güzəşt və müavinətlər artırılmasın. O cümlədən məcburi köçkünlər üçün verilən müavinətlərin də 50 faiz artırılması, bu kateqoriyadan olan dövlət yardımları hesab oluna bilər. Prezidentin həyata keçirdiyi siyasətin əsas məqsədi, başlıca niyyət insanların rifah halının yaxşılaşdırılması, onlara göstərilən qayğının daha da artırılması və onun həyat yaşayışının müasirləşməsidir. Təbii ki, bütün bunların hamısı iqtisadi bazanın yaradılması sayəsində mümkün ola bilər. Ona görə də , bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında, birbaşa təşəbbüsü nəticəsində geniş miqyaslı iqtisadi islahatlar həyata keçirilir. Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə əlaqədar görülən tədbirlər, ölkəmizdə bu sahənin inkişafı üçün ciddi əsalar yaratmaqla yanaşı, eyni zamanda kənd yerlərində yaşayan insanların həyatında da çox mühüm dəyişikliklərə səbəb olmuşdur. İnsanlar işlə təmin olunmaq imkanı qazanıblar. Bütün bunların nəticəsində insanlarımızın həyat səviyyəsinin yüksəldilməsi üçün daha etibarlı əsaslar yaradılıb. Dövlətin dəstəyi ilə özünəməşğulluq proqramları həyata keçirilib ki, bu da aztəminatlı ailələrin işlə təmin olunması və özlərinin həyat səviyyəsinin yüksəldilməsi üçün verilən şans kimi qiymətləndirilir. Prezident İlham Əliyevin rəhbərliyi altında 2004-cü ildən indiyədək təxminən 2 milyon yeni iş yeri yaradılıb. Bu da insanların rifah halının yaxşılaşdırılması, daha çox sayda insanların işləmək, əmək haqqı almaq imkanı qazanması nöqteyi-nəzərdən böyük sosial layihə hesab oluna bilər. Bu layihənin həyata keçirilməsi nəticəsində insanların həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib".-deyə, Əli Əhmədov əlavə edib.

YAP-ın Sədr müavini vurğulayıb ki, Azərbaycanda hansı işlər həyata keçirilirsə, nə edilirsə, bütün bunların hamısı yalnız insanların rifahının yüksəldilməsinə, onların daha rahat yaşayışının təmin edilməsi ilə əlaqədardır: "Kommunal layihələrin, işıq, qaz, su təchizatlarının yaxşılaşdırılması insanların məişətinin və yaşayışının rahatlaşdırılmasına xidmət edir. Bu da sosial layihə kimi təqdim oluna bilər. Bu gün Azərbaycanda işıqla bağlı problem yoxdur. Qazla bağlı problemlər demək olar ki həll olunmaq üzrədir. Əhalinin içməli su ilə təmin edilməsi ilə əlaqədar böyük layihələr həyata keçirilir. Beləliklə nə edilirsə, bu yalnız insanın rifahının yaxşılaşdırılması ilə birbaşa əlaqədar, bu vəzifələrin həyata keçirilməsi üçün əsasların, fundamentin yaradılması ilə bağlıdır. Çox vacib istiqamətlərdən biri məcburi köçkünlərin yaşayışının yaxşılaşdırılması ilə əlaqədardır. Təəssüf ki, Azərbaycan illərdir ki, bu problemi yaşamaqdadır. Vətəndaşlarımız erməni təcavüzü nəticəsində yurd-yuvalarını tərk etməyə, məcburi köçkün həyatını yaşamağa məhkum olunublar. Bu, Azərbaycan üçün ağır problemdir. Əhalimizin hər on nəfərindən biri məcbur köçkün statusundadır. Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan əhalisinin 1 faizindən də azını təşkil edir. Amma təəssüf ki, müəyyən səbəblərə, müəyyən dairələrin təsirinə görə Ermənistanın təcavüzü nəticəsində 1 milyona yaxın vətəndaşımız məcburi köçkün vəziyyətində yaşamaqdadır. Azərbaycan dövlətinin, hökumətinin qarşısında duran ən əsas vəzifələrindən biri məcburi köçkünlərin sosial problemlərinin həll edilməsini təmin etməkdir. Müxtəlif dövrlərdə, bu vəzifələrin təsirlik dərəcəsi müxtəlif olub. Vaxtilə insanlarımız çadırlarda, vaqonlarda yaşayırdılar. Lakin 2003-cü ildə cənab İlham Əliyev prezident seçildikdən sonra Azərbaycanda çadır şəhərciklərinin aradan qaldırılması vəzifəsini irəli sürdü. Demək olar ki, qısa müddətdə Azərbaycanda çadır şəhərcikləri ləğv edildi. Prezidentin həyata keçirdiyi