YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

BMT təmsilçisi: Gənclər siyasəti gənclərin iştirakı olmadan aparıla bilməz

Oktyabrın 28-də Gənclər siyasəti üzrə I Qlobal Forumun iştirakçıları ilk plenar iclasda Gənclərin maraqları naminə fəaliyyət üzrə Dünya Proqramının qəbulundan keçən 20 ildə görülən işlər və perspektivləri müzakirə ediblər.

“Gənclər siyasəti gənclərin iştirakı olmadan aparıla bilməz, onlar özlərinin gələcəyi, perspektivləri ilə bağlı bütün proqramların hazırlanmasında fəal iştirak etməlidirlər”.

Bu sözləri BMT-nin Əhali Fondunun direktor müavini Anne Birgitte Alberktsen çıxışında deyib. O, gənclərlə bağlı siyasətin formalaşdırılmasında səhiyyə, təhsil, məşğulluq kimi sahələrdə gənclərin maraqlarının nəzərə alınmalı olduğunu qeyd edib. BMT nümayəndəsi deyib ki, gələcəkdə Avropa istisna olmaqla, Afrika və Asiya qitələrində əhalinin əksəriyyətini gənclər təşkil edəcək. O bildirib ki, dünya üzrə işsizlərin 40 faizi gənclərdir. Onların işlə təmin olunması üçün milyonlarla iş yeri açılmalıdır.

“Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə gənclər siyasəti daim diqqətdə olub”, - deyən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib ki, 1996-cı ildə ilk dəfə respublikada Gənclər forumu keçirilib. Nazir Azərbaycanda gənclərlə bağlı tədbirlərin reallaşdırıldığını, proqramlar qəbul olunduğunu qeyd edib. O məlumat verib ki, ölkədə gənclər mərkəzləri fəaliyyət göstərir, regionlarda yaşayan gənc insanlar cəmiyyətin həyatında fəal iştiraka cəlb edilirlər. A.Rəhimov respublikada gənclər üçün biznes fəaliyyətinin yaxşılaşdırılması və məşğulluq məsələləri sahəsində görülən işləri diqqətə çatdırıb.

Ölkəsində ən gənc nazir olan Albaniyanın sosial rifah və gənclər naziri Erion Veliaj gənclərin cəmiyyətdə müsbət dəyişikliklər üçün çalışmasını xüsusi vurğulayıb. O bildirib ki, indiki gəncləri son model telefon almaq maraqlandırır, nəinki özünün gələcəyini daha parlaq etmək uğrunda çalışmaq. Albaniyalı nazir vurğulayıb ki, 20 il bundan əvvəl veb-dizayner, sosial media meneceri kimi peşələr yox idi. Hazırda isə bu peşələrin sahibləri məhz gənclərdir. Nazirin fikrincə, gəncliyə yatırılan sərmayə həmişə bəhrəsini verəcək.

İbero-Amerika Gənclər Təşkilatının baş katibi Alejo Ramirez Latın Amerikası ölkələrində gənclər siyasətindən danışıb. O, yaşadığı regionda gənclərlə bağlı bir sıra ölkələrin modelinin özünü doğrultmadığını, Cənubi Amerikada gənclərin gələcəyi ilə bağlı yeni yanaşma lazım olduğunu bildirib.

Avropa Şurası Gənclər üzrə Məşvərət Şurasının sədr müavini xanım Hanan Bihi isə qeyd edib ki, müasir gənclərin arzusu mövcud imkanlardan daha çox istifadə edə bilməkdir. O, təmsil etdiyi quruma 30 gənclər təşkilatının üzv olduğunu deyib və Bakı Forumunun gənclərin fəaliyyətini əlaqələndirmək üçün mühüm rol oynayacağını bildirib. H.Bihi qeyd edib ki, qabaqcıl təcrübə mübadiləsi müasir gənclərin məqsədlərindən biri olmalıdır.

 

DİGƏR Xəbərlər Arxiv