YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şamaxı sakinləri: Dövlətimizin başçısı hər bir azərbaycanlının Prezidenti olduğunu bir daha göstərdi

Şamaxıda baş verən zəlzələnin nəticələrini aradan qaldırmaq istiqamətində tədbirlər davam etdirilir. Prezident İlham Əliyevin fevralın 7-də Şamaxıya səfəri, mövcud vəziyyətlə tanış olması, sakinlərlə görüşü, fəsadların təcili aradan qaldırılması istiqamətində tapşırıqları rayonda görülən işlərə təkan verib.

Rayon fövqəladə hallar komissiyasının sədr müavini Rüstəm Əliyev bildirib ki, fevralın 5-də və 6-da baş verən zəlzələ Şamaxı rayonunda, xüsusilə şəhərdə, Mədrəsə qəsəbəsində, Əngəxaran, Cabanı, İkinci Cabanı, Hacılı, Sis və Qaleybuğurd kəndlərində daha çox dağıntılara səbəb olub. Fövqəladə Hallar Nazirliyinin və rayon icra hakimiyyətinin nümayəndələrindən ibarət komissiya vəziyyətin araşdırılması, zərərin müəyyənləşdirilməsi istiqamətində fəaliyyət göstərir. Komissiya müraciətlərin siyahıya alınması, xüsusilə təhlükəli vəziyyətə düşən evlərdə sakinlər üçün təhlükəsiz şəraitin yaradılması istiqamətində işini davam etdirir.

Rüstəm Əliyevin sözlərinə görə, indiyədək komissiyaya 750 müraciət daxil olub. Baxış keçirilən 73 evdən 26-sı qəzalı hesab edilib, 23 evin bərpa-gücləndirməyə ehtiyacı var, 24 ev isə təmir olunacaq.

Prezident İlham Əliyevin zəlzələnin fəsadlarının daha çox qeydə alındığı Şamaxı rayonunda olması sakinlər tərəfindən minnətdarlıqla qarşılanıb. Dövlətimizin başçısı ziyan çəkmiş evlərin sakinləri ilə görüşərək, fəsadların aradan qaldırılması ilə bağlı müvafiq qurumlara konkret tapşırıqlar verib.

Zərərçəkmiş Şamaxı sakinləri dövlətimizin başçısının onlarla görüşüb söhbət etməsini, dərdlərini dinləməsini yüksək dəyərləndiriblər.

İlk həmsöhbətimiz Mailə Quliyeva oldu. O, Vidadi Məmmədovun adını daşıyan küçədə 7 nömrəli evin sahibidir. Həyat yoldaşının 19 ildir vəfat etdiyini, evdə himayəyə götürdüyü bacısı nəvəsi ilə birgə qaldığını deyən Mailə Quliyeva bildirib ki, üç qız övladının hamısını köçürüb, ev-eşik sahibi edib: “Mən bu evə gəlin köçmüşəm, müəyyən şərait yaratmışdım. Fevralın 5-də gecə televizora baxırdım. Gördüm ki, ev silkələnir, tez uşağı da götürüb həyətə qaçdım. Sağ olsunlar, qonşular da kömək etdilər. Üçotaqlı evimin bir otağının divarı uçdu, digər otaqlarda isə çatlar yaranıb. Dam da yararsız hala düşüb”.

Prezident İlham Əliyevin rayona gələrək zəlzələdən zərərçəkənlərlə görüşünün onlarda böyük ümid yaratdığını bildirən Mailə Quliyeva deyib: “Sağ olsun Prezidentimiz, zəlzələdən sonra Şamaxıya gələrək bizimlə görüşdü, bizi bu dar gündə tək qoymadı. Həmişə olduğu kimi, belə ağır gündə də yanımızda oldu, bizə kömək göstəriləcəyini dedi. Allah ona cansağlığı versin”.

Vüqar Teyfurovun da yaşadığı ev zəlzələdən zərər çəkib. Səttar Bəhlulzadə küçəsi, ev 10-da yaşayan Vüqar Teyfurov deyir: “Fevralın 5-i gecə 12 radələri idi. Evdə oturmuşduq. Birinci təkanı hiss etdikdə tez küçəyə çıxdıq. Təxminən 5 dəqiqə sonra ikinci təkan oldu. Evimin divarı da bu təkandan sonra uçdu”.

Aidiyyəti orqanlar digər zərərçəkənlər kimi, onun evinə də baxış keçirib. “Sağ olsun dövlətimiz, gəldilər baxış keçirdilər, qeydiyyata aldılar, ev tam qəzalı vəziyyətdədir. Prezidentimiz də bu gün buraya gəldi, bizimlə görüşdü. Dövlətimizin başçısı görüşdə bildirdi ki, qəzalı evlərin hamısı qısa müddətdə təmir olunacaq, ya da yenidən tikiləcək. Biz sakinlər üçün bu ağır günlərdə bundan yaxşı söz ola bilməzdi. Sağ olsun Prezidentimiz, hər zaman yanımızdadır, ölkə vətəndaşlarına qayğı ilə yanaşır”.

Şamaxıda tarixən dağıdıcı zəlzələlərin çox olduğunu deyən Bizlan kənd sakini Tofiq Məmmədovun da evinə zərər dəyib: “Yeraltı təkanlar hamı kimi, məni də çox qorxutdu. Xoşbəxtlikdən ölüm olmadı. Lakin bir çoxları kimi mənim də evimə zərər dəydi, çatlar yarandı”.

Tofiq Məmmədov bildirib ki, zəlzələ baş verən gecənin səhəri dövlət qurumlarının əməkdaşlarının insanlarla görüşməsi, onların qayğısına qalması belə bir ağır gündə onlarda qürur hissi yaşadıb. “Hiss etdik ki, tək deyilik. Dövlətimiz, Prezidentimiz yanımızdadır. Dövlətimizin başçısı həqiqətən də hər bir azərbaycanlının Prezidenti olduğunu göstərdi. Həm yaxşı, həm də ağır günümüzdə bizimlə bir yerdədir. Allah ondan razı olsun”.

Qeyd edək ki, hazırda Fövqəladə Hallar Nazirliyi və rayon fövqəladə hallar komissiyası tərəfindən 10 qrup yaradılıb. Əməkdaşlar zəlzələ zamanı zərər çəkmiş evlərə baxış keçirir, ziyanın miqyasını öyrənirlər.