layihələr nəticəsində ağır vəziyyətdə yaşayan məcbur köçkünlər müasir mənzillərə köçürüldü. Məcburi köçkünlərin həyatında ciddi dəyişikliklərin baş verməsi mərhələsi başladı. İndinin özündə də bu siyasət davam etməkdədir. Artıq məcbur köçkünlər üçün 100-dən artıq şəhərcik tikilib. Bu şəhərciklərdə onların rahat yaşaması üçün bütün imkanlar təmin edilib, məktəblər, bağçalar, lazımi infrastruktur yaradılıb. Onların işlə təmin olunması üçün də işlər görülür. Təbii, işlər bununla bitmir, bundan sonra da lazım olan işlər həyata keçiriləcək. Bildiyiniz kimi, bu yaxınlarda Prezident İlham Əliyevin iştirakı ilə Bakının Kürdəxana qəsəbəsində böyük şəhərcik istifadəyə verildi. Xeyli sayda məcburi köçkün yeni yaşayış massivinə köçəcək, müasir mənzillərlə təmin ediləcək. Bundan sonra da digər yerlərdə şəhərciklər salınacaq, mənzillər tikiləcək. Sonuncu məcburi köçkün evlə təmin olunanadək bu siyasət həyata keçiriləcək. Bizim hədəfimiz, qarşımızda duran əsas vəzifə məcburi köçkünlərin öz yurd-yuvalarına qaytarmaqdan ibarətdir. Amma bu vəzifə öz həllini tapanadək, Dağlıq Qarabağ münaqişəsi ədalətli şəkildə həllini tapanadək insanlarımızın layiqli yaşayışının təmin edilməsinə ehtiyac var. İnsan layiqli şəraitdə yaşamalıdır. Bu məqsədlə Azərbaycan hökuməti böyük vəsaitlərin xərclənməsinə getmək niyyətini açıq şəkildə ortaya qoyub. Əlbəttə, bu böyük layihədir. Onun həyata keçirilməsi üçün illər tələb olunur. İllərlə məcburi köçkünlərin yaşayış evlərinin tikilməsi üçün 300 milyon manatdan çox vəsait ayrılıb. Həyata keçirilən siyasətin ən vacib məqamlarından biri ondan ibarətdir ki, tikilən mənzillər ən çox ehtiyacı olan ailələr üçün nəzərdə tutulsun. Bu gün ən ağır şəraitdə yaşayan ailələr tikilən binalara köçürüləcək. Hesab edirəm ki, bu ən ədalətli, düzgün yanaşmadır. Hesab edirəm ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasəti bütün vətəndaşlarımız, məcburi köçkünlərimiz lazımınca qiymətləndirib, dəyərləndirirlər. Etiraf edək ki, məcbur köçkünlər üçün istifadə olunan vəsait bütün Azərbaycan vətəndaşının hər birinin əməyinin sayəsində əldə olunan vəsaitlərdir. Azərbaycan vətəndaşı bu məsələdə dövlətimizlə həmrəy olduğunu göstərmiş olur. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti üçün xas olan milli birlik, həmrəylik burada özünü göstərir. Bütün vətəndaşlarımız öz səylərini bir yerə cəmləyərək, ağır duruma düşən vətəndaşlarımızın rifahının yaxşılaşdırılması üçün səylərini göstərir, bu siyasətin uğurla yerinə yetirilməsinə dəstəklərini ifadə edirlər. Məcburi köçkünlərimiz də Prezidentin bu istiqamətdə həyata keçirdiyi işləri yüksək qiymətləndirirlər. Bu bizi sevindirir. Azərbaycan cəmiyyəti üçün xas olan birlik, həmrəylik bütün formalarda, sahələrdə özünü göstərməkdədir. Bu, Azərbaycanda xalq-iqtidar birliyini birmənalı şəkildə təsdiq etmiş olur. Bu birlik olmasaydı, Azərbaycanda əldə olunan bu nailiyyətlər, uğur, irəliləyiş bu səviyyədə mümkün ola bilməzdi, ölkəmizin inkişafı intensivlik səviyyəsinə yüksəlməzdi. Qarşımızda duran əsa borc bu siyasəti dəstəkləmək, bu siyasətin uğur qazanmasına töhfə verməkdir. Yeni Azərbaycan Partiyası da dövlət başçısının həyata keçirdiyi siyasətdə yaxından iştirak edən böyük bir zümrədir, partiya sıralarında 740 minə yaxın vətəndaş birləşib. Hesab edirəm ki, Prezident İlham Əliyevin əldə etdiyi uğurların əldə olunmasında Azərbaycanın bütün vətəndaşları ilə birlikdə, YAP üzvlərinin böyük fədakarlığı, əməyi olub. Bu gün partiya olaraq qarşımızda duran əsas vəzifə həyata keçirilən siyasəti dəstəkləmək, onun uğur qazanmasına töhfə vermək, fədakarlıqlar göstərməkdir. İdeoloji sferada da YAP üzvlərinin üzərinə böyük məsuliyyət düşür".

