YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Qeyri-rəsmi məşğulluq əhalinin sosial hüquqlarının pozulmasına yol açır

Qeyri-rəsmi məşğulluq əhalinin sosial hüquqlarının pozulmasına yol açır və bu halların aradan qaldırılması üçün prioritetlər müəyyənləşdirilib.

Bunu Azərbaycan Respublikası Baş nazirinin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov qeyri-rəsmi məşğulluqla bağlı Nazirlər Kabinetində keçirdiyi brifinqdə deyib.

Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması istiqamətində bir sıra tədbirlər həyata keçirildiyini bildirən Əli Əhmədov qeyd edib ki, bununla bağlı müvafiq layihələr hazırlanıb, sahibkarlarla görüşlər təşkil edilib və onlar arasında əmək münasibətlərinin tənzimlənməsinə dair maarifləndirmə işləri aparılıb.

Məlumat verilib ki, 2003-cü ildən indiyədək təxminən 1,9 milyon iş yeri yaradılıb. 2000-ci ildə yoxsulluq səviyyəsi təqribən 50 faiz təşkil edirdisə, hazırda bu rəqəm 4-5 faizədək azalıb. Bu çox böyük nailiyyətdir. Yeni iş yerlərinin yaradılması rəsmi məşğulluğun daha da artmasında mühüm rol oynayır.

Baş nazirin müavini diqqətə çatdırıb ki, Azərbaycanda iş qabiliyyəti olan əhalinin sayı təxminən 5 milyon nəfər təşkil edir, bunun da təxminən 4,7 milyon nəfəri hazırda məşğul əhalidir. Onların təxminən 1,5 milyon nəfəri muzdla işləyir, 1,7 milyon nəfər isə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir. Yerdə qalan əhali isə əmək fəaliyyəti ilə qeyri-rəsmi formada məşğuldur.

“Rəsmi məşğul olan, vaxtlı-vaxtında vergisini ödəyən, Dövlət Sosial Müdafiə Fonduna ödənişləri həyata keçirən təxminən 1,5 milyon əhalinin 800 mindən çox hissəsi dövlət sektorunda, qalanları isə qeyri-dövlət sektorunda çalışır. Qeyri-rəsmi əmək fəaliyyəti ilə məşğul olanların böyük bir hissəsi vergidən yayınır, Dövlət Sosial Müdafiə Fonduna ödənişlərini etmir. Bu da gələcəkdə onların pensiya almalarına ciddi əngəl törədir. Həmçinin “qara mühasibatlıq” deyilən bir anlayışın da mövcudluğuna şərait yaranır”, - deyə Ə.Əhmədov vurğulayıb.

Baş nazirin müavini bildirib ki, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması ilə bağlı qarşıda üç prioritet məsələ dayanır. Bunlardan birincisi əhalinin məşğulluğunu təmin etmək, ikincisi, onların hüquqlarının müdafiəsi, üçüncü prioritet məsələ isə qeyri-rəsmi məşğulluqdan rəsmi məşğulluğa keçid etməkdir. “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı rəylər əsasında yenilənmiş Tədbirlər Planı” layihəsinin təsdiqlənməsi ilə qanunvericiliyin təkmilləşdirilməsi, hüquqi bazanın yaradılması məsələləri ortaya çıxır. Əgər qanunverici aktlarda boşluqlar varsa, bunlar aradan qaldırılmalıdır. İşəgötürən şəxslər məhz bu boşluqlardan istifadə edərək qeyri-məşğulluq yaradır. Bunun qarşısını almaq üçün inzibati və cərimə mexanizmləri mövcuddur.

Dünyanın bir çox ölkələrində, o cümlədən Avropa ölkələrində qeyri-rəsmi məşğulluqla ciddi mübarizə aparılır. Bu barədə danışan Ə.Əhmədov deyib: “Biz onların təcrübəsindən yararlanırıq. Bununla bağlı hüquqi aktlar təkmilləşdirilməli, normativ baza yaradılmalı, təbliğat və nəzarət mexanizmləri işə salınmalıdır. Artıq bu istiqamətdə işlər görülür. 2021-ci ilədək sahibkarlıq sahəsində yoxlamalar aparılması dayandırılıb. Buna görə də bir çox iş yerlərində qeyri-rəsmi məşğulluqla bağlı araşdırmaların həyata keçirilməsi çətinləşib. Ancaq bütün bunlara baxmayaraq, biz monitorinqlər və digər nəzarət mexanizmləri vasitəsilə qeyri-rəsmi məşğulluq fəaliyyəti göstərən iş yerlərini araşdırıb üzə çıxarır, bu barədə müvafiq tədbirlər həyata keçirir, təbliğat aparırıq. Bu işdə mətbuat orqanlarının köməyi də xüsusi rol oynayır”.

Əli Əhmədov vurğulayıb ki, hazırda ticarət və xidmət sahələrində qeyri-rəsmi məşğulluğa daha çox rast gəlinir. Bu da əhalinin sosial hüquqlarının qorunmasını çətinləşdirir, vergidən yayınma hallarına yol açır, əmək münasibətlərinin tənzimlənməsinə maneçilik törədir.

Daha sonra Əli Əhmədov bildirib ki, Azərbaycan Hökuməti qeyri-rəsmi məşğulluqla bağlı bir sıra ölkələrin, o cümlədən Türkiyənin təcrübəsindən yararlanır, onlarla qarşılıqlı fikir mübadiləsi aparılır. Bu istiqamətdə Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq da mövcuddur.