YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

“Şahdəniz-2” konsorsiumu dənizdə quraşdırma işləri üzrə iri müqavilə imzalamışdır

“Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi üzrə “BOS Shelf LLC”, “Saipem Contracting Netherlands B.V.” və “Star Gulf FZCO” konsorsiumu ilə dənizdə daşıma və quraşdırma işlərinə dair iri müqavilə imzalanmışdır.

“bp-Azərbaycan” şirkətindən bildirmişlər ki, “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihələrinin bir hissəsi olan 1,8 milyard dollarlıq bu müqavilənin imzalanması ötən ilin dekabr ayında yekun investisiya qərarının verilməsindən bu vaxtadək layihələr üzrə bütün sahələrdə böyük irəliləyişin göstəricisidir.

Müqavilənin iş həcminə hər iki dəniz platformasının dayaq bloklarının və üst modullarının, sualtı hasilat sistemlərinin və sualtı konstruksiyaların dənizə daşınması və quraşdırılması işləri daxildir. Müqavilə, həmçinin 360 kilometrdən artıq sualtı boru kəmərinin inşasını, dalğıc dəstək xidmətlərini və üç quraşdırma gəmisinin - “İsrafil Hüseynov” borudüzmə və “Tofiq İsmayılov” dalğıc gəmilərinin, həmçinin “Azərbaycan” kran barjının modernləşdirilməsini də əhatə edir. Bu işlərin 2017-ci ilin sonunadək başa çatdırılacağı gözlənilir.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell demişdir ki, bu, böyük bir müqavilədir və tarixi layihə üçün əlamətdar hadisədir. Bu müqavilə yekun investisiya qərarından bu vaxtadək bağlanmış 13-cü iri müqavilədir. Ümumilikdə, bu vaxtadək bağlanmış, dəyəri təxminən 7 milyard dollar həcmində olan təchizat və xidmət işlərinin əsas hissəsi Azərbaycanın daxilində həyata keçiriləcəkdir.

Q.Birrel bildirmişdir ki, “Şahdəniz-2 və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi kimi nəhəng qaz işlənməsi və ixracı layihələrinin bütün sahələrində müsbət irəliləyiş vardır. Hər iki layihə planlaşdırılmış qrafik üzrə davam edir və artıq Bakı yaxınlığındakı bütün istehsalat və tikinti sahələrində işlərə başlanılmışdır. Bütün bu böyük səylər və fəaliyyətlər bizim 2018-ci ilin sonlarında ilk qaz ixracına başlamaq planlarımızı əsaslandırır.

Bundan əvvəl “Şahdəniz” konsorsiumu Bakı Gəmiqayırma Zavodu ilə bir sualtı tikinti gəmisinin (STG) layihələndirilməsinə və inşasına dair 378 milyon dollar dəyərində müqavilə imzalamışdır. STG Xəzər dənizində modern bir gəmi olacaq və 2017–2027-ci illər arasında 11 il ərzində “Şahdəniz-2 layihəsinin sualtı quraşdırma işlərində istifadə ediləcəkdir. Gəmi 2017-ci ilin aprel ayında istismara təhvil veriləcəkdir.

 

DİGƏR Xəbərlər Arxiv