YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nizami rayon təşkilatı Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə tədbir keçirib

Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Heydər Əliyev adına Neft Emalı Zavodunda tədbir keçirilib.

Əvvəlcə iştirakçılar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Azərbaycanın dövlət himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin neft sənayesinə, xüsusilə də, Neft Emalı Zavoduna diqqət və qayğısından bəhs edən film nümayiş etdirilib.

Filmin nümayişindən sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyətinin müstəsna yeri var: “Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Ulu Öndərin 1993-cü ildə siyasi hakimiyyətə gəlməsi ilə ölkədə iqtisadi, siyasi, hüquqi islahatlar aparıldı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu sahəsində uğurlu addımlar atıldı. Yeni Konstitusiya layihəsi hazırlanaraq referendum yolu ilə qəbul edildi, bazar münasibətlərinə keçidlə bağlı möhkəm qanunvericilik bazası yaradıldı, “Əsrin müqaviləsi” neft kontraktı imzalandı. Milli ordu quruculuğu sahəsində irəliyə doğru mühüm addımlar atıldı. Azərbaycan informasiya blokadasından çıxarıldı. Azərbaycana xarici sərmayənin yatırılması üçün əlverişli biznes mühitinin yaradılması istiqamətində əhəmiyyətli işlər görüldü. Qaçqın və məcburi köçkünlərin yaşayış şəraiti yaxşılaşdırıldı”.

Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru Elman İsmayılov bildirib ki, ömrünü xalqımızın, dövlətimizin inkişafına, tərəqqisinə həsr edən Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın milli maraqlarını daim uca tutub. Ümummilli Lider Azərbaycan dövlətinin, xalqının mənafeyi və bütövlüyü uğrunda, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün fədakarlıqla çalışıb.

Tədbirdə digər çıxış edənlər diqqətə çatdırıblar ki, Ümummilli Lider bu gün aparıcı dünya dövlətlərinin hesablaşdığı Azərbaycan Respublikasının hərtərəfli inkişafının əsasını qoyub. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonda partiyaya yeni üzv qəbul edilənlərə vəsiqələr, partiyanın işində xüsusi fəallığı ilə seçilən bir qrup şəxsə fəxri fərmanlar və diplomlar təqdim edilib.