YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Mirkişili: Dağlıq Qarabağın azərbaycanlı icması sülh danışıqlarında maraqlıdır və daim buna hazırdır

Biz həlli uzadılmış münaqişələrdən danışarkən, bu münaqişələrin ən təhlükəlisini qeyd etməliyik. Bu da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir.

Bu fikri ATƏT PA-nın Vyanada keçirilən qış sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü Tahir Mirkişili səsləndirib.

“Uzanan münaqişələrin həlli: ATƏT-in alət və mexanizmləri” mövzusunda xüsusi debatda çıxış edən deputat bildirib ki, həlli uzanmış münaqişələr bu gün bütövlükdə ATƏT məkanı üçün ciddi problemdir. Bu münaqişələrin həlli bütövlükdə ATƏT məkanında gələcək inkişaf və perspektivlər üçün çox mühüm əhəmiyyət daşıyır.

Qeyd edilib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar 25 ilə yaxındır davam edir: “Əslində biz sülh danışıqlarına nəzər salsaq, o zaman bu danışıqların 25 il davam edən tarixindən bir nəticə çıxarmalı və mənalı dəyişikliklərin baş tutmasına çalışmalıyıq”.

Bildirilib ki, daim konstruktiv mövqedən çıxış edən Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərliyi bir neçə dəfə erməni icmasını görüş və diskussiyalara dəvət edib, amma hər dəfə erməni tərəfi bu təklifdən imtina edib və öz destruktiv mövqeyini nümayiş etdirib. Bu, bir daha onu göstərir ki, Azərbaycan icması sülh danışıqlarında maraqlıdır və daim buna hazırdır.

Dağlıq Qarabağa qanunsuz səfərlər məsələsinə toxunan deputat qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi qapalı bir bölgə deyil, istənilən şəxs, o cümlədən ATƏT PA üzvləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfər edə bilərlər, amma bu səfər qanuni yolla olmalıdır. Qanuni yol isə bəllidir, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət edib viza alaraq, Azərbaycanın bu bölgəsinə səfər etmək mümkündür: “Düşünürəm ki, bizim yanaşmamız yalnız və yalnız səmimi, konstruktiv və açıq olmalıdır, çünki məhz belə bir yanaşma münaqişənin həlli üçün yeganə mexanizmdir”.