YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: Qazaxıstanda Azərbaycan kapitallı 800-dən çox şirkət fəaliyyət göstərir

Azərbaycanda Qazaxıstan kapitallı 70-dən çox, Qazaxıstanda isə 800-dən çox Azərbaycan şirkəti fəaliyyət göstərir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Qazaxıstanın energetika naziri Kanat Bozumbayevlə görüşündə deyib.

Nazir Şahin Mustafayev dövlət başçılarının siyasi iradəsi sayəsində Azərbaycan və Qazaxıstan arasında siyasi-iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. İqtisadiyyat naziri diqqətə çatdırıb ki, ölkələrimiz arasında ticarət dövriyyəsində artım müşahidə olunur. Bununla belə, potensial daha böyükdür və bundan səmərəli istifadə olunmalıdır. Energetika sahəsində də Qazaxıstanla əlaqələrin genişləndirilməsinə önəm verilir. Azərbaycanda Qazaxıstan kapitallı 70-dən çox, Qazaxıstanda isə 800-dən çox Azərbaycan şirkəti fəaliyyət göstərir. Azərbaycanın Aktauda Logistik Mərkəzi var və ölkəmiz xarici tərəfdaşları ilə görüşlərində bu mərkəzdən istifadəni təşviq edir.

İqtisadiyyat naziri Şahin Mustafayev nəqliyyat, tranzit və yükdaşımalar sahəsində əməkdaşlıq imkanlarının böyük olduğunu qeyd edərək, limanlar arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, Bakı-Tbilisi-Qars dəmir yolunun, “Şimal-Cənub” nəqliyyat dəhlizinin potensialını diqqətə çatdırıb.

Qazaxıstanlı investorları Azərbaycanda yaradılmış sənaye parklarına və aqroparklara dəvət edən Şahin Mustafayev investorlar üçün əlverişli güzəştlərin nəzərdə tutulduğunu vurğulayıb.

Qazaxıstanın energetika naziri Kanat Bozumbayev ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi perspektivlərini qeyd edib, əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb. Kanat Bozumbayev ticarət əlaqələrinin inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb, tranzit və yükdaşımalar, kənd təsərrüfatı, qarşılıqlı investisiya qoyuluşu sahələrində əməkdaşlıq imkanlarını diqqətə çatdırıb. Qeyd olunub ki, maşınqayırma sahəsində hər iki ölkənin iş adamlarının iştirakı ilə görüşlərin təşkili əhəmiyyətlidir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.