Əli Əhmədov qeyd edib ki, Azərbaycana qara yaxmaq istəyən, uğurlarını götürməyən və müxtəlif formalarda təxribatlar etməklə bu uğurların üzərinə qara yaxmağa çalışan qüvvələr var: "Onlar həm ölkədə, həm də ölkədən kənarda var. Bu siyasətimizin mahiyyətini, uğurlarını təhrif etmək istəyən və müxtəlif yalan informasiyaları yaymaqla əldə olunan nailiyyətlərin həcmini azaltmağa çalışan qüvvələrə YAP-ın hər bir üzvü qətiyyətlə cavab verməlidir. Bu işlər televiziya, digər kütləvi informasiya vasitələrində, internet üzərindən müxtəlif sosial şəbəkələr vasitəsilə aparıla bilər. Sosial şəbəkələr artıq həyatımıza ciddi şəkildə daxil olub. Onlardan qaçmaq, onsuz yaşamaq mümkün deyil. Biz sosial şəbəkələrdə fəallıq göstərməklə bu yalanların ifşa olunmasına çalışmalıyıq. YAP-ın üzərinə düşən vəzifə həyata keçirmək istədiyimiz nailiyyətləri təhrif edənlərə layiqli cavab verməkdir. Biz imkan verməməliyik ki, böhtançılar, yalançılar, xainlər haqq işimizin üzərinə kölgə salsınlar. Bəzi dairələr Prezidentin həyata keçirdiyi böyük sosial layihələri öz adlarına çıxaraq əldə olunan uğurları onların keçirdikləri mitinqlərlə əlaqələndirir, səfeh fərziyyələr irəli sürürlər. Bayaq söylədiyim kimi, sosial siyasətin həyata keçirilməsi üçün əvvəlcədən baza yaradılmalıdır. Bu, digər sahələrdə olan siyasətdən fərqli olaraq böyük, əsasən də geri qayıtmayan vəsaitlər tələb edir. İnsanlara verilən maaşlar, müavinətlər, güzəştlərin tətbiqi üçün böyük vəsait olmalıdır. Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin çox mühüm xüsusiyyətlərindən biri odur ki, O vəd vermir, həyata keçirir. Biz verdiyimiz vədləri real işə çevirməyi bacarırıq. Bu daha səmimi və insanlara xidmət edən siyasətdir. Azərbaycan Prezidentinin gördüyü işlər nəticəsində yaranan imkanlardan son dövrlərdə həyata keçirilən layihələrdə istifadə olunub. Bunu təhrif etmək istəyənlər xalq-iqtidar birliyinin üzərinə kölgə salmaq istəyir. İnsanların qəlbinə şübhə toxumu səpməklə, Azərbaycana problem yaratmaqla öz çirkin niyyətlərinə nail olmağa çalışırlar. YAP olaraq bizim əsas məqsədimiz onların yalanlarını ifşa etməkdir. Beləliklə YAP öz üzərinə düşən missiyanı uğurla həyata keçirə bilər. Bu missiyanı yerinə yetirmək üçün partiyamızın hər bir üzləri insanlar arasında daha fəal olmalı, insanlar arasında ciddi iş aparmalıdır. Biz Azərbaycanın maraqlarının əleyhinə çalışan insanların ölkəmiz haqqında həm xaricdə mənfi təəssüratlar yaratmaq, həm də xalq-iqtidar birliyinə zərbə vurmaq istəyinə mane olmalıyıq. İnanıram ki, o qruplaşmaların həyata keçirdikləri heç bir uğur qazanmayacaq. Xalqın rəyini dəyişdirmək mümkün olmayacaq. Çünki, həyatımızda baş verən dəyişikliklər o qədər böyükdür ki, bunu yalanlarla, böhtanlarla insanların qəlbindən çıxarmaq mümkün deyil. O qədər də böyük zaman keçməyib. ".

Müşavirənin davamında çıxış edən natiqlər Azərbaycanda həyata keçirirlən uğurlu iqtisadi- sosial islahatlar haqqında fikirlərini bildiriblər.