YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Serbiya Respublikasının sabiq Prezidenti: Ümid edirəm ki, azərbaycanlılar İlham Əliyevə etimad göstərəcəklər

Bu fikri Serbiya Respublikasının sabiq Prezidenti , hazırda Rusiya və Çinlə əməkdaşlığın əlaqələndirilməsi üzrə Milli Şuranın rəhbəri vəzifəsində çalışan Tomislav Nikoliç Serbiyanın nüfuzlu “Danas” qəzetinə müsahibəsində ifadə edib

Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərinə beynəlxalq miqyasda böyük maraq var. Ayrı-ayrı xarici ölkələrin nüfuzlu nəşrlərində dərc edilən məqalələrdən, təhlil yazılarından aydın görünür ki, respublikamızda  qarşıdan gələn prezident seçkiləri ilə bağlı müvafiq qurumlar tərəfindən aparılan hazırlıq işləri böyük maraqla izlənilir. Bütövlükdə, bəhs olunan məqalələrdə respublikamızda mövcud olan seçkiöncəsi demokratik mühit, Mərkəzi Seçki Komissiyasında qeydə alınan namizədlərin bərabər əsaslarla fəal təbliğat-təşviqat kampaniyası aparmaları, yerli və xarici müşahidəçi missiyalarının fəaliyyətinə əlverişli şərait yaradılması yüksək dəyərləndirilir.

2012-2017-ci illərdə Serbiya Respublikasının Prezidenti olmuş, hazırda isə Rusiya və Çinlə əməkdaşlığın əlaqələndirilməsi üzrə Milli Şuranın rəhbəri vəzifəsində çalışan Tomislav Nikoliçin Serbiyanın nüfuzlu, geniş oxucu auditoriyasına malik “Danas” qəzetinə müsahibəsində də Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı maraqlı məqamlar yer alıb. Qəzetin 22 mart 2018-ci il tarixli sayında dərc edilən yazı oxuculara “Ümid edirəm ki, azərbaycanlılar İlham Əliyevə etimad göstərəcəklər” sərlövhəsi ilə təqdim olunub. Müsahibə həmçinin geniş şəkildə qəzetin internet səhifəsində yerləşdirilib. (https://www.danas.rs/ svet/nikolic-nadam-se-da-cenarod-u-azerbeydzanu-pokloniti-poverenje-aliyevu/).

Genişhəcmli müsahibəsində Serbiya Prezidenti vəzifəsindən getdikdən sonra dünyada və dost ölkələrdə, o cümlədən də Azərbaycanda baş verən hadisələri diqqətlə izlədiyini bildirən Tomislav Nikoliç 2013-cü ilin fevralında Azərbaycana rəsmi səfərini, həmçinin 2015-ci ildə Bakıda keçirilən birinci Avropa Oyunlarının açılış mərasimi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü və söhbətlərini unudulmaz xatirələrlə yad etdiyini nəzərə çatdırıb. Serbiyanın sabiq dövlət başçısı Azərbaycan Prezidentinin onda uzaqgörən və müdrik siyasətçi təsiri bağışladığını söyləyib. Jurnalist P. Zvezdariçin suallarını cavablandıran Tomislav Nikoliç fikirlərinə davam edərək vurğulayıb: “Ümid edirəm ki, qədirbilən Azərbaycan xalqı Prezident İlham Əliyevə etimad göstərəcəkdir. Bu gün dünyada elə bir vaxt yetişib ki, xalqlar öz əməlləri ilə özünü təsdiq edən və öz xalqına bağlılığını göstərən şəxslərə səs verirlər. Azərbaycanın uğurları İlham Əliyevin müdrik və ağıllı siyasətinin nəticəsidir. Fürsətdən istifadə edərək, Prezident İlham Əliyevə səmimi qəlbdən uğurlar və dost Azərbaycan xalqına rifah arzulayıram”. 

 Müsahibədə Serbiyanın qədim İpək Yolu üzərində yerləşən Azərbaycanla əməkdaşlığının önəmi də xüsusi vurğulanıb. Tomislav Nikoliç müəllifin “Siz Çin tərəfindən irəli sürülmüş “Bir kəmər, bir yol” layihəsini qeyd etdiniz. Serbiya qədim İpək Yolu üzərində yerləşən daha hansı ölkələrlə sıx əməkdaşlıq edə bilər?” sualına belə cavab verib: “Bir kəmər, bir yol” təşəbbüsü Çin Prezidenti Si Szinpin tərəfindən irəli sürülmüşdür. Təşəbbüsə Asiya, Afrika və Avropanın onlarca ölkəsi cəlb olunub. Xatırladım ki, Çin regionda neçə əsrlər boyu hamıya məlum olan İpək Yolu vasitəsilə əməkdaşlıq etmişdir. Hazırda bizim yenidən Çinlə əlavə əlaqə qurmaq və bu əməkdaşlığın potensialından istifadə etmək imkanımız var. Mart ayının ortalarında Azərbaycan Serbiyadan olan deputatların da iştirak etdiyi İpək Yolu boyunca iqtisadi əməkdaşlığın və mədəni əlaqələrin möhkəmlənməsində parlamentarilərin rolu mövzusunda beynəlxalq konfransa ev sahibliyi etmişdir. Bu, bizim İpək Yolunun inkişafına birgə fəal töhfəmizdən xəbər verir.

Serbiyanın İpək Yolu üzərində sıx əməkdaşlıq edə biləcəyi ölkələrə gəlincə, xüsusilə Azərbaycanı qeyd etmək istərdim. Azərbaycan Çinlə birlikdə Serbiyada infrastruktur layihələrində iştirak edir. 11-ci dəhliz layihəsinin Lyiq-Prelyina hissəsini Azərbaycanın AzVirt şirkəti tikmişdir. Görülən işlərin keyfiyyəti AzVirtin ölkəmizdə fəaliyyətini davam etdirməsində Serbiya hökumətini maraqlı edən səbəbdir. Artıq bu günlərdə bizim azərbaycanlı və çinli tərəfdaşlarımız Serbiya üçün mühüm əhəmiyyət kəsb edən daha bir vacib layihənin həyata keçirilməsinə başlayacaqlar. Serbiya ikitərəfli qaydada Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsinin tərəfdarıdır - xüsusilə də Azərbaycanın Serbiyada özəlləşdirmə prosesində daha yaxından iştirakında və Serbiya iqtisadiyyatına iri sərmayə qoyuluşunda”.

Müsahibədə Serbiya ilə Azərbaycan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərindən də bəhs edilib. Tomislav Nikoliç Serbiyanın suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin  toxunulmazlığının dəstəklənməsi ilə bağlı Azərbaycanın prinsipial mövqeyinin ölkəsində yüksək dəyərləndirildiyini xüsusi olaraq vurğulayıb. Tomislav Nikoliç Serbiya və Azərbaycan arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamənin onun prezidentliyi dövründə imzalandığını da xatırladıb. “Bu sənəd 2013-cü ildə mənim Azərbaycana rəsmi səfərim zamanı imzalanmışdır. Bu günlərdə həmin Bəyannamənin imzalanmasının beş ili tamam olmuşdur. Bu münasibətlə dostum və qardaşım, Azərbaycan Prezidenti cənab İlham Əliyevi təbrik edirəm,” - deyə Serbiyanın sabiq dövlət başçısı Tomislav Nikoliç qeyd edib.