YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dilarə Cəbrayılova: Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasəti bir çox ölkələr üçün nümunədir

“Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasəti bir çox ölkələr üçün nümunədir. Ölkəmizdə Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir, bu istiqamətdə ardıcıl tədbirlər görülür, əhəmiyyətli nəticələr əldə edilir”. Bu fikirləri Milli Məclisin deputatı Dilarə Cəbrayılova  deyib.

Onun sözlərinə görə, hər il 2 fevral – Gənclər Günü Azərbaycan gəncliyi tərəfindən böyük coşqu və ruh yüksəkliyi ilə qeyd edilir: “Məlum olduğu kimi, Ulu öndər Heydər Əliyev 1997-ci ildə “2 fevral – Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral Azərbaycanda Gənclər Günü kimi təntənəli şəkildə qeyd olunur. Sevindirici haldır ki, Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təsis olunub”.
“Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə gənclərin forumlarının keçirilməsi, ölkədə gənclər gününün qeyd olunması, gənclərimizin problemlərinin həllinə yönələn Fərman və sərəncamların verilməsi, onların dövlət quruculuğu prosesinə cəlb edilməsi, müvafiq qanunların qəbulu Azərbaycan gəncliyinin inkişafında müstəsna əhəmiyyət kəsb edib. Bu gün Azərbaycanda bütün məsələlərdə gəncliyin marağı nəzərə alınır və gəncliyin potensialından maksimum dərəcədə istifadə olunur”, – deyən D.Cəbrayılova əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasəti gəncliyin gələcəyə ümidlə və optimist baxmasına imkan verir.

Fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakının əhəmiyyətindən danışan millət vəkili bildirib ki, tədbirdə çıxış edən dövlət başçısı gənclərə dəyərli tövsiyələrini verib: “Müstəqillik dövründə yaşamağın gənclər üçün böyük xoşbəxtlik olduğunu vurğulayan dövlətimizin başçısı ölkəmizin hərtərəfli inkişafında gənclərin roluna toxundu, onların cəmiyyətin fəal üzvləri olduğunu dedi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan gəncləri peşəkar olmalı, milli və vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Cənab  Prezident Azərbaycan gənclərinə inandığını və güvəndiyini bəyan edib. Hesab edirəm ki, bu, Azərbaycan gəncliyinə verilən çox yüksək qiymətdir. Gənclərimiz öz əməli fəlaliyyəti, biliyi, intellekti ilə bu etimadı doğrultmalı, dövlətimizin inkişafına töhfələrini verməlidirlər”.

Gəncliyin inkişafı istiqamətində ölkəmizdə mühüm layihələrin həyata keçirildiyini deyən millət vəkili vurğulayıb ki, gənclərin mənzil probleminə diqqətin artırılması, ipoteka şərtlərinin sadələşdirilməsi, gənclər üçün əmək birjalarının təşkil olunması, işsizliyin aradan qaldırılması üçün müxtəlif layihələrin gerçəkləşdirilməsi, gənclərin sağlam həyat tərzi ilə bağlı sosial proqramların həyata keçirilməsi, sağlam gənc nəslin yetişməsi üçün respublikada idman hərəkatının genişləndirilməsi, yeni nəslin dünyagörüşü, mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, cəmiyyətin bütün sahələrində fəal iştirakının təmin edilməsi dövlətin bu sahədə siyasətinin başlıca prioritetlərini təşkil edir.
“Bütövlükdə, dövlət başçısı tərəfindən ölkədə həyata keçirilən gənclər siyasətinin məqsədi gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdir. Yeni mərhələdə dövlət başçısı tərəfindən gerçəkləşdirilən siyasət ən müxtəlif sahələri əhatə etməklə geniş spektrlidir. Bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və digər sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində iştirak edir”, – deyə millət vəkili vurğulayıb.