YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın milli musiqisi və rəqsləri Vaşinqtonun məşhur tarixi məkanlarında təqdim olunub

Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı və ABŞ Milli Park Xidmətinin dəstəyi ilə paytaxt Vaşinqtonun ən məşhur tarixi məkanlarında milli mədəniyyətimizin təqdimatı keçirilib.

Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində ABŞ-ın Bruklində fəaliyyət göstərən My Way mərkəzinin Qafqaz Ritmləri (My Way Center Rhythms of Caucasus NYC) adlı uşaq rəqs qrupu Vaşinqtonun ən populyar turizm mərkəzlərindən olan Tomas Ceferson Memorialının, Vaşinqton Abidəsinin, Linkoln Memorialının və Ağ Evin qarşısında valehedici Azərbaycan milli rəqslərini nümayiş etdiriblər. Amerikanın banilərinin və ölkə tarixində mühüm rol oynamış dövlət xadimlərinin şərəfinə qoyulan abidələr Azərbaycan Demokratik Respublikasına həsr olunmuş musiqili proqramın tərkibi hissəsi olublar. Qeyd edək ki, müxtəlif millətlərin nümayəndələrindən ibarət olan My Way rəqs qrupu ABŞ və dünyanın digər ölkələrində tədbir və festivallarda aktiv iştirak etməklə Azərbaycanın və ümumiyyətlə, Qafqaz mədəniyyətini və musiqisini tanıdır.

Bu ilin aprel ayında Vaşinqton şəhərində qrupun rəhbəri Alyona Bədəlovanın rəhbərliyi ilə ifa olunan rəqslər paytaxtın yüzlərlə ziyarətçiləri tərəfindən maraqla qarşılanıb və alqışlanıb. A.Bədəlova rəqslərin milli mədəniyyətin tərkib hissəsi olaraq xarici ölkələrdə nümayiş etdirilməsinin və Azərbaycan Demokratik Republikasının 100 illik yubileyində qədim mədəniyyətimizin tanınmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Çoxmillətli rəqs qrupunun Azərbaycanın zəngin və inkluziv mədəniyyətini təqdim etməsi bir daha Azərbaycanın açıq tolerant cəmiyyət olduğunu nümayiş etdirib.

İlk olaraq rəqslərin nümayişi məşhur Tomas Ceferson Memorialda başlayıb, sonra Vaşinqton abidəsi və Linkoln Memorialında davam etdirilib. Son olaraq Ağ Evin önündə çıxış edən uşaqlardan ibarət rəqs qrupu “Yallı” və “Azərbaycan” rəqslərini ifa ediblər. “Yallı” ifa olunarkən ətrafda toplaşan çoxsaylı izləyicilər, şəhər sakinləri və turistlər rəqsə və bayram əhval ruhiyyəsinə qoşulublar.

Qeyd edək ki, bu təcrübə Vaşinqtonda bir ilkə imza atıb. Milli Mədəniyyətimizin bu cür təqdimatı sosial şəbəkələrdə böyük maraq və əks-səda doğurub.