YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük Britaniya parlamentində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Azərbaycanın Böyük Britaniyadakı səfirliyi və Avropa Azərbaycan Cəmiyyətinin birgə təşkilatçılığı ilə Böyük Britaniya parlamentində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib.

Mərasimdə Azərbaycan və türk diasporunun üzvləri, ziyalılar, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

Azərbaycan və Böyük Britaniya parlamentlərarası dostluq qrupunun həmsədri Bob Bləkmən tədbiri açaraq faciə haqqında qonaqlara məlumat verib. Bildirib ki, bu hadisələr, hər şeydən əvvəl, Azərbaycan xalqının milli oyanışından, azadlıq və müstəqillik mücadiləsindən xəbər verən tarixi bir gerçəklik idi. O, həmçinin bəşəriyyətə qarşı cinayət kimi tarixə düşən bu hadisənin bütün beynəlxalq hüquq və normalara zidd olduğunu vurğulayıb. B.Bləkman qeyd edib ki, həmin gecə əliyalın xalqa tanklardan və zirehli hərbi maşınlardan, avtomat və pulemyotlardan atəş açılıb, günahsız insanlar gülləboran edilib, dinc əhali amansızcasına qətliama məruz qalıb. Hətta yaralıları daşıyan təcili tibbi yardım maşınları da atəşə tutulub. Beləliklə, bu hadisə həm də insanlığa qarşı cinayətdir.

Azərbaycan ilə Böyük Britaniya arasındakı dostluq münasibətlərinə də toxunan deputat, əlaqələrin ildən-ilə daha da möhkəmlənməsinin hər iki ölkə üçün mühüm əhəmiyyətə malik olduğunu bildirib.

Sonra çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə faciənin dəhşətləri haqqında danışaraq qeyd edib ki, bu hadisələrdən dərhal sonra ümummilli lider Heydər Əliyev həyatına olan təhlükəyə baxmayaraq, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlib və dünya ölkələrinin mətbuat orqanlarının nümayəndələri qarşısında faciəni törədənləri kəskin tənqid edib. Səfir, yüz minlərlə insanın sovet rejiminin ədalətsiz və riyakar münasibətinə etiraz olaraq küçələrə çıxmasını, haqq səsini ucaltmasını 70 illik imperiyanın canına qorxu saldığını vurğulayıb. Məhz buna görə respublikanın o zamankı hakimiyyətinin səriştəsizliyindən istifadə edən mərkəzi hakimiyyət 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə sovet ordusunun Bakıda yerləşdirilmiş qüvvələri ilə kifayətlənməyərək, əlavə qüvvələr cəlb etməklə Azərbaycana hərbi müdaxilə edib. Bu hadisələrə yalnız ulu öndər Heydər Əliyev Azərbaycana hakimiyyətə gələndən sonra düzgün siyasi-hüquqi qiymət verilib, 20 Yanvar faciəsi dünya ictimaiyyətinə olduğu kimi çatdırılıb.

Mərasimdə şəhidlərimizin əziz xatirəsinə tarda ifalar səsləndirilib, ehsan süfrəsi açılıb.